Bir neçə gün öncə Təhsil Nazirliyi xarici ölkələrdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
Nazirlikdən bildiriblər ki, Azərbaycanın təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.
Xəbərdarlıqda qeyd olunub ki, eyni zamanda, ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilmə mexanizmi də mövcud deyil: "Bu səbəbdən, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilən "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, həmin təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları təhsil sənədlərinin (diplomların) ölkəərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Xaricdə ali təhsil almaq istəyən vətəndaşların hər birindən təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa çağırırıq".
Məlumat üçün bildirək ki, xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı məsələ yeni deyil. İllərdir ki, bununla bağlı valideynlər öz narazılıqlarını ifadə edirlər. İndiyə qədər bir çox hallarda xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) üçün diplomlarını Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim edənlərin bəzilərinin ali təhsil haqqında sənədi nostrifikasiyadan keçməyib. Maraqlısı odur ki, bundan narazı olan valideynlərin çoxu adlarının açıqlanmasını istəmirlər. Çünki nazirliklə açıq şəkildə mübahisəyə getsələr, sonra hansısa "əyri yolla” da olsa, diplomların təsdiqlənməsindən məhrum olacaqlarını bilirlər. Adlarının çəkilməsini istəməyən valideynlər bildiriblər ki, övladları həqiqi hərbi xidmətdədir. Onların həqiqi hərbi xidməti keçmə müddəti ali təhsilli olduqları halda bir il olmalıdır. Bunun üçün isə xaricdə təhsil alıb vətənə dönənlərin diplomları mütləq nostrifikasiyadan keçməlidir. Amma həmin şəxslərin bəzilərinin sənədi Təhsil Nazirliyinin aidiyyatı sektoru tərəfindən tanınmayıb.
Valideynlər bildirirlər ki, səbəb həmin ali təhsil müəssisələrinin qeyri-qanuni və yaxud da, diplomların saxta olmasında deyil. Səbəb xaricdə, xüsusilə Ukraynanın ali təhsil müəssisələrində oxuyaraq diplom alanların öz ixtisasları ilə bağlı müsahibədən keçə bilməməsidir.
Valideynlərin sözlərinə görə, xaricdə təhsillərini başa vurub diplomlarını Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim edənlər Nazirliyin Ekspert Qrupu tərəfindən imtahana cəlb olunurlar. İmtahan zamanı həmin şəxslərin dil bilikləri ilə yanaşı, ixtisas bilikləri də yoxlanılır. Xaricdə təhsil alanların mütləq əksəriyyəti dil biliklərinin sınağından üzüağ çıxsalar da, ixtisas biliklərindən imtahan verərkən aşağı nəticə göstərirlər.
Təbii ki, Təhsil Nazirliyi bu iddiaları cavabsız qoymur. Nazirlikdən bildiriblər ki, tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları aparılır. Bu isə Xaricdə təhsil sənədlərinin tanınması ilə bağlı Nazirlər Kabinetinin 64 saylı qərarına və Lissabon Konvensiyasının 3-cü maddəsinə uyğundur.
Təhsil üzrə ekspert Kamran Əsədov məsələylə bağlı "Reytinq”ə deyib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır. Onun sözlərinə görə, hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz:
"Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distanat və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tutur. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından stifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmən universitetlər və ixtisaslar Azərbaycan tərəfindən tanınır, amma təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmin şirkətlər valideyin və abituriyentə Təhsil Nazirliyi tərəfindən həmin universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsilalma formasının da tanınması demək deyildir”.
Ekspert diqqətə çatdırıb ki, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsilalma hələ diplomun tanınması demək deyildir. "Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün simestr ərzində olmalıdırlar. Əgər onların simestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur”.
Ekspert qeyd edib ki, müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran Distant Təhsil Sistemidir: "Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsilə verdiyi ən böyük töhfədir.
Bir çox tələbələrə - işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbindən - beynəlxalq təhsil üçün xaricə getmək mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir. Distant təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri iləəlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir”, – deyə K. Əsədov fikrini tamamlayıb.
Bir məqamı da qeyd etmək lazımdır ki, mövcud qanunvericilik və Təhsil Nazirliyinin tələbləri xaricdə təhsil alan Azərbaycanın yüzlərlə gənc vətəndaşının gələcək perspektivinə kölgə salır. Çünki hazırda dünyada geniş istifadə olunan təhsil formaları əsasında təhsil alan gənclərin 4-5 illik əziyyətinin puç olması qəbuledilməzdir. Əslində, ekspertin də vurğuladığı kimi, distant təhsilin üstün tərəflərini nəzərə alıb bu proqrama uyğun təhsil alan məzunların diplomlarının qeydiyyatdan keçməsinə şərait yaratmaq daha məqsədəuyğundur. Əks halda, yaxın müddətdə minlərlə gəncimiz məhz bu qadağaya görə xaricdə təhsil aldıqları illəri boş yerə keçirmiş olacaqlar.