"Ermənistan hakimiyyəti yeni hiyləyə əl atıb". Shafaqadogru.com xəbər verir ki bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlunun bildirib ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara "hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır” deyib: "Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyanda eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə "ağıllarına” gələn "danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub".
Politoloqun fikrincə, bununla İrəvan iki məqsəd güdür:
"Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin "yox” cavabı həlledici olacaq. Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir".
"İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez "danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var” deyir".
Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan hakimiyyəti növbəti hərbi toqquşmanın qaçılmaz olduğunu anlayır: "Azərbaycan ordusu bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır. 60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır. Mesajı belə oxumaq lazımdır: "Sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır”".
Qafqaz Rafiqoğlu