"Artıq xoş ənənə halını alıb ki, qonşu dövlətlərin rəhbərləri ilk rəsmi səfərlərini Azərbaycana edirlər. Bu onların Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini, Azərbaycanın yaxşı qonşu olduğu və əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət edəcəyinə işarədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın strateji müttəfiqidir: "Müstəqillik qazanandan sonra bu iki ölkə arasında demək olar ki, bütün məsələlər üzrə fikir birliyi olub. Ölkələr bir-birinin inkişafına daima dsətək olur, bir-birinin uğurlarına sevinir və dünyaya mehriban qonşuluğun yaxşı nümunəsini göstərir. Azərbaycan Gürcüstanın iqtisadiyyatın inkişafına maksimum kömək edir. Gürcüstan özünün coğrafi imkanlarından, regiondakı böyük layihələrin həyata keçirilməsindən maksimum yararlanır. Bu gün hər iki ölkənin cəmiyyətində böyük islahatlar gedir. Bu islahatlar ölkələrin möhkəmlənməsinə xidmət edir. Gürcüstanın baş naziri Mamuka Baxtadzenin ilk səfərini Azərbaycan etməsi və Azərbaycan haqqında yüksək fikirlər söyləməsi Gürcüstanıb yeni hökumətinin ölkəmizlə münasibətlərə önəm verdiyini, bundan sonra da mümkün qədər çox məsələlərdə əməkdaşlıq etməkdə maraqlı olduğunu göstərir”.