Ağstafa şəhəri, 25-ci məhəllənin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Onlar yaşadıqları küçəyə gedən yolun tamamilə yarasız hala düşməsindən şikayətçidirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan məhəllə sakini Xəyal Şıxıyev artıq 3 ildir bu vəziyyətin yaşandığını deyir.
"5 ildir ki, burada yaşayırıq. Əvvəllər yolumuz bu qədər bərbad deyildi. 3 il əvvəl kanalizasiya və su xətlərinin çəkilişindən sonra tamam bərbad hala düşdü. Azacıq yağış yağan kimi maşınla küçəyə girmək mümkün olmur. Özüm taksi sürücüsüyəm. Maşınımı 3 ildir o biri küçədə, qonşunun həyətində saxlayıram. Bir dəfə yağış yağanda 1 həftə küçəyə girmək olmur", — deyə X.Şıxıyev bildirir.
Digər sakin Ceyhun Rüstəmov isə deyir ki, yol bərbad vəziyyətdə olduğundan uşaqlar məktəbə gedə bilmir, dəfələrlə yolda yıxılıb evə qayıtmağa məcbur olublar. O, yollarına ən azı çınqıl döşənməsini istədiklərini vurğulayır.
"Asfalt istəmirik, heç olmasa, daşdan, çınqıldan gətirib tökələr. Hamı kasıb adamdı burda, imkan yoxdur ki, özümüz bir əncam çəkək. Küçənin qurtaracağı Bakı-Qazax yoluna çıxır. Lakin quraqlıqda da o yoldan istifadə etmək mümkün deyil", — C.Rüstəmov vurğulayır.
Sakinlər məsələ ilə bağlı 3 dəfə rayon icra hakimiyyətində olduqlarını deyirlər. Onlara hər gedişlərində "tələsməyin", "çəkiləcək" sözləri deyilsə də, problemin indiyədək həll olunmadığını bildirirlər.
Məsələ ilə bağli Ağstafa şəhər bələdiyyəsinin sədri Etibar Hacıyevlə əlaqə saxladıq. Bələdiyyə sədri Sputnik Azərbaycan-a açıqlamasında məsələdən xəbərsiz olduğunu, nümayəndəliyə sözügedən ərazi ilə bağlı şikayət daxil olmadığını bildirib. Etibar Hacıyev sakinlərin müraciət edəcəyi təqdirdə, məsələni araşdırıb, imkanları daxilində köməklik göstəriləcəyini deyib.