Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının Baş Qərargah rəisi general-polkovnik Anatoli Sidorovun açıqlamasını şərh edərkən deyib. Politoloq hesab edir ki, Azərbaycan öz daxilində separatizmə qarşı mübarizə adı altında hərbi əməliyyatlara başlaya bilər:
"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və dünyanın heç bir ölkəsi onun müstəqilliyini tanımayıb. O üzdən Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir. Düşünürəm ki, Moskva bu prosesə zərrə qədər də müdaxilə etməməlidir. Son zamanlar rusiyalı siyasətçilərin bu barədə tez-tez danışması təsüdüf deyil. Görünür, danışıqlar gedir. Hazırda Azərbaycanın əlində çox ciddi faktlar var. Təkcə ermənlərin Dağlıq Qarabağdan kənarda məskunlaşma siyasəti aparması yetərlidir ki, torpaqlarımızın azadlığı üçün müharibəyə başlayaq”.
Politoloq bildirib ki, əgər Rusiyanın Ermənistandakı qoşunları müharibəyə müdaxilə edərsə, bu artıq başqa dövlətin ərazisinə hərbi müdaxilə kimi qəbul ediləcək və məsələ BMT səviyyəsinə qaldırılacaq:
"Hazırda Dağlıq Qarabağda Ermənistan qoşunlarıdır və təlimatçılar işğalçı ölkədəki hərbi bazaların hərbçilərdir. Yəni müharibə prosesində Dağlıq Qarabağı Ermənistan və oradakı rus hərbi bazaları da təchiz edə bilər. Düzdür, bunu sübut etmək o qədər asan olmayacaq. Bakı hər ehtimala qarşı, Moskva ilə danışıqları davam etdirməklə bərabər, seçkilərdən sonra sülh danışıqları prosesini də nəzərdən qaçırmayacaq. Ermənistan onsuz da yenə qeyri-konstruktiv mövqe tutacaq. Azəbaycan bütün bu məsələləri dəqiqləşdirdikdən sonra dünyaya bəyan edə bilər ki, Ermənistan təkcə Dağlıq Qarabağda deyil, onun hüdudlarından kənarda da məskunlaşma və özününküləşdirmə siyasəti apararaq beynəlxalq hüquq normalarını kobud surətdə tapdalayır. Azərbaycan bu fonda öz ərazi bütövlüyünü təmin etmək və məkunlaşma prosesini dayandırmaq üçün əlində olan vasitələrdən istifadə edəcək. Çünki İrəvana Bakıya başqa yol qoymur”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Qarabağda hər hansı savaş başlayacağı təqdirdə separatçılara KTMT tərəfindən hərbi dəstək verilməyəcəyini bildirib.