Ermənistan Respublikası beynəlxalq təcrübəni, o cümlədən İsveçrə modelini nəzərə alaraq, orduda islahatlar aparacaq. Bunu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib. “Biz 24 günlük təlim-məşq toplanışı mexanizmini təqdim etmişik. Müəyyən mənada onun məqsədlərindən biri də İsveçrə modeli istiqamətində irəliləməkdir”, – ölkə rəhbəri deyib. Onun sözlərinə görə, bu mexanizm sayəsində ehtiyatda olanlar və səfərbərlik resursu vaxtaşırı təlim-məşq toplanışlarında iştirak edərək, lazımi hərbi vərdişlərə yiyələnəcək. “Ermənistan silahlı qüvvələrində beynəlxalq təcrübə nəzərə alınmaqla genişmiqyaslı islahatlar aparılır”, – Paşinyan bildirib. Baş nazir hərbi qulluqçuların maaşlarının artırılacağını da açıqlayıb. Bunun üçün hərbçilər attestasiyadan uğurla keçməlidirlər. “Biz əmin olmaq istəyirik ki, dövlətin təhlükəsizliyini qorumaq məsuliyyətini çiyinlərinə götürən hərbçilərimiz bu yükü layiqincə daşıya biləcəklər”, – deyə siyasətçi yekunlaşdırıb. Məlumdur ki, İsveçrə Silahlı Qüvvələri çağırışçılar, müqavilə ilə qulluq edənlər və könüllülərdən ibarətdir. Səhhəti imkan verən və yaşı 18-dən 30-a qədər olan bütün kişilər hərbi xidmət keçməlidirlər. Ümumilikdə hərbi xidmət 260 gündür və bu müddət 10 ilə bölünüb. İlkin hərbi hazırlığı başa vurduqdan sonra ehtiyata buraxılanlar iki ildən bir üç həftəlik təlimə çağırılırlar. Maraqlıdır, İsveçrə modeli əsasında qurulan erməni ordusu nə deməkdir? Bu tip silahlı qüvvələr nə dərəcədə döyüşə hazırlıqlı hesab edilə bilər? Bu yenilik Ermənistan ordusunu həlledici şəkildə dəyişməyə qadirdirmi? Tanınmış hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı Azad İsazadə bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb. Onun sözlərinə görə, İsveçrə ordusu modeli işləkdir, kifayət qədər praqmatikdir və yaxşı təşkil olunub. Lakin nəzərə almalıyıq ki, İsveçrə artıq 200 ildir heç kimlə müharibə aparmayıb və müvafiq olaraq bu model ən azı onilliklər ərzində qurulub. “Ona görə də bu, özlüyündə bu model çox mürəkkəbdir, ona dərhal keçmək olduqca çətindir. Bənzər bir model Estoniya ordusunda da mövcuddur – orada demək olar ki, bütün kişi əhalisi ehtiyatdadır. Həmçinin, İsraildə də oxşar, lakin bir qədər fərqli model istifadə olunur – burada bütün əhali – ehtiyatda olan həm kişilər, həm də qadınlar təlim keçir, şəxsi silahlara malikdir və s. Hazırda Ermənistanla bağlı mövcud vəziyyəti götürsək, düşünürəm ki, bu, yaxın gələcəkdə praktiki tətbiqi olmayacaq gözəl təbliğat addımı olacaq. Birincisi, orada fərqli səviyyəli zabit hazırlığı lazımdır. İkincisi, belə bir orduya keçməzdən əvvəl həm qanunvericiliyə, həm də nomenklatura sənədlərinə dəyişiklik etmək lazımdır. Bütün səfərbərlik prinsipi, çağırışın təşkili dəyişir – çağırış müqavilə prinsipi ilə əvəzlənir və s.” – deyə ekspert bildirib. O, hesab edir ki, yaxın onilliklərdə Ermənistan İsveçrə modeli adlandırdığımız modelin ən azı ilkin mərhələsinə belə, keçə bilməyəcək. “Vaxtilə Gürcüstan da çağırışdan tamamilə imtina etdi, müqaviləli orduya keçdi, kiçik, lakin çox çevik ordu yaratmağa çalışdı. Lakin təəssüf ki, bu prosesi başa çatdırıla bilmədilər və 2008-ci ilin avqust müharibəsi göstərdi ki, bu kiçik, çevik, peşəkar ordu adi çağırışçılardan təşkil olunan rus ordusunun zərbəsinə tab gətirə bilmir. Baxmayaraq ki, orada da müqavilə ilə qulluq edən hissələri var idi”, – İsazadə deyir. Onun fikrincə, Ermənistanın hazırkı niyyətində pis və ya dəhşətli heç nə yoxdur, çünki başa düşməliyik ki, İsrail modeli kimi İsveçrə modeli də müdafiə doktrinasına əsaslanır. “Bəli, onlar hücum da edə bilərlər, ancaq öz ərazilərini qorumaq üçün. Yəni Azərbaycan üçün Ermənistandakı belə bir ordu təhlükə yaratmayacaq, çünki onun sayı çox ola bilməz – bu, çox bahalı işdir. Azərbaycanın Ermənistana hücum etmək niyyəti isə yoxdur və yaxın gələcəkdə də olmayacaq – əgər Ermənistan təxribat törətməsə. Ona görə də, nə istəyirlərsə, etsinlər, əgər bacarırlarsa, qoy yaratsınlar. Təbii ki, onların cəmiyyətində Ermənistanın müdafiə qabiliyyətinin olmaması, ərazilərini müdafiə edə bilməyəcəkləri və s. ilə bağlı güclü təşviş və qorxu var, ona görə də indi tələskən şəkildə hansısa modellər axtarırlar. Amma istənilən model üçün ilk növbədə motivasiya faktoru lazımdır ki, cəmiyyət ordu qurub, müdafiəyə, döyüşməyə hazır olsun. 2020-ci il müharibəsindən sonra isə görürük ki, kiçik bir hissəsi istisna olmaqla, Ermənistan cəmiyyəti müharibə istəmir və səfərbərliyə hazır deyil. Müşahidə edəcəyik. Çox güman ki, bu, hansısa reklam təbliğatı ilə yekunlaşacaq, amma reallıqda ciddi bir şey olmayacaq. Sadəcə olaraq, bu sistemin nə qədər mürəkkəb olduğuna baxaq – Azərbaycan axı bu sistemə keçmədi, baxmayaraq ki, bizdə də peşəkar bölmələr, o cümlədən xüsusi təyinatlı bölmələr var. Qeyd edim ki, 30 ildir biz NATO standartlarına keçdiyimizi deyirik. Və biz bu sistemə keçdik, lakin bu gün də bu problemi tam həll etdiyimizi deyə bilmərik. Əsas silah növləri baxımından, əməliyyat-taktiki göstəricilər baxımından, hazırlıq səviyyəsi baxımından NATO standartları böyük rol oynayır. Lakin bizim buna tam keçməyimiz bəlkə də tam məqsədəuyğun deyildi. Biz çağırışdan imtina etməmişik. Lakin əsas zərbə qüvvəmiz müqavilə ilə qulluq edən hərbçilər və peşəkarlardır”, – deyə ekspert yekunlaşdırıb. Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az Təqdim etdi: