2018-ci ilin dekabr ayında maliyyə nazirinin məlum çıxışından sonra yeni bir devalvasiya xofu yaşayan əhali dollar alışını kəskin artırıb. Bu, özünü dekabr ayında banklara qoyulan dollarla depozitlərin həcmində də göstərib..
Shafaqadogru.com xəbər verir ki, depozitlər dekabrda 301,9 mln. manat artaraq, 8 mlrd. 375,4 mln. manata qalxıb.
Depozit artımında 119,8 mln. milli valyutanın, 182,1 mln. manat xarici valyutanın payına düşüb.
Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.
Ümumilikdə 2018-ci ildə əhalinin bank əmanətləri 10,8% - 8 mlrd. 375,4 mln. manatadək artıb. Əhalinin xarici valyutada əmanətləri 4,1% - 5 mlrd. 233,2 mln. manata çatıb və bütün əmanətlərin 62,5%-ni tutur.
2018-ci ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 24,1% - 3 mlrd. 142,2 mln. manatadək yüksələrək, bütün əmanətlərin 37,5%-ni əhatə edib.
31 dekabr 2018-ci il tarixinə rezidentlərin (təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda Azərbaycan Respublikasının ərazisində olan) bank əmanətlərinin həcmi 7 mlrd. 611,6 mln. manat, qeyri-rezidentlərin (xarici diplomatik nümayəndələrin işçiləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri) – 763,8 mln. manat təşkil edir.
2019-cu il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 870,4 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur.