Biləsuvar rayonunda kənd təsərrüfatı ilə məşğul olan bir neçə sahibkar, eləcə də rayonun ziyalıları və mədəniyyət xadimləri icra başçısı Mahir Quliyevdən prezident İlham Əliyevə şikayət ediblər. Buna səbəb icra başçısının sakinlərin torpaq sahələrini alaraq, özünə yaxın şəxslərə verməsidir.
BakiPost.az-ın məlumatına görə, 46 nəfərin imzaladığı şikayət məktubunda bildirilir ki, M.Quliyev əkinçilik, heyvandarlıqla məşğul olan sakinlərin torpaq sahələrini qanunsuz şəkildə mənimsəyir, buna etiraz edənləri isə "mən dövlətin göstərişi ilə edirəm” cavabını verir.
"Biləsuvar rayonu aqrar rayon olduğu üçün rayonun əhalisi 10 illərdir ki, torpaq sahələrini əkinçilik və heyvandarlıq məqsədi ilə səmərəli istifadə edirlər. Keçmiş illərdə rayon əkinçilik və heyvandarlıq sahəsində qabaqcıl rayonlardan biri olub. Bu gün də biz biləsuvarlılar dövlətin hər-hansı bitkiçilik məhsulu əkilməsi barədə göstərişinin icrasına hazır olduğumuza baxmayaraq, rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev biləsuvarlıların uzun illər istifadə etdiyi torpaq sahələrini bütün mövcud olan qanunları pozaraq, öz şəxsi mənafeyinə xidmət məqsədi ilə bizlərdən alır. Bununla da o, bizi yeganə dolanışıq mənbəyi olan əkinçilik və heyvandarlıq fəaliyyətimizdən məhrum edir”, - deyə müraciətdə bildirilir.
Sakinlərin sözlərinə görə, icra başçısı 25 min hektar ərazini sakinlərin istifadəsindən alıb: "Torpaqları əlimizdən alaraq, bizə deyir ki, hər şeyi bəzi məmur-oliqarxların göstərişi və dövlət layihəsi adı altında aparır. Bu məsələyə etiraz edənlərə Mahir Quliyev bildirir ki, hara şikayət etsəz də Prezident Aparatında bu məsələnin baxılmasına imkan verilməyəcək. Mahir Quliyevin bu "lahiyəsi” nəticəsində 25 min hektara yaxın əkin və otlaq sahələri biləsuvarlılardan alınaraq, Biləsuvar rayonu ilə heç bir əlaqəsi olmayan bir neçə özünə yaxın adamlar arasında bölüşdürülür.
Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılmasına baxmayaraq, bu ad altında biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən alınır. Bizdən qanunsuz alınmış bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib. Hal-hazırda bu işlər davam etdirilir”.
Şikayətçilər iddia edir ki, Mahir Quliyev büdcənin pullarını mənimsəməklə, həmçinin, sakinlərin dolanışıq mənbəyini kəsərək, sosial vəziyyətdən əziyyət çəkən narazı kütlə hazırlayır.