Boşanma zamanı uşağın atada, yaxud anada qalması prosesində, eyni zamanda övladlığa uşaq götürmə hallarında vətəndaşlar bir çox çətinliklərlə qarşılaşır. İllərlə davam edən məhkəmə çəkişmələrində uşaqlarlar psixoloji travma alır, stress, gərginlik əsələri tarıma çəkir. Bu işdə məhkəmələrlə yanaşı, səlahiyyətli qurum İcra Hakimiyyətləri yanında Qəyyumluq və himayəçilik komissiyalarıdır.
Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli qərarına əsasən, vətəndaş müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və himayəçilik komissiyasına müraciət edərək qeydiyyata götürülür. Qəyyumluq komissiyası tərəfindən qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə göndərilir.
Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Bununla yanaşı, məhkəməyə RİH-nin Qəyyumluq və himayəçilik orqanı tərəfindən uşağın övladlığa verilməsi barədə rəy təqdim olunur. Məhkəmə prosesində RİH-nin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin və övladlığa götürülən uşağın yaşadığı dövlət uşaq müəssisəsinin (uşaq evi, internat) nümayəndəsinin iştirakı vacibdir. Yaxud da boşanma hallarından sonra məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə halları olur ki, Qəyyumluq komissiyaları bu işdə tərəflərə müdaxilə edə bilir.
Bir çox hallarda isə bu müdaxilələr uşaqların sonrakı taleyinin etibarlı şəkildə qorunmasını təmin etməyən qərarlara gətirib çıxarır. Tərəflərdən birinin komissiya üzvlərilə sövdələşməyə getməsi, uşaqların həyatını alt-üst edir. Bir sözlə uşaqların taleyi İcra Hakimiyyətlərinin Qəyyumluq komissiyalarında "qumara qoyulur”.
İcra Hakimiyyətləri uşaqların taleyinə biganə yanaşır
Elə hüquq müdafiəçisi Əliməmməd Nuriyev də Modern.az-a danışarkən bu qənəatdə olduğunu bildirib:
"Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik, yetkinlik yaşına çatmayanların işləri və hHüquqlarının müdafiəsi komissiyaları fəaliyyət göstərir. Heç şübhəsiz ki, ailə münasibətləri, xüsusilə uşaq məsələlərində qəyyumluq və himayəçilik orqanlarının rəyi nəzərə alınır. Uşaq doğulduğu andan etibarən hər şey valideynlərinin ixtiyarında olmur. Nəzərə almaq lazımdır ki, həmin uşaq ölkənin vətəndaşıdır və ölkə bu uşağın qayğısına qalmaqla bağlı bütün hüquqları özündə saxlayır. Əlbəttə ki, burada valideyn hüquqlarına qanun çərçivəsində müdaxilə etməmək şərtilə hörmətlə yanaşmaq əsas meyardır. Ona görə də boşanma zamanı uşağın kimlə qalacağı müzakirə olunarkən, qəyyumluq və himayəçilik orqanları uşağın mənafeyini əsas götürərək, dövlətin maraqlarından çıxış etməlidir. Bəzi hallarda uşağın maraqları ilə validyen maraqlarında toqquşma baş verir. Dövlət məhz belə mübahisəli məsələlərdə instutsional təchizat yaradıb ki, onlar rəy versinlər”.
"Qəyyumluq komissiyasında çalışanlar öz səlahiyyətlərini bilmirlər”
Ə.Nuriyev təəssüflə qeyd edib ki, qəyyumluq və himayəçilik orqanları öz səlahiyyətlərini yetərincə bilmirlər:
"Burada psixoloqların, pedoqoqların olması çox vacibdir. Onlar uşağın psixologiyasını bilmək, davranışlarını qiymətləndirməklə bağlı yetərincə təcrübəyə malik olmalıdırlar. Bəzən bu kimi məsələlərə formal yanaşma olur. Ailənin qorunması, saxlanması, uşaqların hüquq və mənafelərinin etibarlı şəkildə müdafiə edilməsində bu qurumun önəmli rolu olmalıdır. İndi də bu rol onlarda var. Amma kimin mövqeyindən çıxış edirlər, bu, olduqca qaranlıq məsələdir.
Bir çox hallarda isə İcra Hakimiyyətlərinin rəyləri yalnız formal xarakter daşıyır.
Uşağın taleyində rol oynadığına görə xüsusilə məhkəmələr bu orqanların rəyini, bütövlükdə situasiyanı nəzərə almalıdırlar. Bizim məhkəmələrə də bəllidir ki, bu qurumların rolu formal xarakter daşıyır. Bu institutlara təcrübəli insanların gəlməsilə möhkəmləndirilməsinə ciddi ehtiyac var. Eyni zamanda, himayəçi, qəyyum təyin edərkən, qurumun təcrübəsi, uşaqlarla işləmək bacarığı nəzərə alınmalıdır. Əks halda, bu cür qərarlar uşaqların taleyində mənfi təsir qoyacaq”.
5-10 manata tale "yazanlar”
Hüquq müdafiəçisinin sözlərinə görə, uşağın hansı tərəfdə qalması ilə bağlı Qəyyumluq komissiyası ilə sövdələşmələrə də gedilir:
"Qəyyumluq orqanlarında 5-10 manata görə uşaqların taleyinə biganə yanaşanlar da var. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi ailə ilə bağlı yeni milli fəaliyyət planı hazırlayır. Bu fəaliyət planlarında ən önəmli məsələ qəyyumluq və himayəçilik orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi, eyni zamanda onların formalaşması ilə bağlı məsələlər öz əksini tapmalıdır ki, gələcəkdə bu, Azərbaycan ailəsinin möhkəmləndirilməsinə xidmət etsin, uşaqların taleyini etibarlı şəkildə qoruyan təchizat olsun.
Həmçinin, vətəndaş cəmiyyətinin nümayəndələri, məhkəmələr bu məsələyə diqqəti artırmalıdır. Bəzi hallarda rəyin formal xarakterli olması məhkəmə qərarlarına da mənfi təsir göstərir. Problem daha sonra icra proseslərində də özünü biruzə verir. Dəfələrlə bu kimi halların problem yaratdığının şahidi olmuşuq. İcra strukturları yalnız o zaman işə qarışır ki, məhkəməninin qanuni qüvvəyə minmiş qərarı var. İcra strukturu məhkəmənin qanuni qüvvəyə minmiş qərarına təsir edə bilməz. O artıq tərəflərin, onların vəkillərinin və qəyyumluq orqanlarının mövqeyidir. Qəyyum və himayəçilik orqanlarının rəyi bir çox hallarda məhkəmə qərarlarına da ciddi təsir edir”.