Azərbaycan iqtisadiyyatında ixracyönümlü məhsulların istehsalına çox böyük diqqət yetirilir.
Shafaqadogru.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu məsələ dövlətin, ilk növbədə, Prezident İlham Əliyevin diqqətindədir: "Bu gün Prezidentin iştirakı ilə qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bu qəbildən olan bütün məsələlər kompleks şəkildə nəzərdən keçirildi. Dövlət başçısı və iştirakçıların bir qrupunun çıxışları göstərdi ki, Azərbaycan bu istiqamətdə düzgün yol götürüb. Artıq "Made in Azerbaijan" brendi xaricdə tanınmağa başlayıb, Azərbaycanın həm sənaye, həm də kənd təsərrüfatı məhsullarına xaricdə böyük maraq var".
A.Mirzəzadə qeyd edib ki, müşavirədə Prezident İlham Əliyev artıq Azərbaycanın hərbi məhsullarının da xarici bazarlara çıxışına toxundu:
"Azərbaycan hərbi məhsul ixracı sahəsində yeni addım atan ölkələrdəndir. Amma 10 il bundan əvvəl yaradılan Müdafiə Sənayesi Nazirliyinin timsalında artıq Azərbaycan istehsallı silah və texnikaya xaricdə böyük tələbat var. Həm xarici ölkələrlə birgə müəssisələrin yaradılması, həm tək istehsalçı kimi məhsul buraxması Azərbaycanı bu sahədə də beynəlxalq aləmdə tanıda bilib. Hesab edirəm ki, bu, çox perspektivli bir sahədir. Hərbi məhsulların satışı, ilk növbədə, müdafiə üçün nəzərdə tutulan silah-sursatın satışını nəzərdə tutur. Azərbaycan hərbi sənaye kompleksini inkişaf etdirməklə birinci növbədə öz daxili tələbatını ödəyir və bununla da bu sahədə xaricə valyutanın axınının qarşısını alır, həmçinin hərbi məhsulların xaricdə satışını təşkil etməklə Azərbaycana xeyli xarici valyutanın gəlməsini təmin edir".
Millət vəkili vurğulayıb ki, bu istiqamətdə görülən işlər, müvafiq bazarının dərindən öyrənilməsi həmin sahədə böyük uğurların qazanılmasına səbəb olacaq.