Qüds məsələsinin həlli Türkiyə üçün mühüm strateji əhəmiyyətə malikdir”
Bu sözləri Axar.az-a açıqlamasında "Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
Qüdsün vaxtilə Osmanlı imperiyasının tərkibində olduğunu qeyd edən ekspert təxminən 600-700 il bu şəhərdə qayda-qanunun Osmanlılar tərəfindən tənzimləndiyini bildirib:
"Osmanlı imperiyası dağıldıqdan sonra Qüds Türkiyədən ayrıldı. Buna baxmayaraq, Qüds məsələsinin həlli bu gün də Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Çünki Qüds üç dinin mərkəzidir. Türkiyənin Qüds məsələsini üzərinə götürməsi, hətta Ərdoğanın yaxın günlərdə Şərqi Qüdsdə Türkiyə səfirliyinin açılacağını bildirməsi Ankaranın xüsusi strateji hədəflərindən xəbər verir”.
Politoloq hesab edir ki, problemin çözülməsi qardaş ölkəyə böyük siyasi dividentlər vəd edir:
"Birincisi, Ankaranın bu prosesdən qalib çıxması Türkiyənin regionda nüfuz dairəsinə qatılması deməkdir. İkincisi, Türkiyənin bu mübarizəsinin arxasında mühüm siyasi, iqtisadi və hərbi maraqları dayanır. Üçüncüsü, Türkiyənin HƏMAS-la münasibətləri çox yaxşıdı. Dördüncüsü, Türkiyə güclü iqtisadi dövlətdir və bu rolunu daha da artırmağı düşünür. Nəhayət, Türkiyə regional oyunçu olduğunu sübut etmək istəyir”.
Poitoloqun fikrincə, Türkiyənin bu prosesdən qalib çıxmaq şansı böyükdür:
"ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq hüquqa məhəl qoymamaq deməkdir. Qüds problemi BMT-nin 1947-ci ildə qəbul etdiyi qərarlar əsasında həll edilməlidir. Hazırda bu məsələ Azərbaycanı da narahat edir. Çünki beynəlxalq qanun bizim üçün Qarabağa gedən yoldur”.