Shafaqadogru.com ANV.az-a istinadən "Karyera uğuru” adlı rubrikanı davam etdirir.
Rubrika vasitəsilə oxucular gənc olmasına baxmayaraq, ciddi uğurlara imza atmış və karyera zirvəzinə çatmış azərbaycanlı gənclərdən və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.
Rubrikanın növbəti qonağı tanınmış maliyyəçi, Azərbaycan Beynəlxalq Bankında İdarə Heyəti sədrinin müavini Murad Şirəliyevdir.
Murad Şirəliyev kimdir?
17 ildir maliyyə sektorunda çalışan qəhrəmanımız 2 mart 1978-ci il tarixində Bakı şəhərində anadan olub.
Orta təhsilini paytaxtdakı 20 saylı orta məktəbdə alan Murad Şirəliyev 1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1998-ci ildə bu ali məktəbi bakalavr dərəcəsi üzrə bitirən M.Şirəliyev 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr təhsili alır.
Təkcə "bankir” yox, həm də alim…
Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
Bir sıra elmi məqələlərin müəllifi olan M.Şirəliyev əmək fəaliyyətinə 1993-cü ildən başlayıb. 2001-2004-cü illərdə o, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Burada iqtisadiyyatın idarəedilməsi fənnini tələbələr arasında tədris edib, mühazirələr oxuyub.
Hər şey bir anda dəyişir, başa düşür ki…
Yaxınlarının dediyinə görə, Muradın uşaqlıq arzusu bankda işləmək, maliyyə sektorunda fərqlənmək olub. Bir müddət elmi-pedaqoji fəaliyyətlə məşğul olub bu arzsunu arxa plana keçirsə də, 2000-ci ildən bank sektorunda görünməyə başlayıb.
Bu sektorda ilk iş yeri "Kapital Bank" ASC olur. 2000-2005-ci illərdə "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü olur.
2005-ci ildə o, "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilir və düz 10 il bu vəzifədə çalışır. 2015-ci ildən isə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavinidir.
Harvard Business School-un "General Management” proqramının məzunudur. Hazırda Manchester Business School-un "MBA in Finance” proqramı üzrə təhsilini davam etdirir.
O nazir oğlu olmasaydı, bunu bacarardımı?
Qeyd edək ki, Murad Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri, professor Oqtay Şirəliyevin böyük oğludur.
Bəzi mənbələr onun bu səviyyəyə çatmasında atasının yüksək vəzifə tutmasını önə çəksələr də, bu sahədə çalışanlar fərqli yanaşaraq, M.Şirəliyevin özünün xüsusi istedada malik olduğunu iddia edirlər.
Nazir oğlunun çox peşəkar və savadlı mütəxəssis olduğunu deyən həmkarları bildirir ki, Murad Şirəliyev bank sektorunda bir çox yeniliklərə imza atmış, daim öz üzərində işləyən bir kadrdır.
Xatırladaq ki, Oqtay Şirəliyev 2005-ci ildən Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsində çalışır. Tibb elmləri doktoru, professordur. Bu təyinata qədər Respublika Diaqnostika Mərkəzinin direktoru olub.