"Azərbaycanda həkim və pasiyentlər arasında sonradan hər hansı problemin olmaması üçün həkim-pasiyent münasibətlərinin qurulması prinsipi dəyişməli və bu münasibətlərin qurulmasında düzgün yanaşmalar tətbiq edilməlidir”.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin (SN) Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. E.Əzizovun sözlərinə görə, bu gün Azərbaycanda həkim məsuliyyətinin artırılması üçün qanunvericilikdə hər hansı dəyişikliklərin edilməsinə ehtiyac yoxdur: ”Bu sahədə qanunvericilikdə ümumiyyətlə, boşluq yoxdur. Qanunvericilikdə həkimlərin məsuliyyət məsələsi ilə bağlı kifayət qədər sanksiyalar var. Bunlar ilk növbədə intizam tədbirlərini nəzərdə tutan məsuliyyətlərdir. Həkimin əmək fəaliyyətində pozuntular olarsa, həkim səhvi qeydə alınarsa, o, intizam qaydasında məsuliyyətə cəlb edilir. Belə halda həkim nəinki intizam, hətta cinayət məsuliyyətinə, təzminatla bağlı mülki məsuliyyətə də cəlb oluna bilər. Yəni qanunvericilik bu məsələləri kifayət qədər tənzimləyir və hüquqi baxımdan heç bir problem yoxdur. Problem sadəcə olaraq, ondadır ki, həkim-pasiyent münasibətlərinin qurulması dəyişməli və münasibətlərin qurulmasına yanaşmalar düzgün olmalıdır. Həkim və pasiyent bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdır. Qarşılıqlı hörmət olsa, tərəflər bir-birlərinin vəzifələrinə və hüquqlarına hörmətlə yanaşsalar, şikayətlərin də bir çoxu aradan qaldırılacaq. Hazırda bununla bağlı "Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi ilə birlikdə regionalarda treninqlər keçirilir. Bu treninqlərin keçirilməsində də məqsəd odur ki, həkim və pasiyent arasında olan anlaşılmazlıqlar aradan qaldırılsın”.
E.Əzizov qeyd edib ki, nazirliyə daxil olan şikayətlər daha çox pasiyentlər tərəfindən edilir: "Onlar tibbi xidmətlərin düzgün olmamasından, tibb işçilərinin etik davranış qaydalarından şikayət edir, neqativ hallarla bağlı narazılıq edirlər. Bəzən olur ki, ödəniş tələb olunmayan dövlət müəssisəsində pasiyentdən ödəniş də tələb edilir. Belə müraciətlərin hamısı SN tərəfindən araşdırılır və pozuntu olduğu təqdirdə tədbirlər görülür”.
Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda pasiyentlərin öz hüquqlarını qoruması, həkim səhlənkarlığından şikayət edərək vurulan ziyan əvəzində təzminat tələb etməsi son zamanlarda müşahidə edilir: "Belə halların olmasını normal qarşılayıram. Belə hallar varsa, bu, insanların daha yaxşı maariflənməsinin, tibb xidmətlərinin müxtəlifliyinin göstəricisidir. Geridə qalmış ölkələrdə belə məsələlər ümumiyyətlə, gündəmdə olmur”.