Şəfəqə Doğru » Manşet » Prezident and içdi - yeni dövr başladı

Prezident and içdi - yeni dövr başladı

Prezident and içdi - yeni dövr başladı

Dövlət başçısı inauqurasiyada dünyaya və xalqa mühüm mesajlar verdi, Ermənistana sərt xəbərdarlıq etdi; hökumət istefaya getdi; yeni hökumətin tərkibi nə zaman formalaşacaq; ölkədə bütün sferalar üzrə ciddi islahatlara start veriləcək

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Shafaqadogru.com  xəbər verir ki, mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıbr. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunub.

Prezident İlham Əliyev  əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: - Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: - Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev and içdi: Yeni dövr  başlayır

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.

“2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi”, - deyə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib.

Dövlətimizin başçısı həmçinin bildirib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq.

Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Dövlətimizin başçısı prezident seçkisində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.

Prezident andiçmədə bildirib: “İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq”.

İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildidiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”.

“Bizim ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz” deyən Prezident bəyan edib: “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Andiçmə mərasimindən sonra fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı, Ulu öndər Heydər Əliyevin,  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi  keçirilib

Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Bunu nəzərə alaraq, Prezident İlham Əliyev dünən Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra olunmasını bu Sərəncamla Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.

Konstitusiyanın 118-ci maddəsinə görə, baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Nazirlər Kabineti bu gün istefa verəcək - ANS - Xəbərlər

Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. Baş nazir, baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Beləliklə, artıq 14 fevraldan Azərbaycan Nazirlər Kabineti hökuməti tam tərkibdə istefaya getmiş hesab olunur. Hökumət üzvləri səlahiyyətlərini müvəqqəti icra edirlər. Bundan sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılmalıdır. 

İstefaya getmiş Nazirlər Kabinetinin tərkibində yer alan şəxslər bunlardır: Əli Əsədov - baş nazir, Yaqub Eyyubov - baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov - baş nazirin müavinləri, Ceyhun Bayramov - xarici işlər naziri, Zakir Həsənov - müdafiə naziri, Vüqar Mustafayev - müdafiə sənayesi naziri, Vilayət Eyvazov - daxili işlər naziri, Fikrət Məmmədov - ədliyyə naziri, Kəmaləddin Heydərov - fövqəladə hallar naziri, Samir Şərifov - maliyyə naziri, Mikayıl Cabbarov - iqtisadiyyat naziri, Pərviz Şahbazov - energetika naziri, Məcnun Məmmədov - kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev - səhiyyə naziri, Emin Əmrullayev - elm və təhsil naziri, Adil Kərimli - mədəniyyət naziri, Fərid Qayıbov - gənclər və idman naziri, Muxtar Babayev - ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri, Kamran İmanov - Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri.

Ekspertlərə görə, 2021-2023-də təyin olunan nazirlər böyük ehtimalla yerlərini qoruyacaqlar. 

Prezident İlham Əliyevin yaxın vaxtlarda yeni Nazirlər Kabinetinin tərkibini müəyyənləşdirəcəyi gözlənilir. Baş nazir postuna yeni şəxsin gətiriləcəyi istisna edilmir. Ölkənin baş naziri postuna yeni şəxsin gətiriləcəyi haqda “Yeni Müsavat”ın ötən saylarında məlumat verilib.  

Xarici işlər naziri Ceyhun Bayramovun da indiki vəzifəsinə təyin edilməyəcəyi deyilir. Lakin C.Bayramov hökumətdə yeni yüksək vəzifəyə təyin edilə bilər. Belə ki, Bayramovun mühüm nazirliyin başına gətiriləcəyi məlumatlar sırasındadır.

Daha bir neçə nazirin də əvvəlki postuna qaytarılmayacağı gözlənilir. Həmin şəxslərin sırasında yeni yüksək vəzifəyə çəkilənlərlə yanaşı, yüksək təltiflərlə mükafatlandırılmaqla təqaüdə göndərilənlər də ola bilər. 

Bir sözlə, Azərbaycan yeni hökumətlə Prezidentin elan etdiyi yeni dövrə daxil olur. Prezident İlham Əliyevin seçki kampaniyası başlayandan sonra yerli televiziyalara müsahibəsində bir mərhələnin artıq arxada qaldığını, yeni dövrün başlandığını bəyan etməsi də təsadüfi deyildi. Yeni dövrün inşası prosesinin isə məhz bu gündən start götürəcəyi gözlənilir. 

İdarəetmədə, hökumətdə  dəyişikliklərin reallaşdırılacağı şübhəsizdir. Rayon icra hakimiyyətlərinin bir struktur vahidi olaraq ləğv oluncağı, əvəzində isə Prezidentin səlahiyyətli nümayəndəliklərinin yaradılacağı da mümkün variantlardan biri ola bilər. Məlumdur ki, artıq bir müddətdir işğaldan azad edilmiş rayonlarımıza Prezidentin səlahiyyətli nümayəndələri təyin edilib və onlar fəaliyyət göstərirlər. Bu təcrübənin bir qədər də genişləndirilməsi və bütün rayonlara tətbiq edilməsi gözləniləndir. Bunun anonsu da Azərbaycan Prezidenti tərəfindən verilib. 

Cəmiyyət yeni mərhələdə ölkədə xalqın rifahını, dövlətçiliyi daha da gücləndirəcək dəyişikliklərin olacağına inanır. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”