Şəfəqə Doğru » Manşet » “İstəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin...” - deputat

“İstəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin...” - deputat

“İstəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin...” - deputat
ABŞ-ın nüfuzlu "Washington Post” qəzeti uzunmüddətli fasilədən sonra yenidən Azərbaycan iqtidarına qarşı sərt yazı dərc edib. Qəzetin redaksiya heyətinin adı ilə yazılan baş məqalədə blogger Mehman Hüseynovun azad edilməsinə çağırış edilib. Məqalədə Mehman Hüseynovun azad olunmasına çağırış edilməklə yanaşı, Bakıya qarşı sərt ittihamlar irəli sürülür və ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Azərbaycan hökumətinə təsir etməyə çağırılır.

"Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, "Washington Post”un yenidən köhnə şakərini yadına salıb Azərbaycanla bağlı qərəzli yazı yazması təəssüf doğurur. B.Sadıqov hesab edir ki, belə bir yazının ortaya çıxmasında Azərbaycanın uğurlarını və müstəqil siyasətini istəməyən dairələrin rolu var: "2018-ci il Azərbaycan üçün çox uğurlu illərdən biri oldu. Azərbaycan yenə iqtisadi cəhətdən qüdrətləndi, siyasi nüfuzu artdı. Azərbaycanın əsas iştirakçısı olduğu transmilli layihələr gerçəkləşdirildi. Azərbaycan yenə müstəqil siyasət yürüdür, iqtisadi qüdrətini artırır, siyasi nüfuzunu yüksəldir, beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qoruyub saxlayır. Dünya xəritəsində kiçik bir dövlət olan Azərbaycanın bu cür inkişafı, öz müstəqil siyasətini yeritməkdə davam etməsi, heç kimin vassallığını qəbul etməməsi bir çox dairələrin xoşuna gəlmir. Azərbaycanın karbohidrogen ehtiyatlarından hansısa pay uman, güzəştli şərtlərlə Azərbaycana layihələr qəbul etdirmək istəyən dövlətlər, qüvvələr mövcuddur.

Bu sirr deyil. İndiyə qədər də belə olub, bundan sonra da olacaq. Amma Azərbaycan prezidenti cənab İlham Əliyev daim Azərbaycan dövlətinin və xalqının maraqlarını ön planda tutan addımlar atır. Bütün addımları atarkən məhz xalqın maraqlarını təmin eləməyə çalışır və buna nail olur. Təbii ki, bu da bəzi dairələrin xoşuna gəlmir. Azərbaycan ayrı bir təzyiq, təsir vasitəsi tapa bilmirlər, müxtəlif media orqanlarında qarayaxma xarakterli yazılara əl atırlar. İndi həmin "Washington Post" qəzeti Mehman Hüseynov məsələsini o cür qabardır və Azərbaycan hökumətinə öz aləmlərində təzyiq etdiklərini düşünürlər. Mehman Hüseynov məhkəmə qaydasında mühakimə olunub, məhkəmənin qərarı ilə məhkum olunub və cəzasını çəkir. ABŞ-da polisə qarşı müqavimət göstəriləndə və polis hesab edəndə ki, həyatına təhlükə var, dərhal həmin müqavimət göstərən şəxsi güllələyib öldürür. Biz dəfələrlə bu cür faktları görmüşük. Azərbaycanda isə bu cür hallar yoxdur. Mehman Hüseynov polisə xətər yetiribsə, nə edilməliydi? Amerikada bizə qarşı o yazıları yazdıranlar, yazanlar məgər istəyirlər ki, Azərbaycanda polisə müqavimət göstərən şəxsə heç bir cəza verilməsin? Axı belə olduğu halda anarxiya baş alıb gedər. O cür yazının meydana gəlməsi Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən qüvvələrin işidir.

Lakin bilməlidirlər ki, o cür yazılarla Azərbaycana təzyiq edə və Azərbaycanı öz müstəqil siyasətindən döndərə bilməyəcəklər. "Washington Post” qəzeti zaman-zaman Azərbaycana, Azərbaycan hakimiyyətinə qarşı qərəzli yazılar verir. Hətta bir neçə dəfə "Azərbaycan” qəzeti onların bu cür yazılarına tutarlı faktlarla cavab da verib və sübut edib ki, məsələ sizin qələmə verdiyiniz kimi deyil. Əgər ABŞ-ı insan haqları bu qədər düşündürürsə, onda nə üçün ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi hüquqları Ermənistan tərəfindən pozulan 1 milyon azərbaycanlının hüquqlarının bərpa edilməsində bu cür canfəşanlıq göstərmir?! Niyə bu "Washington Post” bir dəfə də olsun Ermənistanı işğalçı adlandırmır?! Bunları etmirsə, onların insan hüquqları ilə bağlı hansısa yazı yazmağa, məsələ qaldırmağa mənəvi haqları yoxdur".

Deputat həmçinin istisna etmir ki, məlum yazının meydana gəlməsində Azərbaycanla ABŞ-ın münasibətlərini pozmağa çalışan qüvvələrin də rolu ola bilər: "O qüvvələr güclü müsəlman dövlətinin olmasını istəmir. Həmçinin istəmirlər ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf etsin. Həmin qüvvələr istəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin, Suriyanın və digər xaos hökm sürən ərəb ölkələrinin gününə düşsün, vətəndaş qırğınları baş versin və dövlət dağılsın. Demokratiya və insan haqları adı ilə dövlətlərin daxili işlərinə qarışmaqda onların məqsədi həmişə bu olub”.