Qazax rayonunun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda geniş məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin doqquz ayı ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Ölkə başçısı öz çıxışında doqquz ayda ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir. Qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.
Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.
İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb.
Doqquz ayda 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir.
Ölkə başçısı bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verdiyini qeyd etmişdir. Xüsusilə, neft sektorunda "Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və "Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir.
Bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə ilə 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik.
Ölkə başçısı Davos Dünya İqtisadi Forumunun hesablamalarında Azərbaycanın bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxdığını və öz reytinqini daha da yaxşılaşdırdığını bildirmişdir. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğurumuzdur, tarixi nailiyyətdir. Cənab Prezident onu da qeyd etmişdir ki, MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq.
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir.
2017-ci ilin 9 ayı rayonumuz üçün də uğurlu olmuşdur.
Qazax rayonu üzrə 2017-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9.249.000 manat məbləğində müəyyənləşdirilmişdir. 2017-ci ilin 9 ayında yerli daxilolmalar 6.386.435 manat proqnoza qarşı 7.245.924 manat və ya 113,46 faiz yerinə yetirilərək büdcəyə 859.489 manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 2.381.265 manat və ya 48,95 faiz çox vəsait daxil olmuşdur.
2017-ci ilin 9 ayında qarşılıqlı hesablaşmalar əsasında 809.004 manat vəsait daxil olmuş və 694.731 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir. Yekun olaraq 2017-ci ilin 9 ayında yerli gəlirlər cəmi 7.195.439 manat proqnoza qarşı 8.054.928 manat, yəni 11,94 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 859.489 manat, yəni 11,94 faiz çox vəsait mədaxil olunmuşdur.
2017-ci ilin 9 ayında yerli xərclər 7.355.446 manat proqnoza qarşı 6.021.817 manat icra olunaraq 81,87 faiz icra olunmuşdur.
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2017-ci ilin 9 ayı ərzində əhaliyə 8.900.070 manat kredit verilmişdir. Əhalidən 1.603.069 manat və 321.378 ABŞ dolları və 15.000 avro əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 94 yeni iş yeri açılması nəzərdə tutulan 75 layihə üzrə 935.000 manat kredit verilmişdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2017-ci ilin 9 ayında 27.800.000 manat vəsait köçürülmüşdür. Şöbədə 2017-ci ilin 9 ayı ərzində sosial sığorta haqları üzrə yığım proqnozu 93,9 faiz yerinə yetirilmişdir. Belə ki, 2.275.700 manat proqnoza qarşı 2.138.700 manat vəsait toplanmışdır. O cümlədən, bu göstərici büdcə təşkilatları üzrə 1.399.700 manat proqnoza qarşı 1.341.100 manat toplanmaqla 95,7 faiz, qeyri-büdcə təşkilatları üzrə 875.700 manata qarşı 797.700 manat olmaqla 91,1 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 150.700 manat çox olmuşdur.
2017-ci ilin 9 ayında 1.414 ailənin 5.475 üzvünə 1.882.000 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2.424 nəfər müharibə veteranına 1.174.800 manat müavinət, 4.121 nəfərə 2.094.000 manat sosial müavinət ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2017-ci ilin 9 ayı ərzində Qazax Elektrik şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 12 ədəd 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 10/0,4 kv-luq yarımstansiyalarda 442 ədəd transformatorda cari təmir işləri aparılmış, 0,4 kv-luq şitlərdə 22 ədəd ayrıcı yenisi ilə əvəz edilmiş, 18 ədəd zədəli transformator təmir edilərək sxemaya qoşulmuşdur.
Hava xətlərində 95,89 km uzunluğunda cari təmir işləri aparılmış, 1.609 ədəd izalyator dəyişdirilmişdir. 34,3 km məsafədə ağaclar budanmış, 39,65 km uzunluğunda tarımlama işləri aparılmış, 266 ədəd ağac dayaq beton dayaqla əvəz edilmişdir. 9,4 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuşdur. Qazax şəhəri, Kosalar, Çaylı və Daş Salahlı kəndlərində SİP kabelin çəkilişi üçün 196 ədəd metal dayaq, 39 ədəd beton dayaq quraşdırılmış və 13,86 km uzunluğunda SİP kabel çəkilmişdir. Kosalar kəndində yeni salınmış məhəllənin işıqlandırılması üçün 1 ədəd 160 kv gücündə transformator quraşdırılmışdır. İtkilərin azaldılması məqsədilə 5 ədəd transformator sxemadan çıxarılmışdır. 97 ədəd dayaq məhəllələrdən çıxarılaraq evlərin çöl hissəsində quraşdırılmışdır. Rayonun 22 ədəd yaşayış hissəsini ikitərəfli işıqlandıran 35 kv-luq Göyəzən və 35 kv-luq Qazax-1 hava xətlərində fazalaşma aparılmışdır. Vaxtı ilə məcburi köçkünlər yaşayan "Göy bina” kimi tanınan ərazidə yeni daha güclü transformator quraşdırılaraq istifadəyə verilmişdir. Rayonun əkin sahələrini suvarmaq üçün 35/6 kv-luq birinci Pillə Nasos yarımstansiyası işə salınmışdır. 2017-ci ilin 9 ayı ərzində Şəbəkə üzrə cəmi pul yığımı 4.991.800 manat olmuşdur. O cümlədən, pul yığımı yerli əhali sektorunda 1.908.100 manat, sərfiyyat dəyəri isə 1.964.300 manat, yığım faizi 97,1 faiz olmuşdur. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə şəbəkə üzrə cəmi pul yığımında 1.410.800 manat, əhali sektorunda isə 381.300 manat artım olmuşdur.
Bildiyiniz kimi Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 9 ayda 106 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 587 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 126 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur. Rayon ərazisində 1.527 p/m qaz xətləri korroziyaya uğradığına görə yenisi ilə əvəz olunmuş, müxtəlif diametrli 2.595 p/m qaz xətti torpaq altından çıxarılaraq dayaq üzərinə qaldırılmış, 6.360 p/m qaz xətləri rənglənmişdir. Rayon ərazisində 13 ədəd müasir tipli qaz tənzimləyici şkaflar (ŞQTM) quraşdırılmışdır. Əhali abonentlərə satılmış qazın dəyəri 2.451.858 manat, yığım isə 2.759.724 manat olmaqla 112,6 faiz yerinə yetirilmişdir. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yığım 18,1 faiz çox olmuşdur.
Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2017-ci ilin 9 ayının yekununa görə 1.065.000 manat tarif gəliri proqnozuna qarşı 1.064.100 manat gəlir əldə edilərək proqnoz tapşırığa 100 faiz əməl olunmuşdur. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 75.200 manat artıq vəsait yığılmışdır. 9 ay ərzində 79 ədəd yeni telefon çəkilmiş, 29 ədəd telefon şəbəkəyə bərpa olunmuş, "Aztelekom” Net provayderi üzrə 349 ədəd sürətli internet xidmətinə yeni qoşulma olmuş, ümumi istifadəçi sayı 827 nəfər artaraq 5.539-a çatmışdır. Rayon ərazisində 18 ədəd köhnə ağac dayaq dəmir dayaqla əvəz olunmuş, 54 ədəd yeni dəmir dayaq, 36 ədəd isə ağac dayaq basdırılmış və rabitə xətləri qaydaya salınmışdır. Daş Salahlı kəndi ərazisində 100 nömrəlik xətt təsərrüfatı tikilib istifadəyə verilmişdir.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su, telefon pulları, həmçinin vergi, DSMF, DİN-nin ödənişləri qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 110 faiz yerinə yetirilmişdir, yəni 258.640 manata qarşı 284.468 manat yerinə yetirilmişdir. Filial tərəfindən 349 ədəd bağlama qəbul edilmiş və 327 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin 4.804 məktub göndərilmiş, 9.748 ədəd məktub qəbul edilmişdir. "Sınıq Körpü” Buraxılış Məntəqəsində yerləşən poçt şöbəsi tərəfindən 46.527 manat gömrük haqları operativ şəkildə yığılaraq aidiyyəti hesablara vaxtında köçürülmüşdür.
"Qazax-Avtovağzal” ASC-i 2017-ci ilin 9 ayı ərzində plana 107 faiz əməl edərək 301.000 nəfər sərnişinə xidmət göstərmişdir.
Qazax "Su-kanal” idarəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində 6.124 əhali, 246 qeyri-əhali abonentlərə xidmət göstərilmiş və 404.856 manat vəsait toplanmışdır. Bu isə satışın 93 faizini təşkil edir. 2017-ci ilin ötən dövründə abonentlərin sayı 121 abonent olmaqla 123 nəfər artmışdır. Təşkilat tərəfindən 2 ədəd artezian nasosu yenisi ilə əvəz olunmuş, 3 ədəd artezian nasosu və 4 ədəd su mühərriki əsaslı, 7 ədəd su mühərriki cari təmir olunmuş, 6 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur. Qazaxbəyli kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbənin çirkabsu təmizləmə qurğusunda yerləşən 3 ədəd elektrik mühərriki və 2 ədəd nasos əsaslı təmir olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Babək küçəsində yerləşən 30 yaşayış evinin tullantı sularının axıdılması məqsədilə diametri 200 mm olan uzunluğu 550 m uzunluğunda yeni kanalizasiya xətti çəkilmiş, Ş.Çobanov 10 ünvanında yerləşən yaşayış evlərinin tullantı sularının axıdılması üçün yeni kanalizasiya xətti və şanbo tikilib istifadəyə verilmiş, H.Əliyev prospekti 179 saylı binanın zirzəmisindəki daxili magistral xətt yenisi ilə əvəz edilmiş və Ağköynək kəndində 40 yaşayış evinə subartezian quyusundan su xətti çəkilib istifadəyə verilmişdir.
2017-ci ilin 9 ayı ərzində Qazax Kommunal Müəssisələri Kombinatına 359.861 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 97.084 manat çoxdur. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2017-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının yaşıllaşma və təmizlik sahələrində 108 nəfər işlə təmin olunmuşdur.
Qazax Mənzil İstismar Sahəsi tərəfindən ötən 9 ay ərzində 17 binanın dam örtüyündə sınmış və çatlamış şiferlər dəyişdirilmiş, çox mərtəbəli yaşayış binalarının tüstü bacaları və zirzəmiləri təmizlənmiş, 13 binanın zirzəmisində olan kanalizasiya xətləri təmir edilmişdir. 1 şəhid ailəsinin yaşadığı mənzil təmir olunmuşdur.
N.Nərimanov yaşayış massivində əhalinin gediş-gəliş yolunda 2 ədəd böyük məsafəli pilləkan yığılmışdır. Ş.Xiyabanı 27 ünvanında məskunlaşmış məcburi köçkünlər üçün su xətti çəkilmiş və su hovuzu inşa edilmişdir. Azadlıq küçəsi 97 ünvanında ümumi məhəllədə 3 pilləkanda cari təmir işləri aparılmışdır. Ötən dövr ərzində sakinlərdən 8.167 manat mənzil haqqı yığılmaqla plan 100 faiz yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq əlavə 20 ədəd çoxmənzilli binalarda təmir işləri aparılmışdır. Cəmi 24 binaya qarşı 42 binada işlər görülərək başa çatdırılmış, 2 binada isə son tamamlama işləri aparılır.
Bundan əlavə Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılmış və işlər yekunlaşmışdır. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur.
2017-ci ilin 9 ayı ərzində rayonun mədəniyyət, təhsil və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında əmakdaşlıq sazişi imzalanmışdır. Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə Qazax rayon İcra Hakimiyyəti başçısı 09 iyun 2017-ci il tarixli 9-21/57 nömrəli Sərəncam imzalamışdır. 21 iyun tarixində Trakay rayon bələdiyyəsinin meri Edita Rudeline və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Səfər zamanı qonaqlar Qazaxın mədəniyyəti, tarixi abidələri və görməli yerləri ilə tanış olublar.
Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində əsaslı təmir işləri aparılmış, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılmışdır. 2017-ci ilin 9 ayı ərzində rayonda Yeni il şənliyi, 2 Fevral Gənclər Günü, 8 Mart Qadınlar bayramı, Novruz bayramı, 20 Yanvar Faciəsi, 26 Fevral Xocalı Faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırım Günü, 18 Aprel Tarixi Abidələrin Mühafizəsi Günü, 9 May Faşizm üzərində Qələbə Günü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94 illik yubileyi, 28 May Respublika Günü, 1 İyun Uşaqları Beynəlxalq Müdafiəsi Münü, 15 İyun Milli Qurtuluş Günü, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, 22 iyul Milli Mətbuat Günü, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, 12 avqust Beynəlxalq Gənclər Günü, 15 sentyabr Bilik Günü və bir sıra başqa əlamətdar günlərlə bağlı kütləvi tədbirlər və Azərbaycanın şair və yazıçılarının yubileyləri geniş və əhatəli keçirilmişdir. Ümumilikdə ötən dövr ərzində mədəniyyət müəssisələri tərəfindən 1879 mədəni-kütləvi tədbir keçirilmişdir.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11.691 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.713 nəfər müəllim məşğul olur.
2017-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 309 nəfər şagird iştirak etmişdir. Zona mərhələsində yüksək yer tutmuş 1 nəfər şagird aprel ayında Bakı şəhərində keçirilmiş final mərhələsində iştirak edərək Nazirliyin Sertifikatını almışdır.
"Fövqəladə Hallar uşaqların gözü ilə” müsabiqəsinin respublika mərhələsində Qazax şəhər 5 saylı tam orta məktəbin şagirdi Bayramov Nurlan "Model Nominasiyası”nda üçüncü yerə çıxmışdır. Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
2017-ci ilin may ayında Qazax rayon müəllimləri Diaqnostik qiymətləndirmədə iştirak etmişlər. Qiymətləndirmədə 1392 nəfər müxtəlif fənn müəllimləri iştirak etmişdir. Onlardan yalnız 9 nəfəri 10-dan aşağı bal toplamışdır. 1029 müəllim 30 baldan, yəni 50 faizdən yuxarı bal toplamışdır. Bu iştirak edən müəllimlərin 73,9 faizini təşkil edir.
Rayonda tədrisin keyfiyyətinin artırılması məqsədilə rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən ayrı-ayrı fənlər üzrə 9 nəfər fənn müəllimləri və RTŞ-nın məsul işçilərindən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən tədrisin vəziyyətini öyrənmək məqsədilə 38 məktəbdə 268 müəllimin dərsləri dinlənilmişdir. Dinləmələrin nəticəsinə görə 86 müəllim yüksək, 169 müəllim orta, 13 müəllim isə zəif qiymətləndirilmişdir.
Yekunda yüksək nəticə göstərən müəllimlərin diaqnostik qiymətləndirmə balı da nəzərə alınmaqla 2 nəfərə rayon İcra Hakimiyyəti başçısının Fəxri-Fərmanı, 7 nəfərə təşəkkür elan edilmişdir. 12 nəfər işçi qrupunun üzvü, 9 nəfər ən yüksək nəticə göstərən müəllimlərin məktəb direktorları, Təhsil şöbəsinin müdiri və aparıcı məsləhətçisi İcra Hakimiyyəti başçısı tərəfindən mükafatlandırılmışdır.
2017-ci ilin mart ayında məktəblilərinin yaz tətilində "Ölkəmizi tanıyaq” tur-aksiyasında rayonun IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki-Zaqatala bölgəsində olmuşdur. Tur-aksiya zamanı keçirilən bilik yarışmasında rayonumuzun komandası yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşdür. Həmin şagirdlər Fəxri Fərmanla mükafatlandırılmışlar.
2016-2017-ci tədris ilində rayon üzrə 777 nəfər məzundan 432 nəfəri ali məktəblərə qəbul imtahanında iştirak etmiş və 264 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bunlardan da 14 nəfər 600-dən yuxarı, 58 nəfər 500-dən yuxarı bal toplamışlar. Məzunların qəbulolma göstəriciləri 61% olmuşdur.
Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb binasının tikintisi başa çataraq istifadəyə verilmişdir. Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseydə təmir işləri aparılmışdır.
Bakı Dövlət Universitetinin Qazax filialında 13 ixtisas üzrə 689 tələbə təhsil alır. Tələbələrdən 611-i əyani, 78-i qiyabi olmaqla respublikamızın 54 rayonunu təmsil edirlər. Filialın yeni tədris korpusunun-kampus tələbə şəhərciyinin tikilib istifadəyə verilməsi üçün 6 hektar torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmışdır. Yaxın müddətdə təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır.
Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.
Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilmiş, müasir tələblərə cavab verən binada yenidən fəaliyyətə başlamışdır.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri aparılır.
Bundan əlavə "HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərində son tamamlama işləri aparılır. Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hal-hazırda Xanlıqlar kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir, yaxın günlərdə istifadəyə veriləcəkdir.
Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçaları istilik sistemi ilə təchiz olunmuşdur.
Bağçalar "Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur.
Fövqaladə Hallar Nazirliyinin yerli nümayəndəliyi ilə birlikdə rayonun körpələr evi-uşaq bağçalarında və təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər planı hazırlanmış, işçilərin təlimatlandırma jurnalı tutulmuş, təlimatlar verilmiş, yanğının qarşısını almaq üçün məsul şəxslər təyin olunmuş, qruplar yaradılmış və xəbərverici lövhələr hazırlanıb asılmışdır.
Qazax rayon Mərkəzi Xəstəxanasının 30 çarpayılıq Uşaq Xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə TÜRKKIZILAYI-nın əməkdaşlığı sayəsində Abbasbəyli kəndində sahəsi 40 kvadratmetr olan 2 otaqlı tibb məntəqəsi tikilərək istifadəyə verilmişdir.
Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 112.317 nəfər olmuş, 605 nəfər rentgen-flüoroqrafiya müayinəsindən keçirilmiş, 357 nəfər əməliyyat olunmuş, 912 nəfər laborator müayinədən keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasında 2.858 nəfər şəkərli diabet xəstəsi, 257 nəfər vərəmli xəstə, 709 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır.
Fevral ayının 15-dən etibarən Dövlət Başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla həyata keçirilmişdir. 66.673 nəfər əhali tibbi müayinədən keçirilmiş, 65.191 nəfər sağlam hesab edilmiş, 1.026 nəfər ambulator müalicəyə, 224 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir.
Şəkərli diabet, onkoloji və vərəmli xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər. Rayon üzrə 1750 xəstəyə qanda şəkərin miqdarını təyin edən "Qlukometr” aparatı paylanılmışdır.
Aprel ayının 22-də Səhiyyə Nazirliyinin tövsiyəsi ilə rayonumuzda kütləvi qanvermə aksiyası keçirilmişdir. Aksiyada 70 litrə yaxın qan tədarük edilərək Respublika Qan Bankına verilmişdir.
Rayonumuzda respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir.
Qazax Müalicə Diaqnostika Mərkəzinə 9 ay ərzində 18.111 ambulator gəliş olmuş, mərkəzdə 93.368 laboratoriya müayinələri olunmuş, 679 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsinə 26 nəfər xəstə daxil olmuşdur. Onlardan 6 nəfəri köçürülmüş, 2 nəfəri sağalmış, 15 nəfəri vəfat etmişdir. Xəstələr üzərində 6.220 hemodializ seans aparılmışdır.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2017-ci ilin 9 ayında gənclərlə iş sahəsi üzrə 15, bədən tərbiyəsi və idman sahəsi üzrə 23 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 3.323 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 31, respublika yarışlarında 67 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
Məhəmmədəli Pəhləvan adına güləş zalında əsaslı təmir işləri başa çatmış və istifadəyə verilmişdir.
2017-ci ilin 9 ayı ərzində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 12.524.300 manat, ümumi məhsul buraxılışının həcmi 124.060.000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 25.558.000 manat keçən ilə nisbətən 2,2 dəfə çox, kənd təsərrüfatı məhsullarının həcmi 50.530.000 manat 2016-cı ilin müvafiq dövrünə nisbətən 7 faiz çox olmuşdur. Rayon üzrə adambaşına düşən məhsul buraxılışı 1.295 manat, orta aylıq əmək haqqı 269,3 manat olmuşdur.
Tikinti-quraşdırma işlərinin həcmi 9.206.100 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 3.500.000 manat olan 249 yaşayış evi tikilib istifadəyə verilmişdir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. 2017-ci ilin ötən dövrü ərzində 10 yeni müəssisə yaradılmış, 1.350-i daimi olmaqla 1.391 yeni iş yeri açılmışdır.
2017-ci ilin 9 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 22 müəssisədən 364 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 2.062 nəfər vətəndaşdan 1.574 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 434 nəfər münasib işlə təmin olunmuş, 164 nəfərə işsizlik statusu verilmiş və 187 nəfərə müavinat təyinatı aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin edilməsi” ilə bağlı sərəncamının icrası ilə əlaqədar rayonumuzda 14 ailə özünüməşğulluq lahiyəsinə cəlb edilmiş, 11 ailə mal-materiallarla təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş "ASAN qatar” konsepsiyası reallaşdırılıb. Fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar "ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərmişdir. 15 gün ərzində xidmətlərdən 4531 nəfər vətəndaş yararlanmışdır. Bundan əlavə Səyyar Asan Xidmət iyun ayında da 15 gün müddətində Qazax rayonunda sakinlərə xidmət göstərmişdir. Bu xidmətlərdən 2443 nəfər vətəndaş yararlanmışdır.
Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi, 2017-ci ildə də davam etdirilmişdir.
Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardürlar düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş, işıq sistemi quraşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhidlərin abidə kompleksində tamamilə yenidənqurma işləri davam etdirilir.
Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Qazax şəhəri H.Əliyev prospektində və digər küçələrdə 3890 p/m uzunluğunda yeni bardür düzülmüş, əraziyə tamet döşənmiş, bu istiqamətdə işlər davam edir.
Heydər Əliyev Mərkəzinin dam örtüyü, pilləkan qəfəsinin üst hissəsi təmir işləri aparılmış, hazırda binanın daxilində təmir işləri davam etdirilir.
Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma və abadlıq işləri başa çatdırılmış, əvvəl qoyulmuş "At heykəli” götürülərək yeni daha əzəmətli "At heykəli” qoyulmuşdur.
Qazax şəhəri ərazisində hərbi şəhərcikdə Şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilmişdir. 6 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir.
"Azərxalça”ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin tikintisi sürətlə davam etdirilir.
İkinci Şıxlı kəndində "Sınıq Körpü” Buraxılış Məntəqəsində yenidənqurma və abadlıq işləri aparılmışdır.
Yuxarı Salahlı kəndində Səməd Vurğunun Ev Muzeyində əsaslı təmir işləri davam etdirilir.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.
Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaqdır.
"Körpü-Bina-Tikinti” MMC tərəfindən uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli avtomobil yolunun və uzunluğu 2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım avtomobil yolu ilə birləşdirən avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
"Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən, avtomobil yolunun tikintisi işləri yekunlaşmaq üzrədir.
Hazırda uzunluğu 7 km olan strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisi üçün hazırlıq işləri görülür.
Rayonun kənd yaşayış məntəqələrindən 104 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Rayonun Quşçu Ayrım kəndində 4 ədəd, Fərəhli kəndində 3 ədəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 9 ədəd sığınacaq tikilmişdir. Məzəm kəndində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 576 metr uzunluğunda istinad divarı tikilir.
"Mina təhlükəsizliyi” ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentleyi (ANAMA) tərəfindən rayonumuzda 2017-ci ilin 9 ayı ərzində 6 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilmişdir.
Rayonun Ermənistanla təmasda yerləşən Ağköynək, Daş Salahlı, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Məzəm, Quşçu Ayrım, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, İkinci Şıxlı və Fərəhli kəndlərində Polis məntəqələri tikilmişdir.
Çaylı kəndindəki Şəhidlər Xiyabanında da əsaslı təmir işlərinə başlanılmışdır. Çaylı və Kommuna kəndlərindən olan şəhidlərin xatirəsinə Çaylı və Kommuna kəndlərini içməli su ilə təmin edən kəhriz quyularında "Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 13 tonluq hovuzun tikintisinə başlanılmışdır və işlər yekunlaşmaq üzrədir.
Daş Salahlı kəndinin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə başlanılmışdır. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri başa çatmaq üzrədir.
Daş Salahlı kəndində içməli su xəttinin çəkilişinə başlanılmışdır.
Rayonun Aslanbəyli, Abbasbəyli və Xanlıqlar kəndlərində nəzarət buraxılış məntəqələrinin tikintisi başa çatmaq üzrədir.
Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni Əhəng zavodunun tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6-da işlər yekunlaşmış, 2017-ci ildə isə daha 6 yaşayış evinin tikintisinə başlanılmışdır.
2017-cı ilin 9 ayı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 3 ədəd, Orta Salahlı, Xanlıqlar, Kosalar və Canalı kəndlərinin hər birində 1 ədəd, cəmi 10 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. 2017-ci ildə daha 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur ki, bunlardan Alpout kəndində 1 ədəd subartezian quyusunun qazıntısına başlanılmışdır.
Kənd təsərrüfatı bitkilərini normal suvarma suyu ilə təmin etmək məqsədi ilə Qazax Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində rayonun müxtəlif yaşayış məntəqələrində 78.700 p/m arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılmışdır. 2017-ci ilin 9 ayı ərzində 82.743 min kubmetr faktiki olaraq su götürülmüş və aidiyyəti üzrə su istehlakçılarına verilmişdir. 2017-ci ilin payız suvarmasını və 2018-ci təsərrüfat ilinə hazırlıq məqsədilə su təsərrüfatı sahələrində lildən və kol-kosdan təmizləmə, hidrotexniki qurğuların və hidropostların təmiri işləri davam etdirilir. Rayonda 6 Sudan İstifadə Birlikləri fəaliyyət göstərir. Bu birliklərdə 42 nəfərdən ibarət işçi heyəti vardır və suvarma suyunun itkisiz və səmərəli istifadə olunmasına ciddi nəzarət olunur.
2017-ci ilin məhsulu üçün 2.750,6 hektar arpa, 8.277,7 hektar buğda olmaqla, cəmi 11.028,6 hektar taxıl becərilmişdir. 2017-ci ildə cəmi 36.469 ton məhsul əldə olunmuşdur ki, bunun da 29.840 tonu buğda, 6.629 tonu isə arpadır. Bir hektar sahədən 36,00 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur. Keçən illə müqayisədə cəmi taxıl əkini 3.219,8 hektar, götürülmüş məhsul isə 12.660,8 ton, orta məhsuldarlıq isə 2,63 sentner çox olmuşdur. 2018-ci ildə 12.266 hektar sahədə əkilməsi proqnozlaşdırılan payızlıq taxıl sahəsindən 6.109 hektarında şum aparılmışdır. 2017-ci ildə 809 hektar kartof, 523 hektar şəkər çuğunduru, 504 hektar qarğıdalı, 34 hektar vələmir, 62,5 hektar günəbaxan, 483,3 hektar tərəvəz, 85,92 hektar süpürgə, 3.336 hektar yonca, 5,6 hektar darı, 52 hektar paxlalılar, 50 hektar tütün, 31,4 hektar bostan bitkiləri əkilmişdir. 2017-ci ilin yazında 50,5 hektar yeni fındıq bağı salınmış və cəmi fındıq bağları 222,83 hektar olmuşdur ki, bunun da 136 hektarı məhsuldar bağlardır. Bu il 460 ton fındıq məhsulu istehsal olunmuşdur. Ümumi meyvə bağları 1.264 hektar, üzüm bağı 325 hektardır. Bu günə kimi 321 hektar üzüm bağından 1.250 ton məhsul yığılmışdır. Əkin sahələrindən 20.570 ton kartof, 7.598 ton pomidor və xiyar, 502 ton qarpız və yemiş, 612 ton baş soğan, 2.726 ton qarğıdalı, 1.300 ton kələm, 1.040 ton badımcan, 900 ton bibər, 162 ton yerkökü, 10.011 ton yonca, 88,4 ton vələmir, 25 ton sarımsaq, 585 ton tərəvəz lobyası, noxud və dənlik lobya, 5,6 ton darı, 185 ton göyərti, sarqo, mətbəx çuğunduru istehsal olunmuşdur.
Bu günədək 46 ton quru tütün məhsulu istehsal edilərək Şəki şəhərindəki "İlham M” MMC-yə təhvil verilmişdir. Tütün istehsalı davam edir.
Əkilmiş 523 hektar şəkər çuğunduru sahəsinin 46 hektarından 683 ton şəkər çuğunduru çıxarılaraq İmişli Şəkər Zavoduna təhvil verilmişdir.
Bu il rayonumuzda 4.623 kq barama istehsal edilmişdir ki, bu isə keçən ildən 3.123 kq və ya 3,1 dəfə çoxdur.
Son zamanlar rayonumuzda arıçılığın inkişafı da diqqəti cəlb edir. Ötən ilin müvafiq dövründə rayon üzrə 325 təsərrüfatda 2.216 arı ailəsi olduğu halda, bu gün 342 təsərrüfatda 2.867 arı ailəsi vardır.
Rayonun Ağköynək kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksi tikilərək istifadəyə verilmiş, hazırda isə Ağköynək və Çaylı kəndlərinin hər birində 1 hektar ərazidə istixana kompleksinin tikintisinə başlanılmışdır.
"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda-çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq 8.433 nəfər istehsalçıya 988.599,20 manat subsidiya verilmişdir ki, bu da ötən ildən 222.418 manat çoxdur.
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 139 baş bala alınmış və həmin balalara görə 13.900 manat subsidiya verilmişdir. 283 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 218,8 ton artaraq 4.365,5 ton, süd istehsalı 1.376,3 ton artaraq 24.245,5 ton, yumurta istehsalı 409.000 ədəd artaraq 9.423.000 ədəd olmuşdur.
Qazax rayon Baytarlıq idarəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30.446 baş iribuynuzlu, 134.664 baş xırdabuynuzlu, 1.084 baş təkdırnaqlılar qarayara, 29.840 baş iribuynuzlu, 57.661 baş xırdabuynuzlu heyvanlar dabax, 5.840 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı, 27.395 baş xırdabuynuzlular Bruseliyoza qarşı Rev-1 ilə peyvənd edilmişdir. Həmçinin 193.916 baş yetkin ev quşları taun xəstəliyinə qarşı "La Sota” ilə, 202.421 baş ev quşları taun xəstəliyinə qarşı "H” vaksini ilə peyvənd olunmuşlar.
2017-ci ilin 9 ayı ərzində rayon İcra Hakimiyyətinə 1261 müraciət daxil olmuşdur ki, bunlardan 61-i minnətdarlıq və təşəkkürdür. Müraciətlərdən 218-i Prezident Administrasiyasına (17,3%), bundan – 5-i təşəkkür, 8-i Milli Məclisə (0,6%), 8-i Nazirlər Kabinetinə (0,6%), 37-i respublikanın digər təşkilatlarına (2,9%), 290-ı isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir (78,6%). 2016-cı ilin 9 ayı ilə müqayisədə Prezident Administrasiyasına daxil olmuş müraciətlər azalmış, bilavasitə İcra Hakimiyyətinə daxil olmuş müraciətlər isə artmışdır.
Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 21,5 faizi mərkəzi orqanlardan, 78,5 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Keçən ilin müvafiq dövründə isə müraciətlərin 27,3 faizi mərkəzi orqanlardan, 72,7 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 34,7 faizi müsbət həll olunmuş, 9,1 faizi qismən həll olunmuş, 0,4 faizi əsassız sayılmış, 51 faizinə müvafiq izahat verilmiş, 1,6 faizi baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmiş, 3,2 faizi isə icradadır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət həll olunmuş müraciətlər 14,3 faiz artmışdır.
2016-cı ilin ilk 9 ayı ərzində Qazax rayon İcra Hakimiyyəti başçısının aparatında keçirdiyi qəbullar zamanı 1722 nəfər, 2017-ci ilin ilk 9 ayı ərz