Bu günlərdə LEGİON-a müraciət edən İsmayıl Hüseynov adlı vətəndaş oğlu Rahib Hüseynovun əsassız olaraq həbs olunmasından şikayətlənib. O, R.Hüseynovun noyabrın 4-də Qoşqar Tofiq oğlu Zeynalovun DİN-ə şikayəti əsasında tutulduğunu bildirib. İsmayıl Hüseynov onu da qeyd etdi ki, Qoşqar Zeynalov Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu, Respubika Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğludur.
İ.Hüseynovun sözlərinə görə, 2013-cü ildə "Azərbaycan Dəmir Yolları”nda şöbə müdiri çalışan Rahib Hüseynovun barəsində DİN Baş MCMİ-də iş açılmış, daha sonra isə işə xitam verilmişdi. "O vaxt müəyyən olundu ki, bu, mülki məsələdir. Qoşqar Zeynalov özü də ifadəsində bildirmişdi ki, Rahib Hüseynova qarşı heç bir iddiası yoxdur. Sonradan oğlum borclu olduğu hər kəsə pullarını qaytardı. Rahibin Qoşqara cəmi 740 min dollar borcu qalıb və bu, onun kitabçasında da qeyd olunub. Lakin Qoşqar Zeynalov DİN-ə şikayətində bildirib ki, guya oğluma 7 milyon dollar borc verib və hazırda Rahib ona 3 milyon 900 min ABŞ dolları qaytarmalıdır”, - deyə İ.Hüseynov bildirib.
LEGİON əməkdaşı R.Hüseynovun vəkili Sevil Hacıyevanın da fikirlərini öyrəndi. "İş hazırda DİN-in müstəntiqi Teymur Ağamirovun icraatındadır. İstintaq birtərəfli və qərəzli həyata keçirilir. On-on beş vəsatət qaldırmışam, lakin vəsatət qəbul olunmur. Məsələ ondadır ki, istintaqa Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”, - deyə S.Hacıyeva qeyd edib.
S.Hacıyeva əlavə edib ki, Qoşqar Zeynalov Baş DYPİ-də şöbə müdiridir: "Heç kim bu suala cavab vermək istəmir ki, necə olur, hüquq mühafizə orqanlarında çalışan 30 yaşlarında gənc bir şəxs başqalarına 7 milyon dollar sələmə pul verir? Bunu mən özümdən demirəm... Qoşqar Zeynalov özünün DİN-də verdiyi ifadəsində bildirib ki, Rahib Hüseynova 10 faizlə 7 milyon dollar pul verib. Qoşqar Zeynalov hansı kredit təşkilatının nümayəndəsidir? Və bu məbləği hansı vasitələrlə əldə edib ki, başqalarına sələmə pul verir? Müstəntiq bu suallara cavab tapa bilmir.
Həmçinin, heç bir təhqiqat və dindirmə aparılmadan, Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb və Rahib Hüseynov barəsində tələm-tələsik həbs-qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, dekabrın 19-da LEGİON əməkdaşı Qoşqar Zeynalova dəfələrlə zəng etmiş, lakin bu zənglər nəticəsiz qalmışdı. Lakin az sonra həmin nömrədən LEGİON-a zəng edən Ruhin adlı şəxs bildirib ki, həqiqətən də Qoşqar Zeynalov Rahib Hüseynova 7 milyon dollar borc verib və pul geri qaytarılmayıb. DİN-in İstintaq və Təhqiqatlar İdarəsinin müstəntiqi Teymur Ağamirov da məhz Qoşqar Zeynalovun şikayəti əsasında cinayət işti açıldığını təsdiqləyib: "Hazırda istintaq gedir. Mən sizə iş materialları barədə məlumat verə bilmərəm”.
Dekabrın 20-də biz bir daha Qoşqar Zeynalova zəng etdik, onun iş yeri və eləcə də milyonlarla dollarlıq qazanc mənbəyi barədə sual vermək istədik... lakin cəhdlərimiz nəticəsiz qaldı. Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev LEGİON-a bildirdi ki, Qoşqar Zeynalov baş idarədə heç bir vəzifə tutmur: "Sıravi işçidir. Rütbəsi ya kapitandır, ya da mayordur... Dəqiq deyə bilmərəm”.
Biz Tovuz RİH-in başçısı Tofiq Zeynalovun da münasibətini öyrənmək, qaranlıq məqamlara işıq salmaq istədik. Lakin T.Zeynalovun birbaşa əlaqə nömrəsini bilmədiyimizdən, onun köməkçisi Fuad Zeynalovun iş nömrəsinə zəng etdik. Onun iş nömrəsi faksa qoşulduğundan, Tovuz RİH-in informasiya təhlil sektorunun müdiri Ceyhun Zeynalova zəng etdik. C.Zeynalov bildirdi ki, Fuad Zeynalov sabah işdə olacaq, sualımızı onda ünvanlaya bilərik (yeri gəlmişkən, Tovuz RİH-in rəsmi saytında Zeynalov soyadlı bir neçə məmurun adına rast gəlmək olar – red.). Lakin bizim xahişimizlə, Ceyhun Zeynalov başçının köməkçisi Fuad Zeynalovun mobil nömrəsini verməyə razılaşdı. Fuad Zeynalova məsələni izah etdikdə, qarşı tərəf sualımızı hiddətlə qarşıladı. "Siz kimsiniz ki, Tofiq Zeynalovdan müsahibə almaq istəyirsiniz? Hüquq mühafizə orqanlarısınız? Siz kimsiniz?”, - deyə Tovuz RİH nümayəndəsi səsini qaldırdı.
"Biz jurnalistik. İctimaiyyətə maraqlıdır, başçının oğlu 7 milyon dolları necə əldə edib? Bəlkə, doğrudan da Qoşqar Zeynalovun tam qanuni biznesi var və şayiələrə aydınlıq gətirmək lazımdır?”, - deyə biz də öz növbəmizdə ritorik suallara keçdik. "Vəzifə səlahiyyətlərinizdən kənara çıxmayın... Mən məzuniyyətdəyəm, xahiş edirəm, məni narahat etməyin”, - deyə F.Zeynalov dəstəyi asdı. Əlbəttə, Fuad Zeynalovu da qınamırıq və ona kin saxlamırıq. Ola bilər ki, vəzifəli qohumlar və "yaxşı” əlaqələr müstəqil mətbuat nümayəndəsinə "Sən kimsən axı” deyəcək qədər özgüvən yaradır.
Məsələ ilə bağlı LEGİON-a şərh verən hüquqşünas Namizəd Səfərov bildirdi ki, ilk baxışdan bu işdə bir neçə qanun pozuntusu olduğu görünür. "Əvvəla, hüquq mühafizə orqanlarında çalışan, dövlət məmuru olan şəxs kommersiya fəaliyyətiylə məşğul ola bilməz. Digər tərəfdən, sələm üzrə cinayət işi açan müstəntiq də pozuntuya yol verib. Kredit təşkilatı olmayan şəxsin, xüsusən də polis əməkdaşının bu qədər sərvəti necə əldə etdiyini də araşdırmaq lazımdır”, - deyə N.Səfərov vurğulayıb.
Qeyd edək ki, 2013-cü ildə ölkə mətbuatında "Azərbaycan Dəmir Yolları” QSC-də baş verən maliyyə maxinasiyalarından söz açılırdı: "Bu şəbəkədə Tovuz rayon icra hakimiyyətinin də dəxli varmış. Belə ki, İcra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun da adı bu qalmaqallı işdə hallandı. Əməliyyatın gedişində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov nə az, nə azacıq, düz 5 milyon manat ziyan çəkib. Onun oğlu Qoşqar Zeynalov 2012-ci ildə dövlət büdcəsindən həmin rayona ayrılmış 11 milyon manatın 5 milyon manatını "Texnikabank”-ın "Tovuz” filialı vasitəsi ilə nağdlaşdırılaraq hesabdan çıxarıb və hazırda həbsdə olan Rahib Hüseynova faizə verib. O da maraqlıdır ki, Respublika Yol Polisində texniki baxış şöbəsinin müdiri olan Qoşqar Zeynalov Elnar Əsgərovun bacanağıdır. 5 milyon manatın bankdan çıxarılmasında birbaşa iştirak edən "Texnikabank”-ın Tovuz filialının müdiri Elnur Süleymanov da Qoşqar Zeynalovun qaynının qardaşıdır Shafqadogru.com azadliq.info -ya istinadən bildirir.
LEGİON öz araşdırmalarına obyektiv şəkildə davam edəcək...