Adil Qeybulla: "Belə kütləvi tibbi müayinələrə ehtiyac olmasın deyə, icbari tibbi sığorta paketinə keçilməlidir”
Azərbaycan əhalisi tibbi müayinələrdən keçiriləcək. Xəbər verildiyi kimi, səhiyyə nazirinin müavini Nigar Əliyeva bununla bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək.
Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.
Bəs, bu tibbi müayinələr nə dərəcədə keyfiyyətli aparılacaq? Bu işin maliyyə tərəfi hansı şəkildə həll olunacaq? "Yeni Müsavat”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, əhalinin tibbi müayinələrdən keçməsi üçün qərar verilsə də, təlimat hissəsi ictimaiyyətə açıqlanmayıb: "Bir neçə ildir ki, bu cür tibbi müayinələr keçirilir və 2018-ci il üçün də qərar verilib. Lakin onun təlimat hissəsi yayımlanmayıb. Mən bu qərarın təlimat hissəsinə baxmaq üçün çox axtardım. Bu cür profilaktik yoxlamaların konkret paketi olmalıdır. Xəstədə nə yoxlanacaq? Əhali arasında ümumi sorğu aparılacaq, konkret olaraq döş qəfəsinin rentgeni, qanın ümumi analizi və sair. Yəni bu tibbi müayinələrin hansı paketdə aparılacağı və hədəfinin nə olması aydın qeyd olunmalıdır. Çünki belə bir kütləvi müayinələrin hədəfi adətən müəyyən xəstəliklərin aşkar olunmasıdır ki, lazimi tədbirlər görülə bilsin. Və ya hansısa xəstəliyin statistikasını müəyyən etmək üçün, ölkədə hepatit xəstələrini sayını və sair öyrənmək üçün aparılır. Bu halda müayinə paketindən söhbət getməsi haqda məlumat verilir. Bu mənada sözügedən qərara birmənalı münasibət bildirmək çətindir. Ancaq yoxlama müəyyən mütəxəssislərin cəlbi ilə, dövlətin müəyyən resurslarının cəlb edilməsi ilə aparılacaqsa, qərarı yalnız müsbət dəyərləndirmək olar”.
Tibb elmləri doktoru onu da vurğuladı ki, bu cür kütləvi tibbi müayinələrə ehtiyac olmasın deyə, icbari tibbi sığorta paketinə keçilməlidir ki, əhali mütəmadi olaraq gəlib Check-up müayinələrdən keçə bilsin: "Bu daha effektli metoddur, dünyada da özünü doğruldur. Məsələnin digər tərəfi də odur ki, bəzi dövlət xəstəxanalarında heç də bütün müayinələr və laborator analizlər həyata keçirilmir. Bu cür proqramlar olanda dövlət müəyyən vəsait cəlb etməlidir ki, yeni avadanlıqların alınması həyata keçirilsin. Qərarın təlimat hissəsi haqqında məlumat olmadığı üçün hansı müayinələrin aparılacağını bilmirik. Prosesə başlanıldıqdan sonra bunu biləcəyik və o zaman dəyərləndirmək daha obyektiv olardı. Dövlət xəstəxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görülüb, ambulatoriyalar tikilib. Xəstəxanalar təmir olunub, bəzi avadanlıqlar alınıb. Ancaq sonrakı fasiləsiz təchizat məsələlərində bəzi problemlər var. O problemlər yaşandığından təmir olunmuş, yeni avandanlıqlar alınmış xəstəxana əvvəlki intensivliyi ilə vətəndaş üçün çalışa bilmir”.
Adil Qeybulla bölgələrdə tibb ocaqlarının durumu ilə bağlı bildirdi ki, region əhalisinin bu tibbi müayinələrdən istifadəsində problem yarana bilər: "Bu da böyük problemlərdən biridir və onun ağırlığının vətəndaşın çiyninə yüklənməməsi üçün yeganə çıxış yolu icbari tibbi sığortanın tətbiqidir. İcbari tibbi sığorta yoxlamalarında konkret paket olur. Məsələn, doğuş və təxirə salınmaz yardımla bağlı bütün məsələlər ora daxil olur, bir də müəyyən Check-up yoxlamaları, qan analizi və sair. Bu paketdəki xidmətlər dövlətin imkanından asılı olaraq sonrakı mərhələdə artırıla bilər. Ancaq ən azından müəyyən xəstəliklərin erkən aşkara çıxarılması üçün bu çox yaxşı bir üsuldur. İnsanlar biləndə ki, bu artıq icbari tibbi sığorta paketidir, lazımdır və öz cibindən maliyyə sərf etməyəcək, o zaman həvəslə gedir. Nəzərə almalıyıq ki, insanların maddi durumu aşağı olduğundan bəzən səhiyyə xərclərini arxa plana keçirirlər”.
Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat”