Son zamanlar mobil telefon istifadəçiləri qəribə halla üzləşirlər. Belə ki, "Bakcell" abonentlərinə müxtəlif nömrələrdən zəng gəlir və zəng edən şəxs özünü "Bakcell" şirkətinin nümayəndəsi kimi təqdim edir.
Sonra müştəriyə bildirir ki, artıq mobil telefonlarda 3G xidməti dayandırılır və müştəri 4G-yə keçməlidir. Bunun üçün isə müştəri şəxsiyyət vəsiqəsinin surətini "Whatsapp" vasitəsi ilə ona zəng olunan nömrəyə göndərməlidir.
Daha sonra o da əlavə olunur ki, müştəri "Bakcell"-in müştəri xidmətlərinə getsə, həmin xidmət ona pullu göstəriləcək. Onlayn qaydada isə xidmətin ödənişsiz olacağı qeyd olunur.
Bu problemlə qarşılaşan müştərilərdən biri də Səbinə Əliyevadır. Üzləşdiyi vəziyyətin araşdırılması üçün Sputnik Azərbaycan-a müraciət edən S.Əliyeva bunları deyib: "Mənə zəng edib nömrəmi dəyişməli olduğumu dedilər. Əks halda 3G-dən istifadə edə bilməyəcəyimi bildirdilər. Onlara dedim ki, istəmirəm, lazım olsa, özüm müştəri xidmətlərinə yaxınlaşaram. Amma onlar israr etdilər. Bir neçə dəqiqə keçəndən sonra isə mənə "WhatsApp"-dan yazmağa başladılar. Xahiş edirəm ki, bu məsələni araşdırıb, mənə məlumat verəsiniz".
Məsələni aydınlaşdırmaq üçün "Bakcell" şirkətinə sorğu göndərdik. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, "Bakcell" şirkəti heç bir halda öz abunəçiləri ilə "WhatsApp" və yaxud digər kənar messencerlər vasitəsi ilə əlaqə saxlamır: "Abunəçilərə çatdırılacaq bütün zəruri məlumatlar operator tərəfindən yalnız SMS məlumatlandırma, sistem mesajları, şirkətin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə rəsmi hesabları və yaxud ölkənin aparıcı mətbuat orqanları vasitəsilə çatdırılır".
"Abunəçilərə tövsiyə olunur ki, bu cür mesajlara cavab verməyib, öz şəxsi məlumatlarını kənar şəxslərə heç bir messencer və yaxud sosial şəbəkə vasitəsilə göndərməsinlər" – deyə şirkətdən vurğulandı.
Həmçinin o da qeyd olundu ki, "Bakcell" şirkətinin 3G şəbəkəsi 3000-ə yaxın baza stansiyasi ilə ölkə əhalisinin 97%-ni əhatə edərək Azərbaycanın ən güclü UMTS şəbəkəsi hesab olunur və 3G xidmətlərinin ləğv edilməsi barədə bəzi abunəçilərə göndərilən bu cür məlumat, tamamilə, əsassız olmaqla, yanlış xarakter daşıyır.
O da bildirildi ki, şirkətin işgüzar nüfuzuna xələl gətirən bu cür məlumatların yayılması halları "Bakcell" tərəfindən ciddi araşdırılaraq, həmin məlumatı yayan şəxslər barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu hal dələduzluqdur: "Əgər şirkət də bunu təkzib edirsə, deməli kimdirsə, hüquqi şəxslərin adından çıxış edərək fəaliyyət göstərir. Və həmin hüquqi şəxsin adından vətəndaşa təkliflər və xidmətlər təklif edirlər. Düşünürəm ki, bu, cinayətdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməlidir".