"Donald Trampın bütün dediklərinə fikir versək görərik ki, hakimiyyətdə olduğu iki ildə səsləndirdiyi fikirlərin mütləq əksəriyyəti söz yığınından ibarətdir”.
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ prezidentinin işğalçı Ermənistanın baş nazirinə göndərdiyi məktubda Qarabağ konfliktinə toxunaraq, qarşıdan gələn aylarda problemin həlli üçün imkanların açıldığına dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib.
O bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə hazırda ciddi təsir etmək imkanları yoxdur:
Qarabağ konflikti tam olaraq Rusiyanın nəzarətindədir. Moskva bu münaqişədən bölgəni öz nəzarətində saxlamaq üçün istifadə edir və belə bir təsir rıçağından imtina etmək fikrində də deyil. Həmin təsir vasitəsini Moskvanın əlindən alınmasına da yalnız Azərbaycan və erməni xalqlarının gücü çata bilərdi. Lakin onları da bir-birinə düşmən ediblər. Bu iki xalq münaqişəni həll etmək əvəzinə, bir-birilə düşmənçilik və çəkişmə vəziyyətindədirlər. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində imkanların açıldığı barədə səslənən bütün fikirlərə aydın ağılla yanaşmaq lazımdır. Bu fonda ABŞ prezidenti Trampın dedikləri də sadəcə söz yığnağıdır".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ermənistan baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açıldığını bildirib. Maraqlıdır ki, son zamanlar münaqişənin həlli ilə bağlı imkanların genişləndiyi barədə təkcə okeanın o tayından deyil, eyni zamanda şimal tərəfdən də buna bənzər fikirlər artmağa başlayıb. Rusiyada da ara-sıra bəzi yüksək rütbəli rəsmilər, habelə Kremlə yaxınlığı ilə seçilən politoloqlar tərəfindən bu sayaq fikirlər irəli sürülür. Amma bu deyilənlərə rəğmən, hələlik ortalıqda həll istiqamətində hansısa real bir mənzərənin yarandığını müşahidə etmirik.
ELÇİN
Sfera.az