Hazırda Ermənistan rəsmilərinin ABŞ-a səfəri, həmçinin Tonoyanın ABŞ səfiri ilə görüşməsi Ermənistanın gələcəkdə Rusiya, yoxsa qərbyönümlü siyasət yürütməsi ilə əlaqəlidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Ermənistanın hazırda ABŞ-da 3 ayrı-ayrı nümayəndə heyətinin olması, o cümlədən Ermənistan Müdafiə naziri Tonoyanın ötən gün ABŞ səfiri ilə görüşməsini şərh edərkən deyib. O, bu yaxınlaşmanın səbəbini belə izah edib:
"ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton demək olar ki, hərbi siyasətdə ən təcrübəli, böyük nüfuza malik insanlardan biridir. Boltonun ilin əvvəlində Cənubi Qafqaza ilk dəfə səfər etməsi onu göstərir ki, ABŞ adminstrasiyası bölgədə uzunmüddətli passiv siyasətdən sonra aktiv siyasətə keçir. Boltonun Cənubi Qafqaz ölkələrinə və bölgə üzərinə təşkil olunan səfərində müxtəlif fikirlər səsləndirilib. Ən maraqlısı budur ki, Rusiyanın nüfuzunu azaltmaq üçün Ermənistanın ABŞ-dan silah alması məsələsi gündəmə gətirildi. Həmin təklif Azərbaycana da aiddir. Bu baxımdan düşünürəm ki, hazırda mövcud olan vəziyyət silahla yox, Ermənistanın bundan sonra rusiyapərəst, yoxsa qərbyönümlü siyasət aparması ilə bağlıdır. Paşinyan adminstrasiyası bəyan edir ki, erməni rəsmilərinin ABŞ-a müxtəlif səfərləri baş tutacaq. Yəni Paşinyan artıq bu qərara gəlib ki, Rusiya onları qəbul etmirsə, ABŞ-la daha aktiv əlaqələr qursun. Çünki Paşinyan başa düşür ki, ABŞ Ermənistanın həm Rusiya ilə, həm də Qərblə yaxın əlaqələr qurması ilə razılaşacaq qədər sadəlövh deyil. Bu baxımdan hesab edirəm ki, bu cür addımlar gələcəkdə Ermənistanda hansısa ciddi daxili siyasi böhrana gətirib çıxaracaq”.
T.Zülfüqarovun sözlərinə görə, erməni rəsmilərin ABŞ-a səfəri və son zamanlar keçirilən görüşlər Rusiya Prezidenti Vladimir Putinin payızda baş tutacaq Ermənistan səfərinə də təsir edə bilər:
"Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldikdən sonra belə fikirlər səsləndirilirdi ki, o, Qərbdən dəstək alıb. Bundan bir müddət sonra Paşinyan çalışdı ki, Rusiya ilə əlaqələri düzəltsin. Payız aylarında Putinin Ermənistana səfəri gözlənilir. Bütün bu proseslər təbii ki, həmin səfər ərəfəsində yenidən nəzərdən keçiriləcək. Rusiyanın Ermənistanla bağlı əsas iradlarından biri də ondan ibarətdir ki, rusiyapərəst siyasətçilər bu və ya digər səbəblərə görə siyasətdən və hakimiyyətdən uzaqlaşdırılır, müxtəlif ittihamlarla həbs edilirlər. Onlardan Rusiyaya ən yaxın olan və dəstək alan Köçəryandır. Köçəryanla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Çünki Putinin xahişi ilə Köçəryan azadlığa buraxılmalı idi, amma bu baş vermədi”.
Politoloqun fikrincə, Paşinyan artıq Rusiya ilə bağlı siyasətinin faydasız olduğunun fərqindədir:
"Yəni bu hadisələrin fonunda hiss olunur ki, artıq Paşinyan başa düşüb ki, onun bu cəhdləri nəticə vermir və verməyəcək. Çünki Rusiya ona müxalif olan qüvvələri, Qarabağ klanına aid insanları dəstəkləyir. Bu baxımdan Paşinyan yeganə ümidi Qərbdir”.
Ekspert həmçinin Paşinyanın Ermənistanın xarici ölkələrdəki səfirlərini bir araya toplayaraq qapalı iclas keçirməsinin təəccüblü olmadığını da bildirib:
"Burada təəccüblü bir şey yoxdur. Çünki səfirlərin əksəriyyəti Paşinyan tərəfindən təyin olunmayıb. Hesab edirəm ki, burada siyasi məqsəd ondan ibarətdir ki, Paşinyan tərəfdarlarının siyahısını və coğrafiyasını daha da genişləndirmək istəyir”.
Qeyd edək ki, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan və Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdədir. Bu gün isə Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a gedəcəyi gözlənilir.
Bundan əlavə, Ermənistanın Müdafiə naziri David Tonoyan ötən gün ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə görüşərək Ermənistan-ABŞ arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib, Paşinyan isə bütün səfirləri toplayaraq, qapalı iclas keçirib.