Tovuz rayonunda "Azərsığorta” Dövlət Kommersiya Şirkətinin filial müdiri Raya Bayramovanı qətlə yetirən şəxsin şirkətdən oğurladığı pulun yeri aşkar edilib.
Shafaqadogru.com Trend-e istinadən məlumatına görə, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Vidadi Vəliyev şirkətdən oğurladığı pulun yerini deyib. Məlum olub ki, V.Vəliyev həmin pulu filial binasının yaxınlığında yerləşən köhnə tikilidə gizlədibmiş. İstintaq tədbirləri zamanı həmin əraziyə də baxış keçirilib və V.Vəliyev torbada gizlətdiyi külli miqdarda pulu, hadisəni törədərkən əynində olan qanlı paltarı həmin yerdən çıxararaq istintaqa təqdim edib. Hələlik istintaqa təqdim edilən pulun məbləği barədə açıqlama verilmir.
Xatırladaq ki, "Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramova aprelin 22-də şirkətin baş mühasibi Vidadi Vəliyev tərəfindən qətlə yetirilib. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstündə törətdiyini bildirib. V.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerində dindirilib.