Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Stansiya Mahmudlu qəsəbəsində qərarlaşdığına dair məlumat almışıq. JAM.AZ-a hərbi mənbələrdən daxil olmuş məlumata görə, aprelin 1-i gecə saatlarından başlayan əməliyyatlar zamanı hərbi birləşmələrimiz sözügedən qəsəbəyə qədər irəliləyə biliblər. Hazırda isə həmin yaşayış məntəqəsində ordu hissələrimiz müdafiə istehkamları qurduğu və müdafiə xətti təşkil etdiyi vurğulanır.
Qeyd edək ki, bu məlumatın nə qədər həqiqət olduğu barədə dəqiq nəsə deyə bilmərik. Düzdür, Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin artıq təhlükədən xeyli uzaq qaldığını və müdafiə xəttinin bir qədər də irəliyə aparıldığını təsdiqləyib. Hətta Cocuq Mərcanlı kəndinin sakinləri yavaş-yavaş öz doğma yurdlarına toplaşaraq, orada yaşamaq qərarı da veriblər. İnsanlar ilk olaraq qəbristanlıqlarda torpaq altında yatan əzizlərinin qəbirlərini ziyarət ediblər.
JAM.AZ - xəbər verir ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə hərbçilərimizin Xudafərin körpüsü yaxınlığında fotoşəkil çəkdirdiklərinə dair məlumat yayılmışdı. Həmin fotolardan aydın görünürdü ki, körpünün o biri başında Azərbaycan Bayrağı dalğanalır. Hərçənd Müdafiə Nazirliyimiz bu barədə hər hansı bir açıqlama verməyib. Eyni zamanda, təkzib də yayımlamayıb. Lakin Xudafərin körpüsünün bizim ordunun əlində olması o deməkdir ki, Cəbrayılın Stansiya Mahmudlu da hərbçilərimizin əlindədir.
Ortada maraqlı bir məqam daha var. Azərbaycan Ordusunun Stansiya Mahmudluya qədər irəliləməsi üçün daha bir neçə kəndi işğaldan azad etməsi lazımdır. JAM.AZ rayonun xəritəsinə istinadən xəbər verir ki, Stansiya Mahmudluya qədər Mehdili, Böyük Mərcanlı, Aşağı Mərcanlı, Çaxırlı və daha bir reçə kəndi keçdikdən sonra sözügedən yaşayış məntəqəsinə yetişmək mümkündür. Əgər məlumat təsdiqini taparsa, bu artıq o deməkdir ki, Azərbaycan Ordusu Araz boyu ərazilərin bir qisminə nəzarəti tam bərpa edib.