Şəfəqə Doğru » Manşet » Azərbaycan əhalisi «xəstə su» içir

Azərbaycan əhalisi «xəstə su» içir

Azərbaycan əhalisi «xəstə su» içir
«Azərsu» ASC vətəndaşlara Rusiyanın ləğv etdiyi DÜST 2874-82 standartı ilə su verir Dünyada hər 8 saniyədə bir uşaq keyfiyyətsiz suya görə həyatını itirir
Bir araşdırmama məşhur Fransız yazıçısı Antuan de Sent-Ekzuperinin sitatı ilə başlamışdım. Sitatda deyilir ki, "su, sənin dadın, rəngin, iyin yoxdur, səni təsvir etmək mümkün deyil, sənin nə olduğunu bilmədən səndən ləzzət alırlar". Amma çox təəssüf ki, biz suyun rəngini də bilirik, dadı və iyini də, bununla belə heç həzz almırıq. İçməli suda yad qoxunu yəqin hiss edənlər çoxdur. Bəzən rezin iyi verir, bəzən xlor, bəzən də heç ayırd etmədiyiniz və bu səbəbdən də içə bilmədiyiniz kəskin bir qoxusu var. Bu, su xətlərində baş verən qəzalarla əlaqəli deyil, xarakterik problemdir. "Bizim Yol" qəzeti bu sahədə araşdırma aparıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri aşkar ediblər ki, dünyada xəstəliklərin 80%-i keyfiyyətsiz içməli su və su təchizatı sanitar normalarının pozulması ilə əlaqəlidir. Keyfiyyətsiz su ilə bağlı xəstəliklər, belə də demək olar ki, ölümün geniş yayılmış səbəblərindəndir. BMT ekspertlərinin fikrincə, "xəstə su"dan ölən insanların sayı hər cür zorakılıq, xüsusilə müharibə qurbanlarından heç də az deyil. Su ilə bağlı xəstəliklər dörd qrupa bölünür: xəstəlik törədən mikroorqanizmlərlə yoluxmuş sudan yarananlar (qarın yatalağı, vəba, dizenteriya, poliomiyelit (yoluxucu uşaq iflici), qastroenterit, hepatit A virusu); çirklənmiş sudan istifadə nəticəsində meydana gələn dəri və selikli qişanın xəstəlikləri (traxomadan tutmuş cüzama qədər); suda yaşayan molyuskaların səbəb olduğu xəstəliklər (şistosomatoz və rishta); suda yaşayan və çoxalan infeksiya daşıyıcıları həşərat və heyvanların səbəb olduğu xəstəliklər (malyariya, sarı qızdırma). Onlardan birinə yoluxmaq üçün suqəbuledici, sutəmizləyici qurğular və boru kəmərlərində texniki pozuntu, kanalizasiya və təmizləyici qurğularda qəza, su obyektlərinə təmizlənməmiş tullantı sularının axıdılması yetərli və "əlverişlidir". Orqanizmdəki bütün proseslər sudan asılıdır. Suyun keyfiyyəti aşağı olanda immun sistemi zəifləyir, insan bir çox xəstəliklər qarşısında aciz qalır. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər təqribən hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10800, bir ayda 324 min, bir ildə 3,8 milyon uşağın ölümünə səbəb olur. İri şəhərlərdə içməli suyun qüsurlu uşaqların doğulması, ya da ölümünə səbəb olma halları ilbəil artır. 

Qonşumuzun imtina etdiyi, bizim üçün isə əbədi olan status

"Azərsu" ASC-nin web-saytında əhaliyə verilən suyun keyfiyyəti ilə bağlı standartlar bölümündə qeyd olunur: "Azərbaycanda istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. Həmin standarta müvafiq olaraq içməli suyun 35-dən çox - orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir. Hazırda mənbələrdən götürülən sular "İçməli su" standartına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir. Gələcəkdə "Azərsu" ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəricilərinin beynəlxalq standartların (Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı) tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlar üzrə içməli suyun 50-dən artıq, Avropa İttifaqı standartları üzrə isə 75-dən çox parametri təyin edilir". Bu məlumatı deyəsən saytda çoxdan oxumuşam. İnternet resurslarında DÜST 2874-82 standartı statusunun Rusiya Federasiyası ərazisində "ləğv edildiyi" yazılıb. Əvəzində DÜST P 51232-98 "İçməli su. Təşkilatlara ümumi tələblər və keyfiyyətə nəzarət üsulları"nın qüvvədə olduğu göstərilir. Belə çıxır ki, biz hələ də qonşumuzun imtina etdiyi standartla yaşayırıq. 

ASC-nin saytının keyfiyyətə nəzarət bölümündə yazılır ki, "Abşeron yarımadasına verilən içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə çatdırılana qədər müxtəlif mərhələlərdə periodik nəzarət olunur. İçməli suyun keyfiyyətinə nəzarət su mənbələrində aparılan laborator analizlərlə başlanır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Bakı şəhəri və Abşeron yarımadası üzrə 2000-ə yaxın nöqtədən (mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə obyektləri) götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir. Su nümunələrinin analizlərinin nəticələri qeyri-məqbul hesab edildikdə "Azərsu" ASC-nin müvafiq şöbəsinə məlumat verilir və içməli suyun verilməsi dayandırılır. İçməli suyun keyfiyyətinə xələl gətirəcək səbəblər aradan qaldırılır. Yenidən dezinfeksiya və təmizlənmə işləri aparıldıqdan sonra içməli suyun bir daha analizi aparılır. Yalnız analizlərin nəticələri müsbət olduğu halda içməli suyun şəbəkəyə verilməsi bərpa olunur".

Suyun tərkibindəki ölümcül "silah" ömrümüzü azaldır

Həmin suyu necə dezinfeksiya etdikləri maraqlıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa İttifaqının (Aİ) göstəricilərində içməli suda xlorun miqdarı "0" qeyd olunur, ASC isə köhnə sənədə istinadən 0.3-0.5 mq olduğunu qeyd edir. Abşeron yarımadası üzrə orta göstərici xlor üçün sərbəst qalıq 0.3 mq, əlaqəli qalıq 0.5 mq-dır. Rusiyada köhnə, bizim üçün əbədi olan standartda xloridin miqdarı 350 mq, ÜST və Aİ-də isə 250 mq. qəbul olunur. Abşeronda bunun orta göstəricidə 29-154 mq. olduğu qeyd edilib. İçməli suya xlorun normadan az qatıldığı iddia olunsa da, nədənsə onun kəskin qoxusunu hiss edirik. Üzgüçülük hovuzlarında da bu maddədən dezinfeksiya məqsədilə geniş istifadə olunur. Sahibkarlar özlərinə əziyyət verib sanitar normalara əməl etməkdənsə xloru suya qatırlar, bununla da onlara görə məsələ həll olunur. Həmin sudan istifadə edənlər üçün isə böyük risk yaradır. Xlor kəskin iyli sarımtıl-yaşıl rəngli qazdır. Birinci dünya müharibəsində ondan zəhərləyici maddə kimi istifadə ediblər. Kimyəvi reaksiyalarda tərkibində xlor olan birləşmələr təhlükəlidir. Xlor ozon qatının dağılmasında əsas faktorlardan biri sayılır. Bu maddə orqanizmdə də ciddi fəsadlar yarada bilir. Mütəxəssislər xalq dilində izah edirlər ki, xlor hüceyrələrimizdəki hidrogeni çıxararaq onun "yerini tutur". Bu isə insan ömrünü azaldır, onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Xlor orqanizmdə mütləq olmalıdır, lakin onun dozasına nəzarət etmək lazımdır. Bədəndə turşu-qələvi balansı natrium, xlorid və kalium mübadiləsidir. Onların nisbəti düzgün olmalıdır, bu nisbəti pozduqda insan xəstələnir. Bədəndə xlor mübadiləsi pozulduqda əllər, ayaqlar, üz şişir, ürəyin işində qeyri-müntəzəmlik yaranır, təzyiq gah yuxarı qalxır, gah aşağı düşür. Xlor həzmə, eyni zamanda dərinin nəm qalmasına kömək edir. Ərzaqlardan əsasən duz, çörək, pendir və s.-də olur. Bu kimyəvi element insan orqanizminə daha çox xlorlaşdırılmış su vasitəsilə, xüsusilə də krandan su içəndə normadan artıq daxil olur. Əgər biz təmiz su içmiriksə, qocalma prosesi təmiz su içənlərlə müqayisədə tez başlayır. Su vasitəsilə yüksək dozada xloridin qəbulu ilə ilk növbədə insanın tənəffüs orqanları əziyyət çəkir, bronxit, sətəlcəmə tutulur. Lakin suyu xlorlamağa davam edirlər, baxmayaraq ki, artıq çoxdan sübut olunub ki, bu kimyəvi maddə heç də bütün zərərli mikroorqanizmləri məhv etmir, onların çoxu "sağ-salamat" qalır, bədənimizi zəhərləməyə davam edir. Bu toksinlər xlorla əlaqəyə girib genetik səviyyədə pozuntulara səbəb olmaq gücündədir. Hətta tez-tez xlorlu su ilə duş qəbul etdiyiniz zaman xlorun böyük dozası dəri vasitəsilə orqanizmə daxil olur. Bu vaxt toksinlərin qana düşməsi 20-30% artır. Finlandiya və ABŞ alimləri tədqiqatlar yolu ilə sübut ediblər ki, qaraciyər xərçəngi və böyrək şişləri hallarının 2%-i içməli suyun həddindən artıq xlorlanması səbəbindən baş verir. Əlbəttə, bu, immun sistemi xəstəlikləri ilə müqayisədə yüksək faiz deyil - suyun tərkibinin həddən artıq xlorlu olmasından bizim immun sistemimiz 80% zərər görür, xlorlanmış suyu daim içəndə isə bütün daxili orqanlar əziyyət çəkir. İnkişaf etmiş ölkələr xlordan imtina ediblər, suyu ultrabənövşəyi şüalar, ozon vasitəsilə zərərsizləşdirirlər. Primitiv qaydada isə su bir neçə yolla xlordan təmizlənir. İlk növbədə, ona 15-30 dəqiqə müddətində aktivləşdirilmiş karbon atılır. Uzaqbaşı suyu qaynadıb, sutka ərzində gözləmək olar, amma bu yol az effektlidir, yüksək temperaturda suyun tərkibində olan bütün vacib maddələr, xüsusilə də minerallar məhv olur.

Əhaliyə "su pulu" düşür

Su kəmərlərinin keyfiyyətsiz olması da içməli suyun qəbulunda təhlükəli amil sayılır. Köhnə borulardan dəmir, qurğuşun, sink, mis, flüor, hidrogen-sulfid, alüminium, selen kimi kimyəvi elementlər su vasitəsilə orqanizmə daxil olur və fəsadlar törədir. Mütəxəssislər hesab edirlər ki, içməli suyun kimyəvi, mikrobioloji və ekotoksikoloji tədqiqatı mütləq aparılmalıdır. Ümumiyyətlə, suyu zərərli bakteriyalardan təmizləmək üçün onu qaynadırlar. Lakin suyu qaynatdıqda tərkibində nitrat, pestisidlər, duzlar, ağır metallar təhlükəli xarakter alır. Bu səbəbdən də filtrdən keçirilən suyu içməyə üstünlük verilir. Düzgün seçilməyən filtrlərdən istifadə də risklidir. Üstəlik filtri periodik olaraq dəyişmək əlavə vəsait tələb edir. Ən effektiv yolu mikrobların aşağı temperaturda zərərsizləşdirilməsidir. İngiliscədə buna "melt water" - ərimiş su, ya da "strukturlaşdırılmış su" deyilir. Qaynatmadan fərqli aşağı temperaturda mikroblar ölür, amma suyun tərkibi itmir. Adi su ilə müqayisədə bu su hətta deyilənə görə müalicəvi əhəmiyyətli dərman sayılır. Ev şəraitində asanlıqla hazırlanır. 

Bir dəfə "Azərsu" ASC rəsmilərindən biri "Bakıda da əhali suyu pulla alır, xəbəriniz yoxdur, Pirallahı nə ilə yaşayır", deyə sualıma sualla cavab vermişdi. Sonradan Pirallahı qəsəbəsinə gedəndə həqiqətən də orda içməli suyun olmadığına şahidlik etdim. Dənizin suyu krandan axan mayedən qat-qat yaxşıydı. Amma öyrəndim ki, qəsəbə sakinləri dövlətdən "supulu" alırlar. Paytaxtda da əhalinin böyük bir qismi kran suyu içmir, pulunu ödəyib hazır qablarda su alırlar. Lakin onlara "supulu" düşmür, çünki hökumətdə hesab edirlər ki, əhaliyə verdikləri suyu içmək olar. Hərçənd özlərinin onu içmədiklərindən əminəm. Kran suyunu nəinki içmək olmur, evdəki güllərə belə suyu pambıq vasitəsilə süzərək zərərsizləşdirdikdən sonra verirəm və pampıq çirkdən rəngini elə dəyişir ki, hər dəfə onu təzələməli oluram. Deməyim odur ki, suyun çirkli olduğunu sübut etmək üçün bizə heç laboratoriya lazım deyil, adi gözlə də onun təhlükə mənbəyi olduğu görünür. Oğuz-Qəbələ boru kəməri ilə gələn suyun hara ötürüldüyünü bilmirəm, bizə verilmədiyi dəqiqdir. Kiminsə biznesinə çevrilməyibsə, onda hansı səbəbdən iyli, rəngli su içməyə məcburuq? Biz təmiz suya həsrət qalacaq, gedib onu marketlərdən alacaqdıqsa, onda su kəmərlərinin tikintisinə, əhaliyə verilən içməli suyun təmizlənməsinə hər il niyə iri vəsaitlər ayrılır? "Azərsu" son illər ən çox dövlət və qeyri-dövlət investisiyalarının yönəldildiyi təşkilatdır. Bu sahəyə xərclənən vəsaitlərlə bağlı növbəti araşdırmamızda məlumat verəcəyik... .bizimyol.info/