Mərkəzi Seçki Komissiyası (MSK) 7 fevral tarixli prezident seçkisində mübarizə aparacaq namizədlərin seçki fondunun gəlir və xərclərinə dair ikinci maliyyə hesabatını açıqlayıb.
Modern.az-ın MSK-dan əldə etdiyi məlumata görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin seçki fondunun gəlirləri 720 200 manat, xərcləri 481 776,42 manat təşkil edib.
İlham Əliyevin seçki fondunun gəlirləri fiziki və hüquqi şəslərin ianəsinin (170 200+300 000 manat), siyasi partiyanın (YAP) vəsaiti (250 000 manat) hesabına formalaşıb.
İlham Əliyevin seçki fondunun xərcləri 481 776,42 manat təşkil edib. Bu vəsait seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə xərclənib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun seçki fondunun gəliri 43 min manat təşkil edib.
Bundan 8000 manat seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə xərclənib.
35 min manat isə seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə yönəldilib.
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayevin seçki fondunun gəlirləri 3000 manat olub ki, bu da fiziki şəxslərin könüllü ianəsindən formalaşıb.
Razi Nurullayev həmin vəsaitin 2999,33 manatını seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə xərcləyib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyevin seçki fondunun 30 min manat gəliri olub ki, bunun da 10 min manatını onun özü ayırıb, 20 min manat isə fiziki şəxslərin inanəsindən yığılıb.
Qüdrət Həsənquliyev hələ ki seçki məsələlərinə 15 min manat xərcləyib. Bu vəsait seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə sərf olunub.
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafanın seçki fonunun gəlirləri 61400 manat təşkil edib. Bunun 11 min manatını özü ayırıb, 400 manatı fiziki şəxslərin ianəsindən toplanıb, 50 min manat isə siyasi partiyanın vəsaiti hesabına formalaşıb.
Fazil Mustafa yığılan vəsaitin 59 800 manatını xərcləyib. Bundan 8000 manat seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə xərclənib. 38 200 manat seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə sərf olunub. 13 600 manat isə hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə yönəldilib.
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayevin seçki fondunun gəliri 5000 manat olub ki, bu da fiziki şəxslərin ianəsi hesabına yığılıb.
Elşad Musayev yığılan vəsaitin 4428,42 manatını seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə sərf edib.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin seçki fondu 2500 manat gəlirlə fəaliyyətə başlayıb. Fuad Əliyev bu vəsaitin hamısını seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərlərinin ödənilməsinə xərcləyib.