Şəfəqə Doğru » Manşet » Rusiyada gərginlik artır: Putin güzəştə məcbur edilir? – Şərh

Rusiyada gərginlik artır: Putin güzəştə məcbur edilir? – Şərh

Rusiyada gərginlik artır: Putin güzəştə məcbur edilir? – Şərh

Bu, Rusiya üçün təhlükəli sanksiyalardan biridir və onun əsas gəlir mənbəyinin qurudulmasına xidmət edir. Qarşıdakı günlərdə sanksiyalar savaşının daha da genişlənəcəyini proqnozlaşdırmaq olar.

Bu sözləri Axar.az-a ABŞ-ın Rusiyaya qarşı bu gün qüvvəyə minən sanksiyalarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ sanksiyaların növbəti mərhələsi ilə Rusiyanın əsasən neft və qazçıxarma sənayesinə zərbə vurmaq istəyir:

"Əsas məqsəd də ondan ibarətdir ki, Rusiyanın əsas gəlir mənbələrini məhdudlaşdıraraq, büdcəyə axan neft və qaz pullarının miqdarı minimuma endirilsin. ABŞ-ın tətbiq etdiyi sanksiyalar təkcə Rusiya şirkətlərinə aid olmayacaq. Rusiyada fəaliyyət göstərən xarici şirkətlərə də bu sanksiyalar şamil olunacaq. Çünki həmin şirkətlər Rusiyaya neft və qazçıxarma sahəsində yeni texnologiyaların gətirilməsində mühüm rol oynayır. Onlara qarşı ABŞ əvvəl çəkindirici sanksiyalar tətbiq edəcək, əgər buna riayət edilməsə, başqa tədbirlər də görüləcək”.

Politoloq vurğulayıb ki, ABŞ-ın əsas niyyəti Baltik dənizinin dibindən Rusiyanın ikinci qaz kəmərinin çəkilməsinin qarşısını almaqdır:

"Bu məsələdə Almaniya xeyli fəal rol oynayır. Almaniya hər zaman Rusiya qazının digər ölkələrə nisbətən daha ucuz olmasını bəhanə gətirir. Çünki bu qazın ucuz olmasının kifayət qədər əsasları var.

Rusiya Qara dənizinin dibindən 1 borunun çəkilişini həyata keçirib, 2-cisi üçün də işləri artıq başlayıb. Baltik dənizinin dibindən də ikinci qaz kəmərini çəkməyə hazırlaşır”.

Politoloq qeyd edib ki, ABŞ Rusiya ilə "qaçdı-tutdu” oynayır:

"Rusiyaya tətbiq edilən bu sanksiyalar çox ciddidir. ABŞ bu sanksiyalarla Rusiyaya neft və qazçıxarma sahəsində yeni texnologiyaların gətirilməsinin qarşısını alacaq. Rusiya Sibir bölgəsində neft-qaz yataqlarının istismarını özünün malik olduğu texnologiyalarla həyata keçirə bilməz. Bunun üçün mütləq xaricdən yüksək texnologiyalar almaq lazımdır. Əgər bu texnologiyalardan Rusiya məhrum edilsə, qaz və neft istehsalı hiss ediləcək dərəcədə azalacaq. Bu da Rusiyanın büdcəsinə ciddi zərər vuracaq”.

Politoloqun sözlərinə görə, Rusiya hələ özünü məğrur aparmağa çalışır:

"Rusiya onu məğlub edə biləcək heç bir qüvvənin olmadığını iddia edir. Əslində, Rusiyanın özündə sanksiyaların təsiri ciddi surətdə hiss edilməkdədir. Rublun dəyəri hər gün bir az da aşağı düşür. Üstəlik, əhalinin maddi rifah halında da kəskin pisləşmə var və müxalifət müəyyən qədər fəallıq göstərir, hətta keçirilən rəy sorğularında Putinin reytinqinin xeyli aşağı düşdüyü qeyd edilir. Bütün bunları nəzərə alaraq, demək mümkündür ki, Putin ABŞ-la, Trampla kompromis xarakterli görüşlərə gedə bilər. Hətta indi belə xəbərlər yayılır ki, ABŞ və Rusiya arasında gizli görüşlər keçirilir və müəyyən kompromislər uğrunda müzakirə aparılır. Bunların nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma məlum olan odur ki, Rusiyada vəziyyət pisləşir, siyasi elitanın reytinqi aşağı düşür, getdikcə daha çox qeyri-müəyyənliyə sürüklənir. Belə bir şəraitdə ağıllı siyasətçi mütləq kompromislərə getmək məcburiyyətindədir. Qarşıdakı günlərdə belə danışıqlar prosesini görsək, buna heç də təəccüblənməməliyik”.

Qeyd edək ki, Solsberi insidenti ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ilk hissəsi bu gündən qüvvəyə minib. Yeni sanksiyalar paketinə əsasən, ABŞ-ın Rusiya dövlət şirkətlərinə silah tədarükü qadağan ediləcək. Eləcə də Rusiyaya hər cür yardım, kredit və ya hansısa maliyyə dəstəyi verilməsi dayandırılacaq.