Şəfəqə Doğru » Manşet » SAATLININ “BOZ KARDİNALI” – RAMİZ MEHDİYEVƏ II MƏKTUB

SAATLININ “BOZ KARDİNALI” – RAMİZ MEHDİYEVƏ II MƏKTUB

SAATLININ “BOZ KARDİNALI” – RAMİZ MEHDİYEVƏ II MƏKTUB
Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə məktub

Shafaqadogru.com  AzToday.az-a istinadən xəbər verir ki, Saatlı rayonunda köynəkdə doğulmuş, ağ at belində hakimiyyətə gəlmiş, çox rəhbərlərin başını yeyib axırına çıxmış əsas məmurlardan biri YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyevdir. Onun belə bir dəyərli siyasi təşkilata necə rəhbər təyib edilməsi çox müəmmalıdır! Çünki Lütvəli Şıxəliyev 1990-cı ilin 20 yanvar faciəsinin fövqündə hakimiyyətə gəlmiş və Azərbaycan KPMK-nın I katibi təyin edilmiş Ayaz Mütəllibovu cani-dildən müdafiə edənlərdən olmuşdur. Saatlının əksər insanları, xüsusi ilə o dövrdəki AXC-çilər (bu günkü dillə desək Azadlıq Hərəkatının üzvləri Ə.Q) onun bu illərdəki manevrlərini yaxşı xatırlayırlar. Elə həmin dövrdə də bugünkü kimi hansı məshəbə qulluq etdiyi bilinməyən Lütvəli müəllim Ayaz Mütəllibovu müdafiə edən Heydər Əliyevin əleyhinə edilmiş bir çox çıxışların və yazıların müəllifi olmuşdur. Heydər Əliyev Moskvadan Nazirlər Kabinetindən işdən ədalətsizcəsinə çıxarılandan sonra Azərbaycana gəlmək istərkən Bakının göstərişi ilə bu kompaniyaya ən fəal qoşulan saatlılı Lütvəli Şıxəliyev olmuşdur. Bakıya- MK-nə Heydər Əliyevin Bakıya buraxılması üçün vurulan teleqramların əksər hissəsi onun tərəfindən təşkil edilmiş, rayonun "Dönüş” qəzetində onun çıxışları olmuşdur. Onun həmin dövrdə Bakıya buraxılamayan Heydər Əliyevin portretini təpiklə vuraraq hörmətsiz ifadələr işlətməsi də, unudulmayıb. Rəsul Quluyevin Azərbaycan Demokrat Partiyasının üzvü olarkən də bu rəhbərlik etdiyi partiyanın yaradıcısı əlehinə çox böyük təbliğat apardığı da hamıya məlumdur. Babalı danışanlarrın boynuna 1992-ci ilin aprelində səhər üzü "Dönüş” qəzetinin redaksiyasının yandırılmasında da L.Şıxəliyevin barmağının olduğu qeyd olunur. Həmin dövrdə H. Əliyev hakimiyyətə qayıtmağa çox yaxın idi, siyasi manevr edib yaxın keçmişin izlərini silmək L.Şıxəliyev üçün çox vacib idi. Çox maraqlıdır ki, o illərin "Dönüş” qəzetinin nüsxələri hətta M.F.Axundov adına Respublika Kitabxanasından da yoxa çıxıb.
1993-cü ilin avqustunda Saatlı rayonuna icra hakimiyyəti başçısı təyin olunan Gülhüseyn Əhmədovun uzun illik hakimiyyəti dövründə Lütvəli karyerasında dönüş edə bildi. G.Əhmədovun atası həmişə hörmət və rəhmətlə yad etdiyim, mərhum Ələhməd Əhmədovun H.Əliyev ailəsinə yaxınlığından istifadə etməyi, siyasi biliklərdə o qədər də məharətli olmayan başçının qılığına girməyi bacaran L.Şıxəliyev qəflətən Saatlının "Ağ atlı oğlanı”na çevrildi. YAP Saatlı rayon şöbəsinin yaradıcılar, ağır dövrdə H.Əliyevi dəstəkləyib sinəsini Ayaz Mütəllibov qorxusu və hədəsinə qarşı sipər edən ziyalılar bir-bir L.Şıxəliyev tərəfindən vurularaq sıradan çıxarıldı. 1994-cü ildən başlayaraq L.Şıxəliyev Saatlıda hakimi-mütləq oldu. İllər sonar sabiq icra başçısı; "onlara verdiyim "çörək” burunlarından gəlsin ", -deyəndə burnundan "çörək” töküləsi məmurlardan birincisi Lütvəli Şıxəliyev olacaqdır!
YAP Saatlı rayon şöbəsinin sədri Lütvəli Şıxəliyev bu gün rayonda ilk baxışda o qədər də aktiv olmayan, əksər məsələlərdə ya barışdırıcı, ya da birtərəf mövqe tutan siyasi rəhbər təsiri bağışlayır. Üzü həmişə təbəssümlüdür, heç vaxt heç kəsin xətrinə dəymir, tərifləməyi çox xoşlayır, problemli məsələ olan kimi baş barmağını başçıya tərəf tuşlayır. Yəni, mən kiməm ki, hamısı onluqdur. Lakin bu onun görünən tərəfidir. Əslində Saatlıda heç bir məsələ onun rəyi olmadan həll olunmur. Amma çox təəssüflər olsun ki, siyasi rəhbər çox vaxt yaxşı rəy verməyi sevmir.
Kimin barəsində və nə vaxt yaxşı rəy verməyi isə çox yaxşı bacarır. Məsələn, Saatlı şəhər sakini Mehdiyev Mansur Balaxan oğlu "Azərmətbuatyayım” rayon şöbəsinin rəisi vəzifəsinə təyin ediləndə L.Şıxəliyev bu isə "hə” demək üçün az qala təkcə əllərini yox, ayaqlarını da yuxarı qaldıracaqdı. Deyəcəksiz ki, bu nə işdir ki, Lütvəli bu təyinata rəy versin! Bilmirsiz?!
Birincisi, "Azərmətbuatyayım” rayon şöbəsi dövlət statuslu qəzetlərin və yerli qəzetin abunə pullarının mənimsənilməsi üçün ən yaxşı vasitədir. Qəzet rəhbərləri bilmir ki, nə qədər abunə yığılıb, abunə olan təşkilatlar da pulun hara getdiyindən xəbərsizdirlər. Şah-şup məsələsi! Digər tərəfdən bapbalaca idarənin damxası həmişə ruzilidir! Daha digər tərəfdən Mansur Mehdiyevin qardaşı Ərəstun Mehtiyev Preziden Aparatında işləyir, özü də Prezidentin içtimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun yanında! Daha Lütvəli Şıxəliyevə nə lazımdır ki, kim ona "gözün üstə qaşın var,” -deyə bilər.
Rayonumuzdan hər gün rayon rəhbərliyindən (xüsusi ilə icra başçısı S.Cabbarovdan ) yuxarı instansiyalar onlarla şikayət məktubu gedir. Bir neçə dəfə Prezidentin İcra Aparatının hesabatında şikayət məktubunun "bolluğuna” görə Saatlı rayonunun adının birincilər sırasında olduğu vurğulanmışdır. Mənim bu şikayətlərin mahiyyəti ilə işim yoxdur. Bu şikayətlərdə icra başçısından tutmuş, başçının müavinlərinin, şöbə müdürlərin, xidmət təşkilatlarının rəhbərlərinin adları vardır. Olduqca maraqlıdı ki, bu şikayətlərin demək olar ki, heç birində rayonda əsas simalardan birincisi olan L.Şıxəliyevin adı çəkilmir. Bəlkə də bu ona görədir ki, o bu "yazarları” başında dayanmağı bacarır. Büdcə təşkilatlarına L.Şıxəliyevin təzyiqlə təyin etdirdiyi "ölü can”ların sayı bir deyil, beş deyil! Hər "demaqoqun” cibində bir təşkilatın əmək haqqı kartı var, hansı axmaq "yazar” ona belə ənam verən məmurdan yazar?! Məsələn, L.Şıxəliyev qondarma jurnalist İlham Süleymanovun "çörək ağacı”dır. Jurnalist araşdırmaları mərkəzində Saatlıdan nə dərc olunursa, orad Lütvəli müəllimin xeyi-duası var!
Son vaxtlar Lütvəli müəllimin xalası oğlu İlqar Nuxuşov rayonun icra başçısı S.Cabbarovdan və onun birinci müvini İ.Quluyevdən şikayət etmədiyi yer yoxdur. Tələbi də budur ki, rayon Təhsil Şöbəsinin baş mühasibi işləyərkən birinci müavin ondan 200 min manat pul alıb, onu qaytarsın. Mən bu məsələyə şərh verə bilmərəm, amma onu şərh edə bilərəm ki, necə olur ki, rayonun siyasi rəhbərlərinin xalası oğlundan belə böyük məbləğdə rüşvət alınır və siyasi rəhbər bu məsələyə müdxilə etmir?! Necə olur ki, "evlər yıxıb”, "evlər tikən” Lütvəli Şıxəliyevin xalası oğlu ilə çiyin yoldaşlarının problemini çözə bilmir. Heç nə yox, tərəf saxlamadan şərəfli bir hakim partiyanın yerli rəhbəri kimi haqqa fətva vermir?! Axı nə vaxta kimi buqələmun kimi yaşayıb baş girələmək olar?! Bu əməllər hörmətli Prezidentimizə çatarsa , (çox ümüd edirəm ki, hörmətli Ramiz Mehdiyev bütün qeyd olunanları cənab Prezidentə çatdıracaqdır – Ə.Q) bunların aqibəti necə olacaqdır?!
Əlbəttə, bütün bu yazılanlar Saatlıda baş vermişlərin və verənlərin kiçik hissəsidir! Sizi ümidvar edirəm ki, hələ çox şeylər eşidib, inanılmaz həqiqətlər barəsində çox şeylər oxuyacaqsınız.
(Ardı var)
Əliağa Qurabanov
Saatlı rayon Veteranlar Təşkilatının
sədri, Qarabağ müharibəsi veteranı ,
Azərbaycan jurnalistlər birliyinin üzvi
Müəllifin yazdığı birinci məktubu buradan oxuya bilərsiz: "Mərkəzi bombalanmış, əhalisi didərgin düşmüş Suriya əyaləti…” – Ramiz Mehdiyevə ŞOK məktub