ATV telekanalı Xoşqədəm Hidayəqızının "Səni Axtarıram” proqramının çəkilişlərinin pərdəarxası görüntüləri ilə bağlı açıqlama yayıb. Shafaqadogru.com xəbər verir ki, həmin açıqlamada bildirilir ki, "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyası hər zaman ictimai və dövlət maraqlarını üstün tutan yayım siyasəti yürüdüb və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək: "İctimaiyyəti məlumatlandırmaq üçün nəzərinizə çatdırırıq ki, 2014-cü ilin aprel ayından etibarən ATV kanalında yayımı dayandırılan və heyəti kanaldan qalmaqallı şəkildə ayrılan "Səni axtarıram” verilişi ətrafında ortaya çıxan növbəti qalmaqalda "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının heç bir rolu yoxdur. Bu hadisə növbəti dəfə şirkətin imicinə yönələn qərəzli qaralama kampaniyasından başqa bir şey deyil. Bunu nəzərə alaraq bəzi məqamları yenidən xatırlatmaq məcburiyyətindəyik. Qeyd edək ki, adıçəkilən verilişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib. Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarla çıxış etdikdə isə kanal rəhbərliyi verilişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qrumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib. Qeyd edək ki, həmin materialların içərisində hazırda yayılan kadrarxası görüntülər də olub. Bütün bunları nəzərə alaraq, ictimaiyyətin diqqətinə çatdırırıq ki, tamaşaçının aldadılması üzərində qurulan bu verilişin yayımlanmasında maraqlı olmayan ATV kanalı, sözügedən verilişin ən reytinqli vaxtında verilişin yayımını radikal qərarlarla dayandırdı və daha sonra da bərpa etmədi. Bununla da icitimayyətin aldadılması üzərində qurulan layihələri yayımlamaqla reytinq qazanmaqda maraqlı olmadığını ortaya qoydu. Əks halda adıçəkilən veriliş hazırda ATV kanalında yayımını davam etdirərdi. Bir məqamı da qeyd edək ki, 2014-cü ildən ATV-də yayımlanmayan "Səni Axtarıram” verilişinə rəhbərlik edən şəxslər də o tarixdən etibarən ATV-dən kənarlaşdırılıblar. Səbəb də məhz indi ortaya çıxan xoş olmayan məqamlardır. Bir məqamı da vurğulasaq tam yerinə düşər. ATV kanalının hər zaman bir siması olub. Heç bir siyasi intriqalarda iştirak etməyib. Ən əsası isə bəziləri kimi siyasi əqidəsizliyi özünə həyat tərzi seçməyib. Heç vaxt bir budaqdan digərinə tullanmayıb. Və bundan sonra da öz dəyərlərinə sadiq qalmaqda qərarlıdır. İstənilən provakasiya və sabotajlara baxmayaraq”.