Jurnalist Rəsul Mirhəşimli: "Fazil Mustafa üzr istəməsə...”
Artıq bir neçə gündür ki, deputat Fazil Mustafanın ölkədə şiələrin əzadarlığını xurafat adlandırıb, bu haqda fikirlər bildirməsi ictimaiyyətdə geniş müzakirə edilməkdədir. Bir çoxları onu bu məsələdə dəstəkləsə də, tənqidi fikirlər səsləndirənlər də var. Onlardan biri jurnalist Rəsul Mirhəşimlidir. Jurnalistin mətbuatda deputatın statusu ilə bağlı tənqidi fikirlər deməsi isə qalmaqala səbəb olub.
Belə ki, Fazil Mustafa onun şərhinə təhqirlə cavab verib: "Doğrusu, illərdir xalq hərəkatından tanıdığım, davranışlarına hörmət bəslədiyim Rəsul Mirhəşimlinin bu qədər cahil, gerizəkalı olduğuna üzüldüm və anladım ki, sektant düşüncəsinə qapılmış bu kimi insanlar artıq cəhaləti, nadanlığı, geriçiliyi müdafiə edəcək qədər itirilmiş məxluqlardır...”
Bu sözlərə görə jurnalist Fazil Mustafanı məhkəməyə verəcəyini bildirib: "Əgər Fazil Mustafa mənim dediklərim barədə münasibət bildirib, dediklərimin yanlış, yalan olduğunu bildirsəydi, haqlı olmadığını bildiyim halda, yaşca məndən böyük olduğu üçün susardım. Ancaq dövlətin ali qanunverici orqanının təmsilçisi mənim şəxsiyyətimi hədəfə aldı. Şəxsiyyətimin alçaldılmasına yönəlmiş sözləri sosial şəbəkə və mətbuatda yaydığı üçün məhkəməyə müraciət edəcəm. Bu məsələ hüquqi həllini tapmayana qədər geri çəkilmək fikrində deyiləm. Həyatımı ləyaqətlə yaşadım, tərcümeyi-halımda da qaranlıq bircə səhifə belə, yoxdur. Kiməsə ləyaqətimi alçalda biləcək hərəkətlərə səbəb olmağa ömür boyu imkan vermədim, bundan sonra da kiməsə bu fürsəti tanımaram”.
Jurnalist Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək, bir jurnalistin söz haqqını təhqir və böhtanla alçaltmağa yönəlmiş davranışın sədri olduğu qurumda müzakirə olunmasını, bu məsələnin diqqətdə saxlanmasını xahiş edib.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın da mövqeyini öyrənməyə çalışdıq. Deputat "Yeni Müsavat”a açıqlamasında məsələni yumşaltmağa çalışacağını deyib: "Hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Məsələlər məhkəmədə aydınlaşdırılarsa, daha yaxşı olar. Məsələni yumşaltmaq ilə bağlı bir fikrimiz var. Lakin hələ ki, məsələ üzr istəmək səviyyəsində deyil”.
Jurnalist RÉsul MirhÉÅimli ile ilgili görsel sonucu
Jurnalist Rəsul Mirhəşimli isə məhkəmə iddiasında qaldığını deyib: "25 illik jurnalistlik fəaliyyətim dövründə heç vaxt qalmaqalla gündəmə gəlməmişəm, nə də ki kiminsə şəxsiyyətinə toxunmuşam. Məsələni aydınlaşdırmaq üçün bir çox işlər görürük. Ona görə də bu günlərdə bu haqda danışmaq istəmirəm... Fazil Mustafanı tanıdığım gündən münasibətllərimiz normal olub, bu məsələ ilə də bağlı aramızda heç bir müzakirə, söhbət olmayıb. Məndən jurnalist soruşub, mən də deputatın şəxsiyyətinə toxunmadan şərh bildirmişəm. Bir görüş olmalıdır, onun nəticəsini gözləyirəm. Adam məni təhqir edib, halbuki deyir ki, dediklərində heç bir təhqir yoxdur. Əgər deputat üzr istəmək niyyətində deyilsə, nəzərə alsın ki, mən məhkəməyə verəcəyəm. İş Avropa Məhkəməsinə gedib çıxsa belə, geri çəkilməyəcəm. Hətta lazım gələrsə Milli Məclisə, ölkə prezidentinə də müraciət edəcəm”.
Jurnalist deputatın "məsələni yumşaltmaq” fikrinə də münasibət bildirib: "Məsələni ancaq belə yumşalda bilər, Fazil Mustafa Facebook səhifəsində mənim haqqımda yazdığı statusu siləcək, məni təhqir etdiyinə görə üzr istəyəcək. Məsələnin birmənalı şəkildə yolu budur”.