Ermənistanın baş naziri Nikol Paşinyan yerli vaxtla saat 20:00-da Ermənistan İctimai Televiziyasının canlı yayımında istefa verdiyini bəyan edib.
Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkiləri prosesi başlanır.
Seçkilərin dəqiq tarixi məlum deyil, lakin baş nazir Paşinyan seçkinin dekabrın birinci ongünlüyündə keçiriləcəyini ehtimal edir.
"Daha əvvəl dediyim kimi, mən bu gün baş nazir vəzifəsindən istefa verirəm. Bu istefanın məqsədi, baş nazir vəzifəsini tərk edərək, üzərimə düşən məsuliyyətdən boyun qaçırmaq deyil, əksinə, qeyri-zorakı, məxməri, xalq inqilabının məntiqi nəticəsinə çatdırmaq - tam hakimiyyəti xalqa qaytarmaqdır", - televiziya çıxışında Nikol Paşinyan bəyan edib.
Həmin gün Ermənistan prezidenti Armen Sarkisyan baş nazirin və hökumətin istefasını qəbul edib.
Lakin yeni hökumət tərtib olunana kimi baş nazir də, onun başçılıq etdiyi hökumət də öz səlahiyyətlərini yerinə yetirməyə davam etdirəcəklər.
Baş nazirin və Nazirlər Kabinetinin istefasından sonra, Milli Məclis gələcək iki həftə ərzində iki dəfə baş nazir vəzifəsinə irəli sürülən namizədin əleyhinə səs verməli və beləliklə, mövcud parlamentin buraxılmasını təmin etməlidir.
"Əgər dekabrda siz bizim siyasi qüvvəni dəstəkləyib etimad etsəniz, mən yenidən baş nazir vəzifəsinə seçilərəm", - Paşinyan televiziya müraciətində deyib.
Ermənistan parlamentinin bütün dörd fraksiyası da, o cümlədən, sayca ən böyük sabiq hakim respublikaçılar, baş nazir vəzifəsinə öz namizədlərini irəli sürməməyi vəd ediblər.
Parlament fraksiyalarına xitabən, baş nazir Paşinyan "bir sıra parlament qüvvələri ilə ziddiyyətli və kəskin mübahisələr olduğuna baxmayaraq, onların xalqa və dövlət təhlükəsizliyinə qarşı hərəkət etmək niyyətində olduqlarına" inanmadığını bildirib.
Onun sözlərinə görə, parlament qüvvələri sübut ediblər ki, bütün ziddiyyət və fikir ayrılığından asılı olmayaraq, ölkənin sabitliyi və təhlükəsizliyi onlar üçün "keçilməz bir qırmızı xətdir".
"Mən əminəm ki, onlar heç vaxt bu xətti keçməzlər. Bir halda ki, həm respublikaçılar, həm Tsarukyan bloku, həm Daşnaksutyun öz namizədini irəli sürmək niyyətində olmadıqlarını bildiriblər", - Paşinyan deyib.
Bəzi siyasətçilər onun bu istefasından sonra dekabrda növbədənkənar parlament seçkiləri keçiriləcəyini və "məxməri inqilab" prosesinin yekunlaşacağına ümid edirlər.
Bəzi təhlilçilər də düşünürlər ki, hökumətlə parlament arasında siyasi ziddiyyət nəticəsində bohran yaransa da, xalq bu gün dəstəklədiyi Pashinyana 2 il sonra "get" də deyə bilər.
Ermənistan Milli Məclisi xarici əlaqələr komissiyasının sabiq sədri, siyasi təhlilçi Hovhannes İqityan hesab edir ki, dekabrda növbədənkənar seçkilər baş tutacaq və "inqilabçı qüvvələr qalib gələcək".
İqityanın sözlərinə görə seçkilərin başlıca mahiyyəti ondadır ki, nəticələr vətəndaşların real əhval-ruhiyyəsini əks etdirərdi.
"Bu seçkilər, əslində, bir növ, Paşinyan və anti-Paşinyan qüvvələri arasında mübarizədir. Paşinyanın qələbəsi hazırda ölkədə yaranmış ab-havanı əks etdirərdi. Mən bunu məxməri inqilab ideyaları və xalq tələblərinin gerçəkləşdirilməsinin ilk mərhələsi hesab edirəm", - cənab İqityan BBC News Azərbaycancanın Yerevan müxbirinə deyib.
Hovhannes İqityan uzun illərdən bəri "ilk dəfə həqiqətən şəffaf və ədalətli seçkilərin ölkədə parlamentarizm mədəniyyətinin yaranmasına" müsbət təsir edəcəyini qeyd edir.
"İnqilabın baş verməsinin səbəblərindən biri də ondadır ki, ölkə vətəndaşları, faktiki olaraq, hakimiyyətə nəzarət etmək, seçkilərdə öz hüquqlarını icra etmək imkanından məhrum olmuşdu, - İqityan deyib. - Seçkilər bizdə rüşvət paylama, inzibati resurslardan istifadə edərək, insanları avtobuslarla seçki məntəqələrinə daşıma, seçki qutusuna toplarla bülleten atma prosesinə çevrilmişdi".
"Arminfo" informasiya agentliyinin təhlilçisi Aleksandr Avanesov Paşinyanın başçılıq etdiyi icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında "uyğunsuzluğun" ölkədə iqtisadi inkişafı "qeyri-mümkün" etdiyini düşünür.
"Bu gün Ermənistana müxtəlif mənbələrdən vəd edilən 1 milyard dollar həcmində sərmayədən yalnız 200 min dolların yatırım ediləcəyi təsdiqlənib. O da vədlər səviyyəsində. Xalqın etimadını qazanan yeni inqilabi hakimiyyət və keçmiş hakim qüvvənin üstünlük təşkil etdiyi parlament arasında ziddiyyət aradan götürülməyincə, qeyri-sabitlik, əslində isə, hakimiyyət böhranı investorları qorxudur", - BBC News Azərbaycancaya Avanesov deyib.
"Paşinyanın tərəfdarları qalib gələr, o, yenidən baş nazir seçilər və vəziyyət sabitləşər", - deyə Avanesov, bu stabilliyin nə qədər davam edəcəyinin də narahatlıq doğurduğunu qeyd edir.
Lakin bu etimadı itirməmək daha vacibdir, təhlilçi deyir.
"1991-ci ildə Levon Ter-Petrosyan da əhalinin 80 faizindən çoxunun səsi ilə prezident seçilmişdi, lakin 2 il də keçmədi ki, həmin əhali küçəyə çıxıb onun istefasını tələb edirdi. Paşinyan hakimiyyəti də bunu unutmamalıdır", - Aleksandr Avanesov əlavə edib.
Ermənistan hökumətinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında baş nazir Nikol Paşinyan istefa vermək niyyətində olduğunu, lakin bu barədə daha konkret bəyanat verəcəyini bildirib.
Hökumət iclasını açan baş nazir Paşinyan bu günü "əlamətdar" adlandırıb və Ermənistan Respublikasının "yeni bir tarixi mərhələyə" qədəm qoyduğunu bəyan edib.
"Bunun başlıca mahiyyəti ondadır ki, bu mərhələ nəticəsində biz yazda Ermənistanda baş vermiş qeyri-zorakı məxməri xalq inqilabını başa çatdırmalıyıq. Lakin bu barədə mən daha konkret bəyanatla bu axşam çıxış edəcəm", - o deyib.
Baş nazirin istefası hazırkı parlamentin buraxılıb, Paşinyanın tələb etdiyi kimi, dekabrın əvvəlində növbədənkənar seçkilərin keçirilməsinə imkan verir.
Ölkə Konstitusiyasına əsasən, ölkə prezidenti tərəfindən baş nazirin istefası qəbul olunduqda, Ermənistan hökuməti də istefa verir və Milli Məclisdə təmsil olunan fraksiyalar bir həftə ərzində baş nazir vəzifəsinə öz namizədlərini təklif edə bilərlər.
2015-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, hazırkı Milli Məclisin ləğv edilməsinə yalnız baş nazirin istefası yolu ilə nail olmaq mümkündür.
Milli Məclisin ləğv edilib yeni parlament seçkilərinin keçirilməsi zərurəti hazırkı Milli Məclisin "məxməri inqilabdan sonra ölkədə yaranmış siyasi reallığı əks etdirmədiyindən irəli gəlir", bir çox yerli ekspertlər düşünürlər.
İki həftə ərzində namizədliyi irəli sürülən şəxslərin heç birinin seçilmədiyi halda, Milli Məclis buraxılır və növbədənkənar seçkilər prosesi başlanır.
Lakin bir çoxları Paşinyanın necə deyərlər, texniki istefasından sonra onun parlamentdə çoxluq təşkil edən əleyhdarlarının bu plana əməl edəcəyindən şübhələnir və Paşinyanın istefasını "təhlükəli addım" hesab edirlər.
Lakin Paşinyan son həftələr bu məsələ ilə bağlı bütün parlament fraksiyaları ilə razılıq əldə edib.
Parlamentin sayca ikinci "Qaqik Tsarukyan" fraksiyası baş nazir Paşinyanla memorandum imzalayıb və baş nazirin istefasından sonra öz namizədini irəli sürməmək və parlament seçkilərinin dekabrda keçirilməsinə razılıq verdiyini bəyan edib.
Bu arada növbədənkənar parlament seçkilərinə qarşı olan parlamentin sayca ən böyük sabiq hakim Ermənistan Respublikaçılar Partiyası fraksiyasının 16 üzvü Paşinyanın təklifini dəstəkləyib, fraksiya rəhbərliyi isə rəsmi bəyanatında öz namizədini irəli sürməyəcəyini bildirib. Eyni zamanda ERP fraksiyası seçkilərin dekabrda keçirilməsinə qarşı olduğunu bildirib.
Parlamentdə təmsil olunan digər fraksiyalardan "Yelk" ("Çıxış") fraksiyası birmənalı baş naziri dəstəkləyir.
Bu gün Daşnaksutyun fraksiyası da, Paşinyan istefa verərsə, namizəd təklif etməyəcəyini bildirib. "Biz həmişə bəyan etmişik ki, yeddi üzvü olan fraksiyanın öz namizədini irəli sürməsi əhəmiyyətsiz işdir... Biz seçkilərin normal şəraitdə keçməsinin tərəfdarıyıq. Xalq necə istəyir, elə də olsun", - fraksiyanın rəhbəri Armen Rustamyan jurnalistlərə deyib (BBC Azərbaycan).