“Ən ağır müraciətləri qəbul edirik. Dövlət tərəfindən dəstək olunmazsa, çox çətindir”.
Bunu Modern.az-a açıqlamasında Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova söyləyib:
O, akkreditasiya olunmuş təşkilatlara davamlı və dayanıqlı maliyyə dəstəyinin vacib olduğunu bildirib.
"Bu olmadıqda fasilələr yaranır. Bu fasilə işin keyfiyyətinə də öz təsirini göstərir. Ancaq yenə də biz könüllü olaraq fəaliyyət göstəririk. Təhlükəsi olan, çox çıxılmaz vəziyyətdə qalan şəxsləri dəstəksiz qoymuruq. Ancaq elə olur ki, biz onlara yox deyirik. Çünki yer olmur. O zaman çalışırıq ki, başqa sığınacaqlara yönləndirək. Bəzən də yerli icra hakimiyyətlərinə müraciət edilir. Orada komissiyalar var. Onlar bu məsələlərlə məşğul olur ki, şəxs sığınacağa gəlməsin. Bəzən insanlar birbaşa sığınacağa gəlirlər. Bu zaman biz qiymətləndirmə aparırıq. Əgər şəxsin problemləri təhlükəli, təcili deyilsə, icra hakimiyyətlərinə yönəldirik. Oradakı komissiyalar görüşüb problemlərini həll olunmasına dəstək istəyirlər. Məskunlaşan sakinlərimizin ehtiyacları məsələsinə gəldikdə isə bunları qarşılaya bilmək üçün əhaliyə müraciət edirik. Onların etdiyi ianələr vasitəsiylə ehtiyaclar təmin olunur”.
Mehriban Zeynalov gün ərzində sığınacağa olunan müraciətlərin dinamikasının artmaqda davam etdiyini söyləyib:
“Müraciət edənlər məişət zorakılığının qurbanlarıdır. Bəzilər Bakıya gəlib işləyən, burada kirayədə qalan, əri tərəfindən dəstək almayan və yaxud boşanmış, çətin vəziyyədə olan qadınlardırlar”.