Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son günlər medianın gündəmində xüsusi yer tutan bir neçə məsələ ilə bağlı "Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Əflatun bəy, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi. Bunun arxasınca Azərbaycan xalqının müxtəlif kəsimlərinin nümayəndələri reaksiya verdilər. Bəziləri cavab tədbirləri olaraq Azərbaycanda rus dilini məhdudlaşdırmağı, bəziləri rus icmalarının sənədlərini yoxlamağı, bağlamağı, bəziləri Rusiyadan silah almağı dayandırmaq təklifini irəli sürdü. Sizin baxışınızı almaq istədik. Rusiya niyə belə etdi? Azərbaycan bunun qarşılığında bu deyilən cavab addımlarını atmalıdırmı?
- Milli Məclisdə mən də bu məsələ ilə bağlı çıxış elədim. Əlbəttə, bu, narahatedici bir faktdır ki, Rusiya təqribən tərkibində 2 milyona yaxın azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı məsələ qaldırdı və Ali Məhkəmə qurumun qeydiyyatının ləğvi qərarını verdi. Bu məsələ 4 ay idi müzakirədəydi və biz bir dəfə məsələni parlamentdə müzakirə etmişdik. ÜAK-a müəyyən iradlar tutulurdu. Onlardan biri bu idi ki, ÜAK-ın adı öz fəaliyyəti ilə uyğun gəlmir. Mən dünən ÜAK sədri Fazil Qurbanovun çıxışını oxudum. Fazil Qurbanov bildirib ki, irad kimi göstərilənlər texniki məsələlərlə bağlıdır. Məsələn, iclasların vaxtında keçirilməməsi. Hətta o, bir fakt göstərib ki, iclas noyabrın 25-də keçirilməlidir, noyabrın 26-da keçirilib. ÜAK-ın regionlardakı şöbələrində hesabatlar vaxtında verilməyib. Bax bu cür məsələləri irad tutub Ədliyyə Nazirliyi.
Siz bilirsiniz ki, hər bir təşkilatı bağlamaq üçün onun fəaliyyətini, texniki məsələlərini araşdırıb səhv tapmaq mümkündür. O cümlədən Azərbaycandakı rus icmalarının da sənədlərində və fəaliyyətində araşdırma aparıb səhvlər tapmaq mümkündür. Ədliyyə Nazirliyi ilk növbədə səhvlərin düzəldilməsinə çalışmalıdır, təşkilatı bağlamağa yox. Mən hesab edirəm ki, biz ÜAK-la bağlı məsələni həddən artıq da şişirtməli deyilik. Özümüz üçün analiz etməliyik ki, nəyə görə belə oldu, nəyə görə Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 yaşı tamam olanda Rusiya prezidenti təbrik məktubu göndərir, xarici işlər naziri Lavrov, prezidentin mətbuat katibi Peskov yubiley tədbirində iştirak edir, lakin azərbaycanlıların yaratdığı böyük bir təşkilatın qeydiyyatını ləğv edirlər? Son zamanlar xristian dünyasında millətçi qüvvələr aktivləşib. Avropadakı prosesləri bilirsiniz.
Məncə, bu prosesin gedişatı kimi Rusiyada da millətçi qüvvələr başqa xalqlara, əsasən də müsəlmanlara qarşı bu sayaq addımlar ata bilərlər. Rusiya monoetnik ölkə deyil, federativ ölkədir, Rusiyada çoxsaylı millətlər yaşayır ki, onlardan biri azərbaycanlılardır. Hələ bu vaxta qədər Rusiyada heç bir xalqın diaspora təşkilatı bağlanmamışdı. İlk dəfədir azərbaycanlıların təşkilatı bağlanır. Bu əsas verir insan şübhələnsin ki, sabah da başqa xalqların təşkilatına qarşı belə addımlar atıla bilər. Bu məsələdə Rusiyaya diqqətli olmağı tövsiyə edərdim. SSRİ dağıldı və burada müəyyən səbəblər var idi. O səbəblərdən biri də SSRİ-nin daxilindəki başqa respublikalara, xalqlara ayrı-seçkilik münasibətlərinin baş qaldırması idi. Məncə, indi Rusiya bu faktdan ağıllı nəticə çıxaracaq. Çünki belə məsələlər Rusiya kimi federativ ölkənin nə zamansa dağılmasının əsasını qoya bilər. Bir faktı da unutmaq olmaz ki, Rusiyada 40 milyon müsəlman yaşayır. Rusiyada yaşayan müsəlmanlar ÜAK-a qarşı atılan addımdan əndişələnə bilərlər. Rusiyada yaşayan 2 milyondan artıq azərbaycanlı Rusiyanın iqtisadiyyatında, elmi potensialının artmasında, mədəniyyətinin inkişafında böyük faydalar verir. ÜAK-ın qeydiyyatının ləğvi bu azərbaycanlıların hüquqlarının pozulması kimi başa düşülür. Həmin azərbaycanlılar da bundan əndişələnə bilərlər. Rusiya öz daxilində yaşayan bütün azsaylı xalqların hüquqlarının təmin olunması üçün beynəlxalq öhdəliklər götürüb. ÜAK-ın bağlanması Rusiyada insanların toplaşmaq, fikir azadlığının pozulması kimi də görünür. Bu da Rusiyanın götürdüyü öhdəliklərə xələl gətirir.
Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərindən biridir. Dağlıq Qarabağ probleminin həllində Rusiya vasitəçi kimi bitərəf olmalıdır. Ancaq ÜAK-la bağlı baş verən hadisə onu göstərir ki, Rusiya həmin hadisələrin həllində bitərəf qala bilməz. Bax bu nüanslar diqqəti daha çox cəlb etməlidir. Rusiya Ali Məhkəməsinin məlum qərarı Rusiya-Azərbaycan münasibətlərinə təsir edə bilər. Azərbaycan xalqı 200 ildir Rusiya ilə birgə həyat tərzi keçirir. Ancaq bir dəfə olsun Rusiya dövlətçiliyinin kürəyinə xəncər vurmayıb. Bu yaddan çıxmamalıdır.
Rusiyada Azərbaycanı sevməyən qüvvələr var. Baxanda ilk müstəvidə Rusiya-Azərbaycan münasibətləri yetərincə yüksəkdir, strateji tərəfdaşlıq səviyyəsinə qalxmış münasibətlərdir. Ancaq münasibətlərin alt qatında, ayrı-ayrı qurumlarda olan Azərbaycanı sevməyən qüvvələr var. Onlar Azərbaycanı ona görə sevmirlər ki, Azərbaycan müstəqil siyasət yeridir, Dağlıq Qarabağ məsələsində Azərbaycan israrlıdır. Həmin qüvvələr Azərbaycanı Rusiyanın lider olduğu qurumlara sürükləmək üçün bu cür addımlar atırlar. Yəqin ki, müəyyən gözləntilər var idi ki, Azərbaycan həmin qurumlarla bağlı addımlar atacaq, Azərbaycan isə Dağlıq Qarabağ məsələsinin həllində Rusiyadan real hərəkət gözləsə də bunu görmədi.
- ÜAK-ın hüquqi bərpası mümkündürmü?
- Bu məsələ müəyyən hüquqi mərhələlərdən keçə bilər. Apelyasiya Məhkəməsinə, Konstitusiya Məhkəməsinə, Avropa Məhkəməsinə müraciət edilə bilər. Avropa Məhkəməsi böyük ehtimalla ÜAK-ın xeyrinə qərar çıxarar. Əvvəla, ona görə ki, adətən Avropa Məhkəməsi QHT-lərin istəyini daha çox reallaşdırmağa çalışır, ikincisi, Avropanın Rusiya ilə münasibətlərinin yaxşı olmaması da qərara təsir göstərər. Bu məsələnin Rusiyaya daha bir siyasi təsir vasitəsi ola biləcəyini düşünüb qərar verilə bilər. Bütün hallarda ÜAK-ın qeydiyyatının ləğvi bizi ruhdan salmamalıdır. Biz çalışmalıyıq ki, ÜAK bərpa olunsun və fəaliyyətində hansısa neqativ hallar varsa, onları düzəldək. Bu hadisə azərbaycanlılarda ruh düşkünlüyü yaratmamalı, onları aktivləşdirməlidir. Bir neçə təşkilatlarda birləşmə, təşkilatlanmanı böyütmək lazımdır.
Mən cavab tədbiri kimi, Azərbaycandakı rus icmalarının bağlanması, rus dilinin məhdudlaşdırılması, Rusiyadan silah alınmaması kimi təklifləri dəstəkləmirəm. Bu gün Azərbaycanda 600-ə yaxın rus firması işləyir, onların Azərbaycana qoyduqları sərmayə 1 milyard yarıma qədərdir. Onlara, rus icmalarına həmişəki kimi şərait yaratmaqda davam edilməlidir. Biz öz mövqeyimizi, istəyimizi Rusiya tərəfə israrla vurğulamalıyıq. Bəlkə ÜAK-dan bir müddət əvvəl ayrılmış "Milyarderlər ittifaqı"nın nümayəndələri faktoru da bu məsələlərdə hansısa rol oynayırlar. 2013-cü il prezident seçkiləri ərəfəsində də bilirsiniz ki, müəyyən proseslər getmişdi. Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində müəyyən təzyiqlərlə nələrəsə nail olmaq istəyinin olması haqqında da fikir söyləmək olar. Ermənilər narahatdır ki, Azərbaycan Rusiyadan müasir silahlar alır. Ermənilər buna qarşıdırlar. Bizim indi müasir və nisbətən ucuz Rusiya silahını almaqdan imtina etməyimizdən ermənilər sevinər. Odur ki, biz bütün davranışlarımızı yüz ölçüb bir biçməklə etməliyik.
- Azərbaycanın və medianın gündəmində olan digər bir məsələ ilə bağlı danışmaq istərdik. Azərbaycan prezidenti İlham Əliyevin sayəsində tikilən daha bir bina jurnalistlərin ixtiyarına verilmək ərəfəsindədir. Bununla bağlı xüsusi komissiya yaradılıb, müəyyən bir elan da verilib və qaydalar da müəyyənləşdirilib. Bu məsələ ilə bağlı çoxsaylı müzakirələr, mübahisələr, çoxsaylı suallar var. Bir ümumi şəkildə bu məsələyə münasibətinizi istərdik. Növbəti dəfə çox böyük xeyriyyə xarakterli jest olunur, bundan çoxsaylı razı qalan tərəflər olduğu kimi, müəyyən narazı qalan tərəflər də olacaq. Mən bilirəm ki, artıq sizə çoxsaylı müraciətlər var. Jurnalistlərə verilən ev mövzusunda fikirlərinizi öyrənmək istərdik.
- Bu, kifayət qədər ciddi və əhəmiyyətli məsələdir. Bu məsələ ilk dəfə gündəmə gələrkən bizim də bir sıra həmkarlarımız dedilər ki, belə şey ola bilməz, əgər dövlət jurnalistə təmənnasız ev verirsə, o jurnalist tənqid obyektlərini görməyəcək və sair. Əlbəttə, bütün bunlar, sadəcə, danışıqlar idi. Yaxşı yadımdadır, jurnalistlərin ev məsələsi xeyli əvvəl başlamışdı. Evsiz jurnalistlərə mənzillərin tikilməsi ilə bağlı bir qurum da yaratmışdıq. Hətta müvafiq qurumlara müraciətlər etdik, bizə torpaq da göstərdilər. Sonra düşündük ki, bəs bunu necə tikmək olar. Sonra bir yarımtikili göstərdilər. Lakin məsələ elə bu şəkildə qalırdı. Mətbuat Şurasının binasının açılışı günü cənab prezident jurnalistlərə bina tikilməsi üçün sərəncam imzaladı. Bu, ölkə rəhbərinin jurnalistlərə münasibətini göstərirdi. Mətbuat Şurasının açılışında keçirilən görüşdə məsələ qaldırıldı...
- Kim qaldırdı?
- Mən öz fəaliyyətim haqqında nəsə demək istəmirəm, ancaq mənim üçün çox xoşdur ki, bu məsələni mən xahiş kimi qaldırdım və cənab prezident çox böyük addım atdı. Cənab prezidentlə görüşdə müəyyən məsələlərdən danışdıq. Eyni zamanda jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu, kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə təkliflərimiz oldu. Cənab prezident məsələyə çox diqqət və qayğı ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın tikilməsi ilə bağlı sərəncam imzaladı. Tezliklə binanın yeri müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. Əmin olmaq istəyirəm ki, üçüncü bina da olacaq. Çox obyektiv seçimlə jurnalistlər evlə təmin olundular...
- İndi də obyektiv olacaqmı? Birincidə hamı düşünürdü ki, dövlətin maliyyə imkanları var və növbəti bina da olacaq. Lakin indi sanki hər kəs son şans kimi baxır.
- Şübhəsiz ki, yenə obyektivlik olacaq. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq.
- Birinci binada mənzillərin paylanmasında əsas rolu Mətbuat Şurası həyata keçirirdi. İndi sanki Mətbuat Şurası həlledici rol oynamır. Bu iş artıq xüsusi komissiya vasitəsilə həyata keçiriləcək. Bu sizi sevindirir, yoxsa narahat edir?
- Binadakı mənzillərin verilməsi üçün əvvəlcə jurnalistlərin siyahıları hazırlanır təqdim olunur Prezident Administrasiyasına. Əsas məsələlər Prezident Administrasiyasında müzakirələr zamanı həllini tapır. Birinci binanın jurnalistlərə verilməsi üçün sənədlərin toplanması Mətbuat Şurasına həvalə olunmuşdu. Mətbuat Şurası həmin günləri gecə-gündüz işlədi. Elə vaxtlar olurdu ki, mən gecə saat 2-yə qədər işləyirdim. Evlərin bölünməsi də çox uğurlu oldu. Cənab prezident Ali Neft Məktəbinin binasının açılışında da jurnalistlərin binasını göstərib dedi ki, bax bu binanı da jurnalistlərə tikib vermişik və çox şəffaf bölgü oldu, püşklə həyata keçirildi bölgü. Bu, həmin fəaliyyətə verilən böyük qiymət idi...
- Bu dəfə işin təkcə Mətbuat Şurasına deyil, Mətbuat Şurasının da daxil olduğu üç qurumdan ibarət xüsusi komissiyaya həvalə edilməsi nədən irəli gəldi?
(davamı gələn sayımızda)