Ölkənin bütün məmur korpusu ayağa qaldırılıb; Hakimiyyət düşərgəsində ciddi və sərt tədbirlər görülməsi üçün tapşırıqlar verilib…
Ölkə rəhbərliyi Azərbaycan xalqının əsəblərini korlayan məmurlar və balaları ilə bağlı daha ağır cəzalar ölçüb-biçməkdədir.
Bu barədə Ulus.Az-a iqtidardakı mötəbər qaynaqlardan sızan məlumatda belə qeyd olunub. Məlumatda iddia olunur ki, vəziyyət ürəkaçan deyil.
Hüquq-mühafizə orqanlarının rəhbərlərinə, nazirlərə, müavinlərinə, komitə sədrlərinə, millət vəkillərinə, ayrı-ayrı qurumlara, generallara xüsusi göstəriş verilib.
Siyasi hakimiyyət mərkəzindən gələn tələb və təlimat ondan ibarətdir ki, hər bir məmur özünə və ailə üzvlərinə nəzarəti gücləndirməlidir. Son hadisələr fonunda yaranmış gərginlik və ardı-arası kəsilməyən qudurğanlıqlar ölkədə qarşıdurmaya səbəb ola bilər.
Xalqla hökumət, vətəndaşlarla prezident arasındakı telləri qoparmağa çalışan, körpüləri yandırmağa cəhd edən harın məmur uşaqları, onların dəbdəbəli həyatından yayılan fotolar əhalidə qıcıq oyadır.
Bu aqressiyanı getdikcə şiddətləndirən məmur uşaqları, onların tərbiyəsiz və saymazyana hərəkətləri, sadə insanlara qarşı qudurğanlığı cəmiyyətdə bir təbəqələşmə yaradır.
Ölkədə seçkiqabağı xoşagəlməz insidentlərin, təxribatların yaranmasına zəmin yarada biləcək bu halların aradan qaldırılması istiqamətində bütün məmur ordusuna komanda verilib.
Iqtidardakı mötəbər qaynaqlardan sızan məlumatda belə qeyd olunur ki, yaxın vaxtlarda keçiriləcək müşavirədə dövlət başçısı məmur uşaqları ilə əlaqədar tezisləri səsləndirəcək.
Prezidentin görməyə gözü olmayan bu özbaşınalıqlar artıq xirtdəyə çatıb. Ölkə rəhbəri daha sərt cəza metodlarının işə salınmasına göstəriş verə bilər. Çünki təkcə general Novruzəli Orucovun oğlu, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi ilə bu tendensiya durmur. Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur.
Bu, məntiqlidir, çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.
O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar.
Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu ilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı üsyan edir.
Prezident dəfələrlə bəyan edib ki, dövlət məmurları öz şəxsi maraqlarına deyil, xalqa xidmət etməli, onların ailə üzvləri isə özlərini ciddi aparmalı və başqalarına müsbət nümunə olmalıdır.
Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Amma bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər.
Məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir.