Azərbaycan heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycan real danışıqlara hər zaman hazırdır:
"Dövlət başçısı əslində bir neçə gün öncə həqiqətləri açıqladı ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal siyasətinin bu şəkildə davam etdirilməsi yolverilməzdir. Bu, beynəlxalq ictimaiyyətə mesaj idi ki, Ermənistan və onun arxasında dayanan qüvvələr Azərbaycana qarşı ərazi iddiaları planını həyata keçirmək istəyirlər. Bunu yaxşı bilən prezident YAP-ın qurultayındakı çıxışı ilə Azərbaycana qarşı sözügedən planın məhvinə işarə verdi. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək və heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq”.
Deputat bildirib ki, seçkilərdən sonra danışıqlar prosesi davam etdiriləcək:
"Çünki Azərbaycana böyük strateji layihələrini həyata keçirməsi üçün bölgədə təcili sülh və sabitlik lazımdır. Azərbaycanın heç kimə ərazi iddiaları yoxdur və heç vaxt da torpaqlarının işğalı ilə barışmayacaq”.