Zərdabın Şahhüseynli kəndində örüş sahələri zəbt olunub.
Sakinlər məsələ ilə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etsələr də, nəticə olmayıb.
Şahhüseynli kənd ərazi vahidi üzrə nümayəndəsi Abubəkir İsayev vaxtilə bələdiyyə sədri olarkən kəndin torpaqlarını özünə yaxın şəxslərə paylayıb. Torpaq islahatı aparılanda kəndin hər sakininə 1 hektar olmaqla torpaq sahəsi paylandı.
Həmin vaxt kənd ağsaqqalları toplaşıb qərar verdilər ki, hərə 25 sot torpaq sahəsindən örüş sahəsi üçün ayırsın. Belə də oldu. Kənd sakinlərinin torpaqları hesabına 70 hektardan artıq örüş sahəsi formalaşdı.
Sakinlər deyirlər ki, illərlə həmin ərazidən örüş sahəsi kimi istifadə etdik. 5-6 il olar ki, həmin torpaqlar mal-heyvanı daha çox olan kənd sakinləri tərəfindən zəbt olunub.
Abubəkir İsayev də onlara sənədlər verib. İndi də camaat mal-heyvanını həmin ərazilərə apara bilmir. Aparanda camaatı polisə verəcəkləri ilə hədələyirlər, qarşıdurma yaranır, qalmaqal olur.
Kənd sakinləri yazırlar ki, örüş torpaqları qanunsuz olaraq 3-4 nəfərin arasında bölünüb. Şahhüseynli camaatı mal-heyvan saxlaması kənddə yaşaya, dolana bilməz. 5-6 ildir ki, zülm çəkirik, mal-heyvan saxlamaq çox çətinləşib.
"Zərdab İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə yazırıq, o da məktublarımızı Abubəkir İsayevə göndərir. İcra nümayəndəsi də deyir ki, gələn il örüş sahələrinizi qaytaracaqlar. Hər il eyni vəd verilir.
Bizlərin örüş sahələri hesabına Kamil Heydərova 40 hektar, Böyükəli Qarayevə16 hektar, Azər və Mənsum Pənahov qardaşlarına 30 hektar torpaq veriblər.
Mal-heyvanı həmin örüş sahələrinə keçən qalmaqal yaranır, bizləri hədələyirlər. Şahhüseynlidə örüş sahəsi qalmayıb.
300-dən çox təsərrüfat var. Ortada balaca yer qalıb, həmin yer də şorandır deyənə ot bitmir. Lütvəli Babayevə istəsə, məsələni 1 günə həll edər, ancaq Abubəkir İsayevin üstünə atır, o da bizi aldadır.
Ondan camaat soruşur ki, hansı əsasla kəndin örüş sahələrini bu adamlara vermisən. Abubəkir İsayev deyir ki, getdik gördük əkirlər verdim onlara”-deyə sakinlər bildirir.
Məktubda deyilir: "Bu adam öz vəzifə məsuliyyətini unudaraq müvafiq qanunvericilin tələblərinə məhəl qoymur. Abubəkir İsayev orta məktəbdə çox zəif oxuyub.
Onun harada nə vaxt ali təhsil alması çox təəccüblüdü. Hay-küylü davranışı və məmura uyğun olmayan kobud ünsiyyəti təhsilli adam təəssuratından uzaqdır. İstənilən məsələ ilə bağlı ona edilən müraciətin qarşılığında şəxsi maraq güdür.
Hər nə olursa, rayon rəhbərliyinin tapşırığı kimi qələmə verir. Kəndin əsas əkin sahələri də Abubəkir İsayevin özü və yaxın ətrafı tərəfindən uzun müddətə icarəyə götürülüb. Kəndin daha bacarıqlı, təsərrüfatda səriştəsi olanlar isə kənarda qalıb”. \\hurriyyet.org\\