Rusiya ictimai rəyində problemə baxış Azərbaycanın xeyrinə dəyişir - maraqlı gəlişmə; Cocuq Mərcanlı toplantısı ilə bağlı ekspert gözləntiləri...
Ötən bazar Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun azad edilmiş Cocuq Mərcanlı kəndində ilk dəfə Rusiyadan olan tanınmış ictimai-siyasi xadimlərin, deputatların iştirakı ilə "Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda keçirilən konfrans, qonaqların azərbaycanlı əsgərlərə baş çəkməsi gündəmin mövzularından biri olaraq qalır.
Məlumdur ki, tədbirdə qonaqlar Qarabağ məsələsi ilə bağlı Azərbaycanın xeyrinə bir sıra mühüm açıqlamalar, bəyanatlar səsləndiriblər. Rusiya Dövlət Duması komitə sədrinin müavini Aleksey Savalyev isə bu yanaşmanın elə prezident Putinin mövqeyi olduğunu söyləyib.
Lakin rusiyalı xadimlərin açıqlamalarını fərqli dəyərləndirənlər da var. Bir çox azərbaycanlı təhlilçilər bunun Moskvanın rəsmi və ya həlledici mövqeyi kimi təqdim etməyin tez olduğunu qeyd edirlər. Motiv isə belədir ki, hələlik Kremlin Qarabağ məsələsində Azərbaycanın xeyrinə ola biləcək hansısa real addımı, hərəkətliliyi gözə dəymir.
Ancaq bu da var ki, sözügedən tədbir Ermənistanda kifayət qədər ciddi narahatlıq yaradıb. Bunu ən əvvəl Kremlin Paşinyan hakimiyyətinə təzyiqi, hətta işğalçı ölkəni müharibə ilə hədələmək kimi yozublar. Konfrans Rusiya mediasının da diqqətini çəkib və öncəliklə Rusiyanın yeni erməni rəhbərliyinə xəbərdarlığı kimi şərh edilib. Gözləyək görək, Rusiya XİN-in rəsmi nümayəndəsi, Azərbaycana antipatiyası ilə fərqlənən Mariya Zaxarova bu həftə keçirəcəyi ənənəvi brifinqdə nə deyəcək, yenə də erməniləri sakitləşdirəcək, yoxsa? Hərçənd Rusiya XİN-in erməni kökənli başçısı Sergey Lavrovun sözçüsünün nə söyləyəcəyini indidən təxmin eləmək çətin deyil.
*****
Məsələ ilə bağlı daha iki mötəbər rəyi təqdim edirik.
"Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verib”. "Yeni Müsavat” xəbər verdir ki, bu sözləri axar.az-a Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. Onun qənaəticə, Rusiya-Ermənistan birliyinin artıq çat verdiyi hiss olunur.
"İki ölkə arasında münasibətlər günü-gündən pisləşir. Bizim torpaqlarımızın işğalında rus amili çox böyük rol oynayıb. Rusiyanın dəstəyi olmasaydı, torpaqlarımız heç vaxt işğal olunmazdı. Bu günə qədər bu konfliktin həll olunmaması da məhz Rusiya amilinə görədir. İndi Ermənistan-Rusiya münasibətlərində belə çatların yaranması, ciddi narazılıqların baş qaldırması bizim üçün müsbət haldır. Proseslər bu istiqamətdə inkişaf edərsə, Rusiya hansısa mərhələdə bugünkü Ermənistan hakimiyyətini öz dəstəyindən məhrum edə bilər. Belə olan halda isə Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”, - deyə politoloq qeyd edib.
E.Namazov başqa maraqlı məqamlara da toxunub: "Bu konfrans keçirilməzdən öncə Ermənistan prezidenti Armen Sərkisyan ABŞ-a səfər etmişdi. Ermənistanın prezidenti orada 4 gün ABŞ dövlət katibi Pompeonun qəbuluna düşə bilmək üçün gözlədildi. Başqa bir maraqlı hadisəni xatırlatmaq istəyirəm. Hakimiyyətdə çalışdığım dövrdə Heydər Əliyev BMT-nin Baş Assemblyasının iclaslarında iştirak etmək üçün səfərlər edirdi. Həmin səfər zamanı ABŞ-ın prezidenti Bill Klinton idi. Klinton iclasda iştirak etmək üçün Vaşinqtondan Nyu-Yorka 2-3 saatlıq gəlirdi. Bu zaman çərçivəsində Klintonun sadəcə 2, ya da 3 ölkə prezidenti ilə görüşmək imkanı olurdu. Hər zaman Heydər Əliyev həmin 2-3 prezidentin sırasında idi. Ermənistan prezidenti isə indi 4 gündür ki, ABŞ dövlət katibinin qəbuluna düşmək üçün gözləyir. Yəni daim ermənilərin iddiaları onların imkanlarından, resurslarından az olub. Onlar daim xarici dəstəyə ehtiyac duyublar”.
Politoloq vurğulayıb ki, Ermənistanın yeni hakimiyyəti çox ağlasığmaz, reallıqdan uzaq bir konsepsiya irəli sürür və Rusiya da bunu görür: "Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasətə görə, Rusiya onun təhlükəsizliyini təmin etməli, ABŞ isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratmalıdır. Ermənistan öz iqtisadi inkişafını ABŞ-la bağlı görür və buna görə də ABŞ-ın Ermənistana güclü investisiyalar, sanksiyalar qoymasına çalışır. Təbii ki, belə yanaşma nə ABŞ-ı, nə də Rusiyanı qane edir”.
Analitikin əminliyinə görə, nə qədər ki, Ermənistanda Rusiyanın hərbi bazaları var, nə qədər ki, Ermənistan Rusiya ilə hərbi blokdadır, ABŞ bu ölkəyə çox ehtiyatla yatırım qoyacaq. "Eyni zamanda bu yanaşma Rusiyanı da qane edə bilməz. Çünki Rusiya başa düşür ki, pulu kim verirsə, sabah həmin ölkə də burada söz sahibi olacaq. Ona görə də Ermənistan öz iqtisadiyyatını, gələcəyini ABŞ-la bağlamaq istəyirsə, Rusiya həmin ölkə ilə strateji müttəfiqlik münasibətlərinə son qoyacaq. Bu proses sürətlə gedir...Ermənilərin SSRİ dağıldığı dövrdə başladığı geopolitik intriqalar yenə onların başında çatlayacaq. İndi biz o mərhələyə yaxınlaşırıq”, - deyə o əlavə edib.
*****
"Rusiya siyasi elitasında Azərbaycana, eləcə də Dağlıq Qarabağ probleminin həllinə münasibətdə obyektivliyin ilkin işartıları görünməkdədir”. Bu fikir isə sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynliyə məxsusdur. Onun fikrincə, Cocuq Mərcanlı tədbirində səslənən fikirlər Azərbaycan-Rusiya münasibətlərində inqilabi dəyişikliyə səbəb olacaq: "Xüsusən də Rusiyanın yüksək dövlət rəsmilərinin açıqlamaları göstərir ki, Rusiya-Azərbaycan arasındakı strateji bağlar inkişaf etməkdə və keyfiyyətcə yeni mərhələyə daxil olmaqdadır. Tədbirin Cocuq Mərcanlıda keçirilməsinin prinsipial əhəmiyyəti var. Bununla da açıq mesaj verildi ki, Bakı sülhün, dincliyin tərəfdarıdır və Cocuq Mərcanlıda aparılan dəyişikliklər də bunun bariz sübutudur. Xüsusilə də Duqin və Savelyevin Dağlıq Qarabağ və ətrafındakı rayonların qaytarılmasını birmənalı və açıq dilə gətirməsi birbaşa Moskvanın mövqeyini əks etdirir. Bu, BMT qətnamələrinin ruhuna uyğundur. Rusiya tərəfindən 7 rayonun qaytarılması təklifi Moskvanın ermənipərəst siyasətinə qarşı cəsarətli addım hesab oluna bilər. Belə nəticəyə gəlmək olar ki, səsləndirilən bu fikirlər gec-tez Rusiya xarici siyasətinin prioritetinə çevrilə bilər”.
Politoloq tədbirin həm də Azərbaycan prezidentinin Rusiyaya gözlənilən səfəri ərəfəsində keçirilməsinə diqqət yönəldərək deyib: "Bu, Əliyev-Putin görüşündə mühüm razılaşmalara şahidlik edəcəyimizdən xəbər verir. Söhbət Azərbaycanla Rusiya arasında əlaqələrin daha yüksək mərhələyə qaldırılmasından gedir. Rusiyalı rəsmilər Azərbaycanın Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi olduğunu vurğuladılar. Bu, heç də təsadüfi səsləndirilmiş fikir deyil və hər halda, Kremlin müəyyən dairələrinin mövqeyini əks etdirir. Cəsarətlə deməliyik ki, Rusiya ictimai rəyində ciddi dönüşlər baş verir. Bunu Dağlıq Qarabağ probleminin həllinə doğru dönüş də adlandırmaq olar. Ən başlıcası isə odur ki, Rusiya Azərbaycanla münasibətləri yenidən qurmaq istəyir. Bu yenidənqurma iki ölkə əlaqələrini keyfiyyətcə yeni bir mərhələyə qaldıracaq”.
*****
Doğrudur, iki ölkə ictimai-siyasi xadimlərinin birgə keçirdiyi iki konfransla (bundan əvvəlki Moskvada baş tutmuşdu) çox uzağa gedən nəticələr çıxarmaq yanlış olardı. Ancaq politoloqların da vurğuladığı kimi, ən azından pozitiv bir proses işə düşüb. Ayrı sözlə, Rusiya ictimai rəyində, xüsusən də onun ziyalı-ekspert kəsimində, Dumada Qarabağ məsələsinə baxışın Azərbaycanın xeyrinə dəyişməkdə olduğunu görməmək mümkünsüzdür. Bunun özü də balaca gəlişmə deyil...