Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a ölkə başçısı tərəfindən verilən bu sərəncamı yerində verilmiş qərar adlandırıb:
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı 2018-ci ilin 11 aprelində keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib. Konstitusiyaya görə, prezident 7 il müddətinə seçildiyinə görə, növbəti seçkilər 2025-ci ilə düşür. Həm parlament, həm bələdiyyə seçkilərinin üst-üstə düşməsi müəyyən çətinlik yaradacaqdı”.
Deputat, həmçinin, qarşıdakı aylarda qonşu ölkələrdə keçiriləcək prezident seçkilərinə diqqət çəkib:
"Qarşıdakı aylarda Ermənistanda, Rusiyada prezident seçkiləri keçiriləcək. Azərbaycan regionda maraq obyektində olan dövlətdir. Ölkənin sabitliyi, suverenliyi bir çoxlarında qıcıq yaradır. Həmişə seçkiqabağı müəyyən qarşıdurma yaradılmasına çalışılır. Bütün bunların qarşısının alınması üçün cənab prezident uzaqgörən siyasət yeridərək belə bir qərara qəbul edib.
Ola bilərdi ki, Azərbaycanı sevməyən, onun əleyhinə çalışan qüvvələr seçkiqabağı "sürprizlər” hazırlamağa cəhd edərdi. Ona görə də qanunla müəyyən olunmuş qaydada prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda, cənab prezidenti uğurlu namizədimiz kimi dəstəkləyirəm”.