“Nə qədər qənaətlə xərcləsən də, çatdırmaq olmur”
İmişlidə yaşayan, dörd nəfərdən ibarət Həsənovlar ailəsindən iki nəfər yaşlılığa görə pensiya alır.
Bəs dövlətdən aldıqları pulu aidiyyatı üzrə xərcləyə bilirlərmi?
“İki aya nəvəmiz olacaq. Yoldaşım 290, mən 240 manat pensiya alıram. Oğlum marketdə işləyir, maaşı 350 manatdır, gəlinim isə ingilis dili müəllimliyini bitirib, hələ imtahan verə bilməyib, hamilədir”, – Gültəkin Həsənova deyir.
Bildirir ki, yoldaşı ilə ikisinin pensiyası birgə heç altı yüz manata çatmır. Üstəlik, aldıqları pulla həkimə gedə, dərman ala bilmirlər. İldə bir-iki günlük dincəlmək isə ümumiyyətlə, onlar üçün əlçatmazdır:
“Pensiyaya çıxmadan öncə vəziyyət daha pis idi. Yoldaşım işləyirdi, 300 manat alırdı, həmin vaxt uşaq da işləmirdi. Həmişə düşünürdüm ki, evimizə 600-700 manat girsə, yaxşı dolanarıq. İndi aylıq pulumuz arzuladığım məbləğdən çoxdur. Gəlin də evdə qonşu uşaqların dərslərinə kömək edir, ayda 200 manatadək də o alır. Amma di gəl ki, heç nəyimizə çatmır”.
Gültəkin Həsənova deyir ki, qışda qazı limitdən artıq işlədirlər, aya 50-60 manat tutur. Elektrikə də hər ay hardasa 35-40 manat verirlər. Su isə yayda 5-6 manat, indi 2-3 manata başa gəlir.
“Bir baxın, mal ətinin qiyməti 14, qoyun əti 17-19 manat civarındadır. Nə qədər qənaətlə xərcləsən də, çatdırmaq olmur, iki aya körpə də gəlir, onun bezi, ehtiyacları da üstünə gələcək. Bir sözlə, bizim pensiyamız evin xərclərinə, nə bilim, ərzağa, kommunala gedir, özümüzə bir qəpik qalmır. Əvvəl 500 manata bir ailə dolanırdı, indi artan qiymətlərlə mümkün deyil”.
Bu yaxınlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqladı ki, Azərbaycanda median pensiya 360 manata çatıb.
İqtisadçı Rövşən Ağayev deyir ki, bu, o deməkdir ki, hazırda pensiya alan 1,1 milyon nəfər insanın tam yarısı, təxminən 550 min nəfərinin aylıq pensiyası 360 manatın aşağısında, yerdə qalan yarısının da aldığı məbləğ bu rəqəmin üzərindədir.
“Baku Research İnstitute”nun araşdırmasına görə, Azərbaycanda orta pensiya məbləği 372.13 manatdır.
Lakin Azərbaycanın demək olar, bütün bölgələrində pensiya məbləği median pensiyadan aşağıdır.
Orta aylıq pensiyanın median pensiyaya baxanda yüksək olduğu yeganə inzibati şəhər Bakıdır – 139.55 manat çoxdur.
Məsələn, orta aylıq pensiyanın median pensiyadan ən aşağı olan inzibati rayon Sabirabaddır. Yəni burada insanlar 372.13 manatdan 97.84 manat daha aşağı pensiya alırlar.
İmişli təqaüdçülərinin aldığı məbləğ orta aylıq pensiya məbləğindən 63.04, Füzulidə 46.29, Cəbrayılda 55.16, Salyanda 58.20, Xızıda 58.44, Şabranda 50.76, Zaqatalada 60.46, Astarada 60.27, Lənkəranda 55.52, Qazaxda 55.85 manat aşağıdır.
Hər yeni ilin əvvəlində Azərbaycanda pensiyalar ötən il ərzində ölkədə orta aylıq əməkhaqqı məbləğindəki artım məbləğində indeksləşdirilir. Yəni öncəki il ölkədə orta aylıq maaş neçə faiz artıbsa, pensiyalar da o qədər artırılır.
Azərbaycanda orta pensiya müddəti 12 il olaraq götürülür. Yəni hökumət düşünür ki, bir pensiyaçı ortalama 12 il müavinət alacaq.
Meydan TV
Səhifəmiz hamnın üzünə açıqdı