"Ölkədə hər hansı bir heyvanın ətinin satılmasına heç bir qadağa yoxdur. Nazirlər Kabinetinin bununla bağlı nə bir qərarı, nə də belə bir siyahı var”.
Bunu Cebhe.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, ölkədə istənilən heyvan ətinin satışı mümkündür:
"Məndə 1963-cü ilin 15 respublika üzrə təsdiq olunmuş sənədi var. O respublikalar arasında yalnız Azərbaycanda eşşək ətinin satışına icazə verilib. Çox təssüflər olsun ki, həmin sənəd indiyə kimi heç bir orqan tərəfindən təsdiq olunmayıb. Yəni, belə bir biabırçılıq Azərbaycanda mövcuddur. Təsadüfi deyil ki, iki il öncə Kənd Təsərrfatı Nazirliyinin idarə rəisi çıxış edərək qeyd etdi ki, Azərbaycanda hər bir heyvan ətini satmaq olar. Sadəcə olaraq istehlakçı aldadılmasın . Mən bu açıqlama ilə bağlı demişdim ki, o zaman Kənd Təsərrüfatı Nazirliyinin qarşısında bir mağaza açmaq və it ətini orada satmaq lazımdır ki, özləri alsın”.
Eyyub Hüseynov onu da əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkə kimi Azərbaycanda bir sıra heyvanların əti qadağan olunmalıdır:
"Bunu din xadimləri də deməlidir. Bizim mentalitetimiz var və bundan uzaqlaşmamalıyıq. Avropanın, Amerikanın və uzaq ölkələrin bir çox əməlləri Azərbaycana sirayət olunur. O cümlədən, itlərin qorunması da bu məsələlərin içərisindədir”.