"İcra hakimiyyətindən məni "Kapitakbank”ın Saatlı rayon filialına göndərdilər. Dedilər, get, ordan maaş kartını götür. Soruşdum, mən harda işləyəcəm? Dedilər, kart veririk, hər ay da içində pul olacaq, get, başını saxla, iş yoxdur”. Saatlı sakini Vüsal Axundov danışır ki, 2015-ci ilin yanvar ayında hərbi xidmətdən qayıdandan sonra rayon Məşğulluq Mərkəzinə, yerli icra hakimiyyətinə iş üçün rəsmi müraciətlər edib. Bu qurumlardan müsbət cavab almadıqda ölkə başçısına və onun xanımına rayondakı işsizlik problemlərindən yazıb.
”Adamlar acından torpaqlarını satır”
"Adamlar acdır, elələri var ki, xəstəsini müalicə etdirmək üçün pay torpağını satıb. Adamlar acından qab-qacaqlarını, evinin əşyalarını aparıb Bakıda gedirlər. Mən də ölkə başçısına bunları yazıram. Özüm ailəliyəm, 10 aylıq körpəylə ortalıqda qalmışam. Yoldaşımın ayaqları qanqrenadır, çünki pulsuzluqdan əməliyyatı gecikib. Evim yoxdur, kirayədə qalıram, nə ünvanlı sosial yardım, nə başqa gəlirimiz var. 4 ildən çoxdur istədiyim işlə təmin olunmaqdır, onu da eləmirlər. İş üçün gedəndə şərləməklə hədələyib qovurlar. Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir, mənim özümə Bakıya şikayət yazdığım üçün "küçük” deyib, icra hakimiyyətinin qapısından qovub. Hələ bu, başçının leksikonundakı ən "abırlı” söyüşdür,” – Vüsal Axundov danışır.
Vüsal Axundovun deməsinə görə, məhz bundan sonra yerli icra hakimiyyəti ilə problemləri başlayıb:
"Bir dəfə icra hakimiyyətinə çağırdılar, dedirlər, sənə sonuncu xəbərdarlığımızdır, başçı sənin əlindən yığıb, yazmağı dayandır, yoxsa səni oğurluqla, narkotiklə atdıracaq həbsə… Nə İlham Əliyev, nə Mehriban Əliyeva səni çağırıb iş verən deyil, ancaq o dərəcəyə çatdırma ki, başçı sənə başqa "iş” verdirsin…”
"Həyat yoldaşımın cüzi maaşı kreditlərə ödənilir”
Vüsal Axundov 3 ay əvvələdək köhnə maşını ilə Saatlıdan Bakıya taksi xidməti göstərirmiş. Ancaq həyat yoldaşının səhhəti ağırlaşdıqca, müalicəyə pulu olmadığından maşını da satmalı olub. Orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən həyat yoldaşının cüzi maaşı isə bir neçə bankdan götürülmüş kreditlərin aylıq ödənişlərinə gedir:
"Sənətim traktorçuluqdur. Əlimdən elektrik, santexnik işləri gəlir. Ya məsələn, qaz idarəsində iş versin, boru daşıyım, işıq idarəsində iş versin, şunur daşıyım, su idarəsində iş versin, şlanq daşıyım… Axır ki, hər nə iş olur, fərq eləməz, təki körpəm ac qalmasın, evin kirayəsini verə bilim…”
"Kart var, maaş var, iş yoxdur”
Bu yaxınlarda Vüsal Axundovu yenə yerli icra hakimiyyətinə çağırıblar. Ona bildiriblər ki, iş yoxdur, ancaq maaş kartı var, götürsün və bir daha işsizliklə bağlı ölkə rəhbərliyinə şikayətlənməsin:
"Youtube kanalı vasitəsilə prezidentə növbəti video-müraciətimdən sonra – ötən həftə başçının köməkçisi Zaur Əsədov məni çağırıb dedi, get, "Kapitalbank”da sənin adına kart var, götür… Mən də "Kapitalbank”ın rayon şöbəsinə getdim, yaxınlaşıb dedim, burda mənim kartım olmalıdır. Kartı verdilər, dedim, bu nə kartdır? Dedilər, "DOST” İş Mərkəzinin verdiyi maaş kartıdır. Qalan şeyləri get, icra hakimiyyəti ilə aydınlaşdır. Kartda 173 manat vardı, gəldim icra hakimiyyətinə, Zaur Əsədova dedim, bəs mən harda işləyəcəm? Bu pulu mənə kim, niyə verir? Dedi, iş yoxdur, get, otur evində, hər ay maaşın köçürüləcək karta. Mayın 3-də kartdan 173 manatı çıxartdım, elə həmin gün yoldaşımı xəstəxanaya apardım. Ancaq mən belə "maaşı” istəmirəm. Mən iş tələb edirəm. Evdən çıxım, gedim, işləyim, çörəyimi zəhmətimlə qazanım”.
"Təklif olunan işlərdən imtina edib”
Dövlət Məşğulluq Mərkəzindən bildirilib ki, işlə bağlı müxtəlif qurumlara müraciət edən Vüsal Axundov Saatlı rayon Məşğulluq Mərkəzinə dəvət olunsa da, gəlməyib. Mərkəzin əməkdaşları Vüsal Axundovla telefon əlaqəsi yaradaraq ona 200 manat əməkhaqqısı olan Ağcəbədi Regional Meşə Təsərrüfatı Mərkəzində iş təklif ediblər. Bundan başqa, Vüsal Axundova "MKT Saatlı” Pambıq İstehsalı və Emalı Zavodunda günəmuzd əməkhaqqısı olan iş yerləri təklif ediblər. Ancaq Vüsal Axundov təklif olunan iş yerlərinin yaşadığı yerdən uzaqda yerləşdiyini səbəb gətirərək, hər iki işdən imtina edib: "Biz də Vüsal Axundova yeni iş yerləri ilə bağlı məlumat əldə etmək üçün rayon Məşğulluq Mərkəziylə mütəmadi əlaqə saxlamağını tövsiyə etmişik”.
Vüsal Axundova "DOST İş Mərkəzi” MMC-nin xətti ilə verilmiş maaş kartına gəlincə, mərkəzdən bildirilib ki, məsələni araşdıracaqlar.