Şəfəqə Doğru » Manşet » "Dövlətə xəyanətə görə ölüm cəzası tətbiqi...."

"Dövlətə xəyanətə görə ölüm cəzası tətbiqi...."

"Dövlətə xəyanətə görə ölüm cəzası tətbiqi...."
Bu günlərdə MN, Baş Prokurorluq, DTX və DİN ilə birlikdə yayılan məlumatda milli dəyərlərimizə, ərazi bütövlüyümüzə, mənəviyyatımıza və ləyaqətimizə təcavüz edən, hazırda müharibə vəziyyətində olan Ermənistan dövlətinə kömək etmiş və bunun müqabilində guya şəxsi mənfəətləri təmin olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin ifşa olunub hərbi qulluqdan, cəmiyyətdən təcrid olunmaları ilə bağlı məlumatı ürək ağrısı və təəssüf hissi ilə qəbul etdim

Əslində, üzərinə düşən vəzifənin məsuliyyətini tam dərk edib, vətənə sədaqət nümayiş etdirməsi barədə and içən, indiki halda dövlət qulluğunun xüsusi növündə çalışan zabitəli şəxslərin vəzifələrini icra edərkən şəxsi maraqlarına üstünlük vermələri təfəkkürə sığmır.

Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi Dövlətə Xəyanət; 276-cı maddəsi Casusluq; 284-cü maddəsi Dövlət Sirrini yayma məzmun etibarı ilə Dövlət Hakimiyyəti əleyhinə olan cinayətlər fəslinə aid edilir. Bunu dərk etmək lazımdır.

Bu cinayətlərin Azərbaycan Respublikası və Xalqı üçün təhlükəliliyi əməlin birbaşa ölkənin suverenliyinə, ərazi toxunulmazlığına, dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ictimai münasibətlərə yönəlməsi təşkil edir. İnsanı heyrətə gətirən digər faktor onunla ehtiva edilir ki, Azərbaycan "vətəndaşı” Azərbaycan dövlətinə, bu dövlətlə hüquqi və siyasi bağlılığı olan valideynlərinə, bütövlükdə Xalqa qarşı düşmənçilik fəaliyyəti aparır, xidməti sirrini qarşı tərəfə ötürməklə onlara yardım edir. Vətən çörəyi dizi üstə olanlar belə davranar, onlarda mərdanəliyə xas bir cəhət tapılmaz!..

Azərbaycan dövləti ilə siyasi-diplomatik münasibətləri çoxdan gərgin olan bir dövlətə hər hansı bir formada kömək etmək "uşaqlığın əlaməti” kimi dəyərləndirilə bilməz. Cinayət qanunvericiliyinə görə Azərbaycan vətəndaşının, hərbi qulluqçuların dövlətin mənafeyinə qarşı düşmənə kömək göstərmək məqsədilə hər hansı bir formada ünsiyyətin olması anından belə cinayətlər başa çatmış hesab olunur, ittiham üçün cinayət-prosesual baza yaradılır.

Azərbaycan vətəndaşları bilməlidirlər ki, belə hərəkətlər, yəni mənsub olduğu dövlətə qarşı düşmənçilik fəaliyyəti, onun qarşı tərəfin nümayəndələrinə hər hansı bir formada kömək etməsi halları Azərbaycanın hüdudlarından kənarda da həyata keçirilərsə dövlətə xəyanət, casusluq kimi məsuliyyət yarada bilər.

Hərbi rütbələr daşıyan, dövlətin simvolları ilə bəzədilmiş xüsusi geyim formasında olan belə şəxslərin əməlləri ağırdır. Onlar davranışlarının təhlükəli olduğunu özləri dərk etsələr də, yenə geri çəkilməmişlər. İfşa olunmasaydılar, bədxah əməlləri hələ çox davam

edəcəkdi. Təhlükəliliyin digər ağır nəticəsi onunla izah olunur ki, ölkənin suverenliyi, ərazi toxunulmazlığı, dövlətin təhlükəsizliyi və müdafiə qabiliyyəti üçün ağır nəticələrin doğuracağını qabaqcadan görmüş və bunu arzu etmişlər. Amma yenə əməkdaşlıqdan geri çəkilməmişlər. Belə şəxslərin əməlinin motivini tamah kimi dəyərləndirsələr də, əməlin tövsifinə təsir göstərməyəcək. Əsas motiv dövlətə və xalqa qarşı düşmənçilikdir.

CM-nin 274-cü maddəsinin- Dövlətə Xəyanətin sanksiyası 276-cı maddədən – Casusluqdan fərqli olaraq ağırdır. 274-cü maddə Dövlətə Xəyanətə görə 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdam məhrum etmə vəd edir. Bir vətəndaş kimi qeyd etmək istəyirəm ki, burada sanksiya qeyri-ciddi səslənir. Əvvəla, sanksiya imperativ şəkildə, qəti olmalıdır. "12 ildən 20 (arada 8 il fərq var) ilədək müddətə və yaxud ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır” yox, "ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır” ifadəsi qeyd olunmalıdır. Sanksiyada "və ya” -lar çaşqınlıq, sosial ədalətin bərpası üçün çətinliklər yaradır. Məhkəmə prosesinin iştirakçılarına isə "başqa imkanlar” verir. Cəza konkret olanda qətiləşir, "və ya”lar cəzanın hər hansı bir növünü heçə endirir.

Amma məsələnin başqa tərəfi var. Azərbaycan hələ ki, Ermənistan tərəfi ilə müharibə vəziyyətindədir. Hər il, bəzən, hər ay şəhidlərimiz olur. Orduda bəzi ayağı sürüşkən hərbiçilərin tabeliyindəki şəxsi heyətə psixoloji və ideoloji təsir etmək, onları qeyri sağlam yolla azdırmaq imkanları olduğundan, belələrinin xidmətinə nəzarət gücləndirilməlidir. Bu olmazsa, şəhidlik yolunun yolçuları seyrələ bilər, amallarına sədaqətsizlik halları baş qaldıra bilər.

Bəzi ekspertlərin yanlış fikirlərinə də, münasibət bildirmək istəyirəm. Güya, tarixən "məxfi şəbəkəyə cəlb olunma” halları olub, buna o qədər də rəng verməyə ehtiyac yoxdur” mülahizələri qeyri-ciddi səslənir. Başlanğıcda buraxılan səhvlərə göz yumularsa, davamı tükürpədici faktlarla yadda qalacaq. Ona görə Azərbaycan xalqı öz daxili düşmənlərini də tanımalıdır.

Haşiyə çıxıram: Mən, müharibə iştirakçısı kimi düşmənin məhv olunması ilə bağlı məlumatı komanda üzvlərinə çatdırıram, taktiki hərbi gedişlər barədə qəti tapşırıq verirəm. Lakin, bu məlumatı yoldaşlarımızdan biri düşmən tərəfə ötürür. Planımız baş tutmur, itkilərlə geri çəkilirik... Belələrinin əməllərinə "olan şeydi”.. deyə yanaşmalıyıq? Olmaz! Sərt cəza tətbiq edilməlidir ki, başqalarına görk olsun!

Aprel döyüşləri düşmən tərəfini sarsıtdığından onların başqa vasitələrlə bizdən qisas alacağını ehtimal etmək çətin deyildi. Arxayınlığa yol vermək də olmazdı. Düşmən qüvvələrinin casusluğa xas hərəkətlərini izləməliydik. Qənaətim belədir ki, orduda müvəffəqiyyətdən "baş gicəlləndi”. Şəxsi heyətin vətənə sədaqət ruhunda təlim-tərbiyəsi bir az, arxa plana keçdi. Amma, bu bizə dərs olmalıdır.

Orduda bütün oxşar rüsvayçılıq doğuran hərəkətlərin qarşısını almaq üçün "Dövlətə xəyanətə -CM-nin 274-cü, Casusluğa 276-cı maddəyə görə, bu gün müstəsna cəza növünün - ölüm cəzasının bərpası qaçılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi vətəndaşı hansı hallarda yaşamaq hüququndan məhrum edilməsinin əsaslarını ehtiva və maddənin III hissəsi müstəsna cəza tədbirinin tətbiqini aydın müəyyən edir.