Prezident İlham Əliyev bu gün fərman verib.
Shafaqadogru.com xəbər verir ki, fərmana əsasən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi ilə bağlı aşağıdakı məsələlər həll olunacaq:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.4. həmin Qanunun 3.2-ci maddəsinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 3.6-cı maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 8.3-cü maddəsinə uyğun olaraq, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.8. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.9. həmin Qanunun 10.5-ci maddəsinə uyğun olaraq, özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 10.6-cı maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin abilitasiyası qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.13. həmin Qanunun 15.4-cü maddəsinə uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.14. həmin Qanunun 19.2-ci maddəsinə uyğun olaraq, stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində dərs məşğələlərinin təşkili qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.15. həmin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin standartlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.16. həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.17. həmin Qanunun 30.1-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.18. həmin Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.19. həmin Qanunun 31.2-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.20. həmin Qanunun 38.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.21. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci (ikinci halda), 17-ci (ikinci halda) və 30.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsində, 3.2-ci, 3.4-cü, 3.6-cı, 8.3-cü (birinci halda), 10.4-cü, 10.5-ci, 10.6-cı (birinci halda), 11.2-ci, 14.2-ci, 15.4-cü, 17-ci (birinci halda), 19.2-ci, 22.4-cü, 23.2-ci, 29-cu, 30.1-ci, 30.2-ci, 31.2-ci və 38.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 1.0.16-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində, 3.3-cü, 3.5-ci (birinci halda),10.2-ci, 10.6-cı (ikinci halda), 11.3-cü maddələrində, 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü, 20.3-cü (hər iki halda), 22.3-cü, 22.5-ci, 23.1-ci, 32.3-cü və 38.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirirlər;
2.6. həmin Qanunun 8.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
2.7. həmin Qanunun 14.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.8. həmin Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirirlər;
2.9. həmin Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirirlər;
2.10. həmin Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.11. həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.