Ermənistanın sabiq prezidenti Serj Sarkisyan özünü buraxmış qondarma “Artsax”ın “rəhbəri” Samvel Şahramanyanla görüşüb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qəzet yazır ki, Samvel Şahramanyan və komandasının “Armenia Marriot” otelində keçirilən görüşdən sonra Ermənistan hakimiyyətinin separatçı rejim təmsilçilərinə qarşı təzyiqi güclənib. Paşinyan hakimiyyətinə demarş edən Samvel Şahramanyan tanınmamış “DQR”in “mühacirət hökuməti”ni yaratdığını elan edərək “mübarizələrini” “hüquqi müstəvidə” aparacaqlarını qeyd etmişdi.
Erməni nəşrinin mənbələrinin verdiyi məlumata görə, ötən gün müxalif “Respublikaçılar” Partiyasının sədri Serj Sarkisyanla keçirilən görüşdə də tərəflər bu mövzu ətrafında müzakirə aparıblar.
KİV bildirir ki, S. Şahramanyanla görüş təklifi S.Sarkisyan tərəfindən gəlib:
“Eks-prezident S. Şahramanyanla görüşdə maraqlı olduğunu dilə gətirib və onu dinləmək istədiyini vurğulayıb. Qapalı keçirilən görüşdə hansı mövzuların müzakirə edildiyi isə bildirilməyib. Lakin görünən odur ki, Ermənistan müxalifəti hakimiyyətə qarşı sonuncu kartından istifadə etməyə meyllidir”, – deyə məlumatda qeyd olunub.
Nəşr vurğulayıb ki, hazırda Qarabağdan köçən insanlar Ermənistanda ciddi narazı elektorat hesab olunur. Paşinyanı devirmək istəyən radikal müxalif qüvvələrin bu təbəqə ilə maraqlanması təsadüfi deyil. Paşinyan əleyhdarları iqtidar tərəfindən aldadılmış Qarabağ ermənilərinin dəstəyindən istifadə edərək, böyük anti-hakimiyyət koalisiyası yaratmağa hazırlaşırlar. Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın da təmsil olunacağı koalisiyanın İrəvanda sükutu pozmağa iddialı olduğu bildirilir. Ermənistanda küçə döyüşlərinin yenidən başlayacağı gözlənilir.
Siyasi analitiklər sözügedən qüvvələrin bir araya gəlməsinin təsasüfi olmadığını düşünürlər. Onların fikrincə, “düymə”ni Kreml basıb.