Partiya sədri: "Astan Şahverdiyevi Milli Məclisə deputat seçdirən "Qaçqınkom”un sədri Əli Həsənovdur”
"Mənə Cəbrayıl rayonundan yoldaşlar zəng edirlər ki, biz heç Astan Şahverdiyevi tanımırıq. Onu biz seçməmişik, o necə olub ki, deputat olub”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisdə bəzi deputatların əhalini aşağılayıcı çıxışlar etməsinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Milli Məclisin bəzi deputatlarının səsləndirdiyi fikirlərin cəmiyyətdə qıcıqlanmaya, etiraza səbəb olması danılmaz faktdır. Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclaslarında dəfələrlə deputatlara fikirlərini səsləndirərkən daha diqqətli olmalarını tövsiyə etsə də, dəyişən heç nə yoxdur. Hətta bəzi deputatlar da öz həmkarlarının bu cür qıcıqlandırıcı fikirlərinə qarşı mənfi münasibət bəslədiklərini qeyd ediblər. Fikirləri ictimaiyyətdə sərt reaksiyalara səbəb olan və əhalini aşağılayan deputatlara qarşı yalnız xəbərdarlıq edilməsi yetərlidirmi, yoxsa daha ciddi tədbirlərin görülməsinə ehtiyac var?
Bu mövzu ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.
Hafiz Hacıyev: "Xalqın rahat nəfəs alması üçün parlament buraxılmalıdır”.
Öz xalqını təhqir edən deputatın seçiciləri tərəfindən daş-qalaq edilməsi fikirini irəli sürən Hafiz Hacıyevə görə, əhalini aşağılayan deputatlara qarşı ciddi tədbirlər görülməlidir:
"Bilirsiniz, Oqtay Əsədovun o deputatlara gücü çatmır. Onları Milli Məclisə təyin edən "dayı”ları yuxarıda oturur. Ona görə də həmin adamlar bir mərkəzdən idarə olunur. Bu deputatların davranışları ölkədə qıcıq yaratmaq, xalqı dövlət başçısından incik salmaq və xalqı meydanlara çıxarmaq üçün atılan addımlardır. Bu baxımdan Oqtay Əsədovun heç bir gücü çatmır.
Tarif Şurasının qiymətləri qaldırması, deputatların milləti aşağılayıcı fikirlərlə təhqir etməsi xalqa qarşı kin-küdurəti olan insanların davranışıdır. Bu insanların Azərbaycan xalqına aidiyyatı yoxdur. Millətimiz də çox sönük, unutqan xalqdır. Millət təhqir edildiyini gördüyü zaman seçiciləri yığılıb elə o deputatı daş-qalaq etməlidirlər. Mənə Cəbrayıl rayonundan yoldaşlar zəng edirlər ki, biz heç Astan Şahverdiyevi tanımırıq. Onu biz seçməmişik, o necə olub ki, deputat olub?!
Məndə olan məlumata görə, Astan Şahverdiyevi Milli Məclisə deputat seçdirən "Qaçqınkom”un sədri Əli Həsənovdur. Onsuzda hər deputatın arxasında müəyyən qüvvələr durur. Azərbaycan müxalifəti də ölü bir vəziyyətdədir. Oqtay Əsədovun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, deputatlar onu heç saymırlar. Fikrimcə, xalqın rahat nəfəs alması üçün parlament buraxılmalıdır. Yoxsa, bugünkü komandanın hamısı xalqa düşmən insanlardır. Hər halda ciddi tədbirlər görülməlidir.
Düşünürəm ki, bu məsələdə prezidentə kömək etməliyik.
Hər bir deputatın özünün böyük biznesi var və onlar ölkəni düşünmürlər. Bu xalq onları bağışlamayacaq. Bizim partiyamızda mitinqlərlə bağlı çox ciddi hazırlıqlar gedir. Biz mitinqdə hansı deputatların, məmurların xalqı bu günə saldığını qeyd edəcəyik. Bu məsələdə Oqtay Əsədovun heç bir günahı yoxdur. Onun heç öz sürücüsünə gücü çatmır”.
Gülşən ŞƏRİF