1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilmişdir. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında bu sərginin çox böyük rolu olmuşdur. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi” imzalanmışdır. "Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış "Əsrin müqaviləsi”nin müddəti keçən il 2050-ci ilə qədər uzadıldı.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Prezident "Əsrin müqaviləsi”nin Azərbaycana nəfəs verdiyini, ölkəmizin canlanmasına xidmət göstərdiyini xüsusilə vurğulayıb:
"İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün "Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır.
Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük”.