Şəfəqə Doğru » Manşet » Kamaləddin Qafarov deputatdır, yoxsa kəşfiyyatçı? - İlginc dosye

Kamaləddin Qafarov deputatdır, yoxsa kəşfiyyatçı? - İlginc dosye

Kamaləddin Qafarov deputatdır, yoxsa kəşfiyyatçı? - İlginc dosye
Paytaxtın Binəqədi kimi böyük rayonunun millət vəkili barəsində informasiyalar məxfi saxlanır; nəinki seçiciləri, həmkarları və mətbuat da onu tanımır, spikerin isə yadından çıxıb Adı dərman biznesinə və Milli Onkologiya Mərkəzindəki xəstələri soğan qabığı kimi soymaq işinə qarışmış mandat sahibi nəhayət ki, vikipedik məlumat yerləşdirib Paytaxtın Binəqədi kimi böyük rayonunun deputatı fəal olmalıdır. Bu rayonun sosial problemlərindən tutmuş iqtisadi çətinliklərinə qədər xirtdəyə çatıb. Belə bir böyük rayonun millət vəkili daim seçiciləri ilə təmasda olmalı, görüşlər keçirməli, Binəqədi rayon icra hakimiyyəti ilə danışıqlar aparmalıdır. 

*** 

"Gündəm-Xəbər”in məlumatına görə, adı ilk dəfə eşidilən və elə ilk dəfə deputat seçilən Kamaləddin Qafarovu nəinki seçiciləri tanımır, həmkarları və mətbuatda ilk dəfə onunla tanışdır. İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib. Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin - Səhiyyə Komitəsinin üzvüdür. Amma istər tibbi sığorta, istərsə tibb işçilərinin əmək haqları mövzusunda ağzını açıb danışmayıb. Deputatla bağlı vəziyyət o dərəcədə idi ki, vikipediyada bioqrafik məlumat belə yox idi. Sanki millət vəkili deyil, kəşfiyyatçıdır, bütün informasiyalar məxfi saxlanır. Hərçənd ki, K.Qafarov Binəqədi kiim böyük rayondan deputatdır. Bu tənqidlərdən və mediada səslənən ittihamlardan sonra deputat vikipedik məlumat yerləşdirib. Çünki internet resurslarında Kamaləddin Qafarov yazanda seçki ərəfəsində 1-2 görüşü, dərman biznesinin olması haqda xəbərlər meydana çıxır. Yeni avtobioqrafik məlumatda deyilir ki, 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit” fakültəsini bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Rus və türk dillərini bilir. 2015-ci ildə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür. Partiya mənsubiyyəti - Yeni Azərbaycan Pariyasıdır. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür. Ailəlidir, dörd övladı var. Qəribədir ki, peşəsi maliyyəçi olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor müavinidir, üstəgəl də deputatdır. Əslində, iqtisadi bilikləri olan bir deputat kimi təkcə səhiyyə yox, həm də Azərbaycanın indiki maliyyə sabitliyinin pozulmasından danışmalıdır. Yəni, devalvasiya, böhran, çıxış yolları haqda fikir yürütməlidir, parlamentə və hökumətə təkliflər paketi olmalıdır. Amma heç səhiyyə sahəsindən belə danışmır. Sanki mandat susmaq üçün verilib. Onu da deyək ki, deputat haqda bu günlərdə yayılan son xəbər valideynini itirməsi olub. K.Qafarovun atası, tanınmış həkim-farmaseft Nəsrəddin Qafarov uzun sürən ağır xəstəlikdən sonra yanvarın 4-də dünyasını dəyişib. Hörmətli deputata başsağlığı verir, Allahdan rəhmət diləyirik. 

*** 

Bununla belə, "Gündəm-Xəbər”in məlumatına görə, millət vəkiliin passiv fəaliyyəti binəqədli seçiciləri də narazı salıb. Azərbaycanın siyasi-iqtisadi həyatı qaynar qazan kimi olduğu vaxtda K.Qafarov özünü Mozambikin deputatı kimi aparır. Millət vəkilinin işi MM-də müxtəlif mövzularda çıxış etməkdir, məsələlər qaldırmaqdır. Adıçəkilən deputatı isə bir rəyini bilmək mümkün olmayıb. Onun nə yağış fəlakəti ilə bağlı Binəqədidəki rüsvayçılıq haqda çıxışı var, nə rayon sakinlərinin şikayətinə reaksiyası, nə də yanan bina və digər hadisələr barədə mövqeyini görmək olar. Yerli sakinlər və seçicilər də deputatını tanımır. Onların sözərinə görə, Qafarovun üzünü görməyiblər. Deputat referendumla bağlı kiçik açıqlama verib və konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığını deyib. Bu baxımdan Qafarovu 5-ci çağırış seçkilərinin ən passiv deputatı adlandırmaq olur. Parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır. Amma bu çıxışların heç birində Qafarovu görmək mümkün deyil. 

*** 

"Gündəm-Xəbər”in məlumatına görə, K.Qafarovun adı Milli Onkologiya Mərkəzinin direktor müavini kimi də müxtəlif neqativ məsələlərdə hallanır. Media üzərindən yayılan xəbərlərdə deyilir ki, bir qrup vətəndaş bu şəraitin yaranmasında səhiyyə naziri Oqtay Şirəliyevlə deputat Kamaləddin Qafarovu suçlayır. Onların sözlərinə görə, Onkoloji Mərkəzin rəhbəri Cəmil Əliyevlə müavini Kəmaləddin Qafarov onkoloji xəstələr üçün manatın məzənnəsinə uyğun xidmət edir. Həyatda yaşamaq ümidi itirilmiş bu xəstələrin kimyaterapiyası 300-400 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutulmuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib. Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir. Səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır. Eyni zamanda Prezidentə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət ərizələri göndərilir. Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir. K.Qafarov isə tibb ocağını necə idarə edirsə, seçicilərinə də qarşı elə millət vəkilidir. Hətta bu günlərdə tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə Milli Onkologiya Mərkəzini tənqid edib: "Bir müddət əvvəl şəxsiyyətinə hörmət bəslədiyim bir nəfər otağıma gəlib, sadəcə, onu dinləməyimi xahiş etdi. 
Qardaşının həyat yoldaşının xərçəng xəstəliyinə tutulduğunu, bir həftədir onun müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində olduğunu bildirdi. Maddi cəhətdən heç nəyə ehtiyacı olmasa da orada gördüklərini, xəstələrin durumunu mənə danışdıqca bir neçə dəfə ağladı. Sonda özünün heç bir köməyimə ehtiyacı olmadığını və əgər imkanım olarsa, oradakı xəstələrin vəziyyətini az da olsa yüngülləşdirmək üçün bacardığımı etməyimi xahiş etdi”. 

*** 

"Gündəm-Xəbər”in məlumatına görə, K.Qafarovun Mərkəzdəki gəlirləri dərman bazarında biznes qurmasına şərait yaradıb. Mediada yer alan və deputat tərəfindən bu günədək təkzib olunmayan məlumatı diqqətinizə çatdırırıq. Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır. Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub. Bu biznesin toxunulmazlığı da mandat sayəsində baş tutub. Beləcə daha bir biznesmen deputatın sayı parlamentdı artıb. Bu il bir çox deputatlar çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəldilər. Son olaraq YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi "otxod” adlandırması bu məsələni bir daha gündəmə gətirdi. Ardınca Hadı Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi ciddi ictimai qınağa tuş gəldi. Hüseynbala Mirələmovun əhaliyə "az yeyin” deməsi isə bardağı daşıran son damla oldu. Bu günlərdə YAP-dan olan deputat İqbal Məmmədovun da gənc qarovulçunu döyməsi barədə mətbuatda məlumat yayıldı. Təbii ki, bu məqamda ötən ilin dekabrında Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı deputat Naqif Həmzəyevi də unutmaq olmaz... Necə deyərlər, bu cür deputatları olan iqtidara heç müxalifət lazım deyil. Onlar mütəmadi olaraq çıxışlarında yol verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə zərbə vururlar. Bir sözlə, iqtidara əleyhinə hazırki müxalifətdən daha çox "iş görürlər”. Eləcə də siyahıda Kamaləddin Qafarov kimi passiv, "lal” deputatlar da var. Onlar da xalqla təmas qurmur, işləmir, problemləri vaxtında həll etmir və nəticədə günün birində hansısa rayonda əhali ayağa qalxır, iqtidara başağrısı yaradır. Deputatlar gərgin proseslərə qoşulmurlar, mətbuata çıxmaqdan çəkinirlər. Cəmiyyət onsuz da onlara layiq olduqları qiyməti verir. İstər Hadı Rəcəbli, istər Naqif Həmzəyev, istərsə də Astan Şahverdiyevlə bağlı ciddi ictimai qınaq var. Onlar nə qədər üzr istəsə də həm iqtidarın siyasəti üçün, həm də özləri üçün mənfi imic formalaşdırırlar. Hakimiyyət zaman-zaman onun siyasətinə arxadan zərbə endirən, mövqeyini zəiflətmək istəyən, xalqla üz- üzə qoyan, əhalini qıcıqlandıran çıxışlar edən məmurları cəzalandırıb. Onlar ya işindən azad edilib, ya susdurulub, ya da bir müddət sonra kiçik bir vəzifəyə təyin edilməklə etimadsızlar siyahısına salınıb. Yaxın keçmişdə İsmayıllı, Quba hadisələri, bəzi deputatların artıq-əskik çıxışları buna bariz nümunədir. Prezident İlham Əliyev xalqın heysiyyatına toxunan məmurları əsla bağışlamayıb.