Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qoşqar Zeynalov ifadə verib.
O bildirib ki, R. Hüseynovla qohumluq əlaqələri olub. Zərərçəkmiş deyib ki, R. Hüseynov ona iş qurmaq haqda təklif verib: "Mənə dedi ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul lazımdır. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Mən də dedim ki, hazırda məndə pul yoxdur, ancaq mən dostumdan alıb verərəm. Bu yolla ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm".
Zərərçəkmiş qeyd edib ki, ona vurulan ziyan 3 milyon 925 min manat təşkil edir.
R. Hüseynov deyib ki, Q. Zeynalova gələn gəlirlərdən 3 milyon 200 min manat pul verib.
Q. Zeynalov isə qeyd edib ki, bu miqdarın yalnız 1 milyon 200 min manat təşkil etdiyini deyib.
Sonra zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Rəna Məmmədova vəsatət verərək, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz olunması haqqında vəsatət verib.
Məhkəmə vəsatətə növbəti prosesdə baxılacağını deyib.
Proses dekabrın 29-da davam etdiriləcək.
Qeyd edək ki, Q. Zeynalov Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğludur.
İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R. Hüseynov nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifələrində çalışmış Arif Əsgərovun baldızı oğludur.
R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.