Hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Statistika göstərir ki, son 5 il ərzində Azərbaycanda 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Səbəb isə təhsil haqlarının yüksək olmasıdır. Xatırladaq ki, büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov təhsil haqlarının çox olmasını və ali məktəblərdə ödənişlərin azaldılmasını təklif etmişdi.
Məlumat üçün bildirək ki, neft ölkələrinin əksəriyyətində təhsil pulsuzdur. Bununla yanaşı ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və yataqxana ilə təmin edilir. Azərbaycanda isə çox universitetlərin yataqxanası nə mövcuddur, nə də normal vəziyyətdədir.Üstəlik təhsil haqları da "cib yandıran” məbləğdədir.
Mövzu ilə bağlı "Cümhuriyət” qəzetinə danışan təhsil eksperti Kamran Əsədov deyib ki, ola bilsin ki, Azərbaycanda da təhsil haqlarının məbləği bir qədər aşağı salınsın. Amma kəskin şəkildə baş verməsi gözlənilmir. O, dünya ölkələrində universitetlərdəki təhsil haqlarının hansı qaydalarla tənzimlənməsi təcrübəsindən danışıb:
"Bir çox ölkələrdə ali təhsil pulsuzdur. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır.Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.
Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə də tələbə təqaüdü 700 dollar təşkil edir.
Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır.Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər.Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.
Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı.İranda da təhsilin bütün pillələri pulsuzdur. Həmçinin bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır.Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır.Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.
Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur.Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur. Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir.Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.Ali təhsili pulsuz olan ölkələr arasında İsveç, Danimarka və Çexiyanı da nümunə gətirə bilərik.Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əməkhaqqı 3 min avrodan az deyil”.
Ekspert əlavə edib ki, beynəlxalq tələbələr və ya Azərbaycan tələbələri üçün ən uyğun olan ölkə Almaniyadır:
"Bu ölkənin bəzi əyalətləri tam ödənişsiz bəzi əyalətlərində isə ildə min avroya kimi ödəniş olur.
Amma bu yaşamınızı ödəyəcək anlamına gəlməz.Almaniya tələbə vizası üçün alman bankına 8040 avro yatırmanızı məcbur edir. Çünki o sizin bir illik xərcinizi öncədən göstərməlidir ki, gedib orda çətin vəziyyətdə qalmayasınız. Almaniyada əlavə xərcləri ödəmək üçün DAAD təqaüdü də var. Amma oradan tələbələr çox az keçir. İldə 5 tələbə gedər ya getməz. Yəni təhsil haqqı olmayan ölkələrə gedəndə yaşamı çox zaman siz ödəməli olursunuz.Bunu qəbul etmək lazımdı.
Norveç və digər Skandinav ölkələri də eyni sistemlə işləyir.Məsələn, Norveçdə təhsil haqqı yoxdur, amma qəbul üçün əvvəl öz bankınızda 12 min avroya yaxın məbləğ göstərməlisiniz və qəbuldan sonra viza üçün pulu universitetin hesabına köçürməlisiniz.Viza üçün Hollandiya da eyni sistemdən istifadə edir. ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əməkhaqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir.Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər.Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir.Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur”.