İlqar Vəlizadə: "Paşinyan İrandan qaz almaq üçün ilk növbədə, infrastruktur yaratmalı, kəmər çəkməlidir”
Ermənistan hökuməti Rusiyadan aldığı təbii qazın qiymətini baha hesab etdiyinə görə alternativ mənbələr axtarır.
Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, Ermənistan İran qazının tədarükü imkanını müzakirə edir. "İran mavi yanacağının tədarükü məsələsi həmişə gündəlikdə durur. Biz bu məsələni konkret və əlverişli həll variantı tapılana qədər müzakirə edəcəyik”, - Paşinyan belə deyib.
O həmçinin əlavə edib ki, rəsmi İrəvan təbii qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə də danışıqları davam etdirir. "Biz danışıqları davam etdiririk və ölkəmizin maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyik", - Paşinyan vurğulayıb.
Xatırladaq ki, Rusiyanın "Qazprom” şirkəti 2019-cu il yanvarın 1-dən Ermənistana satılan "mavi yanacağın” 1000 kubmetrinin qiymətini 150 dollardan 165 dollara qaldırıb. Bu isə tərəflər arasında narazılığa səbəb olub.
Lakin ekspertlər hesab edir ki, Ermənistanın İrandan təbii qaz istehlak etmək imkanları yoxdur. Bu baxımdan, Nikol Paşinyanın bəyanatı populist xarakter daşıyır və reallığı əks etdirmir.
Politoloq İlqar Vəlizadənin sözlərinə görə, İranın Ermənistanın təbii qaza olan tələbatını təmin etmək imkanları yoxdur: "İrandan Ermənistana nəql edilən təbii qaz elektrik stansiyalarında enerji istehsal edib sonra onu yenidən geriyə ötürmək üçün istifadə olunur. Yəni İranın Ermənistanın enerjiyə olan daxili tələbatını ödəməsi üçün infrastruktur yoxdur. Rusiyadan alınan təbii qaz isə Ermənistanın həm iqtisadi tələbatını təmin edir, həm də istehlak bazarını ödəyir. Paşinyan İrandan qaz almaq üçün ilk növbədə, infrastruktur yaratmalı, kəmər çəkməlidir. Bunu kim təmin edəcək, kim vəsait ayıracaq? İran bu layihəyə maliyyə ayırmayacaq. Çünki İran Ermənistana satdığı qazdan iqtisadi mənfəət əldə etmir. Ermənistanın da pulu yoxdur.
Ona görə də Paşinyanın açıqlaması boş sözlərdir və erməni cəmiyyətini aldatmaq üçün verilən yalan vədlərdir. Üstəlik, İran qazı Rusiyanın təbii qazından daha bahadır. Əgər İranın "mavi yanacağı” ucuz olsa idi, Türkiyə ötən il onun istehlakından imtina etməzdi. Ona görə də bunlar qeyri-ciddi fikirlərdir. Ermənistan çalışır ki, "Qazprom”la anlaşma əldə etsin. "Qazprom”un rəhbərliyi də Ermənistanın imkanlarının çox məhdud olduğunu yaxşı başa düşür. Bu vəziyyəti də Ermənistan özü yaradıb. Robert Koçaryanın prezidentliyi dövründə İrandan Ermənistana istehlak olunan təbii qazın həcminə kvota qoyulub. Ermənistan İrandan idxal edilən təbii qazın həcminin 750 milyon kubmetrdən artıq olmaması barədə "Qazprom”la razılaşma əldə edib. Ona görə də təbii qazı nəql edən kəmərin diametri azdır. "Qazprom”un səhmlərinin bir hissəsi Robert Koçaryana məxsus olduğuna görə o, həmin şərtlə razılaşdı”.
Ekspert onu da bildirdi ki, əvvəllər Ermənistan İran vasitəsilə Türkmənistan qazını almağa maraq göstərib. Lakin hazırda Türkmənistanın İranla təbii qazın alqı-satqısına dair əməkdaşlığı pozulduğuna görə Ermənistan bu imkandan da məhrum olub.
Müşfiq Abdulla
Cebhe.info