"Mənim adım Həcərdi! Mən Yeni İlin, Novruz bayramının nə olduğunu bilmirəm. Mən heç vaxt karuseldə əylənməmişəm. Heç vaxt tort yeməmişəm. Mənim anam 7 aydı ki, yaralıdı, ayağı neçə yerdən dəmirlə deşilib. Hər gün mən onun göz yaşlarını silirəm. Fəryadını eşidirəm. Hər gecə ayağının ağrısından dişlərini bərk-bərk sıxır. Mən onu görürəm, amma heç nə edə bilmirəm!!!
Anam Camalova Samirə, 82 il təvəllüdlü, məni bağrına basır və sakitləşdirməyə çalışır! Hər gün anam deyir: "Qızım, sən azərbaycanlısan! Azərbaycan səni tək qoymayacaq! Səni mütləq aparacaq! Sən də ad günü görəcəksən! Tort yeyib, şam yandıracaqsan! Sən də Yeni İl, Novruz bayramını Azərbaycanda, nənənin yanında görəcəksən! Azərbaycan səni belə qoymayacaq! Azərbaycan, mənə əl uzat!!! Mənim günahım yoxdu!!!”
Hə, bu Həcərdi. Suriyanın şimal-şərqində, Hakasa şəhərindən 170 kilometr aralıda yerləşən "Əl-Hol” əsir düşərgəsindən yazır. O əsir düşərgəsindən ki, orda 70 min qadın, uşaq saxlanılır. Hə, kişilər də var. Amma onların sayı çox azdır. Çünki çoxu qırılıb. İŞİD-in, "Əl- Nüsra”nin tərkibində… Guya cihad edirmişlər.
İndi onların arvadları, uşaqları elə həmin İŞİD və "Əl-Nüsra”dən az qorxulu olmayan terrorçu PKK-nın əlində, əsirliyində.
"Əl-Hol” da 335-i uşaq olmaqla, 600-dən çox azərbaycanlı da saxlanılır. Böyük əksəriyyətinin ərləri ya öldürülüb, ya da edam edilib.
Onlar gündə bir ovuc unla, iki-üç ədəd kiflənmiş kartofla qidalanır. Çoxu xəstədir.
"İndi Hakasaya yağış yağır. Demək olar ki, ara vermir. Düşərgədəki çadırlar isə su saxlamır. Orada yaşayan uşaqlar demək olar ki, su içində yatıb dururlar”. Bunu Suriyadakı mənbə deyir, bizə.
Və onu da deyir ki, Hakasa və "Əl-Hol” ətrafı həddindən artıq təhlükəli yerdir. Bura PKK-nın və qismən də İŞİD-in əlindədir. Bir sözlə, nəzarətsiz bir ərazi. Həmin düşərgədə isə insanla insan kimi davranılmır. Kimi istəsələr, qul kimi satarlar. Uşaqlı-böyüklü. Orda həkim, tibb bacısı deyilən anlayış yoxdur. Ağ xalatlı adamlar var. Və sadəcə məsləhət verərlər. Heç bir dərman, tibbi müayinə deyilən anlayış da yoxdur.
Bunu isə elə həmin düşərgədən, "Əl-Hol”dan yazırlar:
"1982-ci il təvəllüdlü Məmmədova Nina İqorevna uzun sürən ağır xəstəlikdən sonra 09.11.2019–cu ildə "Al-Hol” əsir düşərgəsində dünyasını dəyişdi. Anasıyla vidalaşmaq və onu son mənzilə yola salmaq üçün 7 yaşındakı oğlunu çağırdılar. Anası can verən günlərdə başının üstündən bir anda çəkilməyən, bəlkə də onun ölümündə özünü günahkar bilən, kömək edə bilməkdə aciz olduğunu dərk edən oğlu "Bağışla məni, ana, bağışla”, deyərək hönkürürdü. Bu, təkcə onun yox, Suriyanın əsir düşərgəsində aclıq, xəstəlik, mənəvi, psixoloji, fiziki təzyiqlərə məruz qalan, körpə yaşlarında həyatla mübarizə aparmağa məhkum olunan günahsız Azərbaycan balaların hönkürtüsü idi.
Məmmədova Nina İqorevnanın 2 azyaşlı övladı yetim qaldı”.
Hə, həmin o iki uşağı bundan sonra hansı fəlakət və işgəncələr gözləyir… adam təsəvvür belə etmək istəmir.
***
Əl-Baquzədəki mövqelərini itirdikdən sonra 40 mindən çox İŞİD döyüşçüsünün ailəsi əsir götürüldü. Amma əsir götürülənlər arasında 100-ə yaxın terrorçu da vardı. Onları nəzarətsiz buraxmamaqdan ötrü "Əl-Hol” həbs düşərgəsi yaradıldı. Düşərgədə yaşayanların 11 min nəfəri isə keçmiş sovet ölkələrindən olanlardır.
Aclıq və səfalətin hökm sürdüyü "Əl-Hol”da ən ağır durumda olanlar gənc analar və 14 yaşdan böyük qız uşaqlarıdır. Onlar hər an zorlamaya, təcavüzə məruz qala bilərlər. Yaşı 14-ü ötmüş oğlan uşaqların isə bəzən əlillərinə avtomat verib, kamikadze kimi istifadə edirlər.
Daha ağır vəziyyətdə olanlar isə hər iki valideynini itirmiş uşaqlardır.
"Əl-Hol”dan daha bir həyəcanlı çağırış:
"Mənim adım Zemfiradı. Nənəm Firuzə, sevərək adımı belə qoydu! Gözümü acıb gördüm ki, artıq anam yox, atam yox! Müharibə dəhşətinin içindəyəm! Canımı qorxu bürüdü. Adım belə yadımdan çıxdı!!! Yaşımı, doğma dilimi unutdum!!! Sonradan Suriyanın "Əl- Hol” düşərgəsinin yetim evinin əsiri oldum! Burda adımı Sara qoydular! Məni itirməyin!!! Mən azərbaycanlıyam”.
Əldə etdiyimiz məlumata, hazırda "Əl-Hol”da yaşayan 84 azərbaycanlı ailənin siyahısı dəqiqləşib. Onların heç birinin ailə başçısı yoxdur. Söhbət yalnız qadın və uşaqlardan gedir.
Həm də o uşaqlardan ki, çoxu körpəykən xəstəlikdən tələf olur. Fotoda gördüyünüz bu uşaq kimi.
Cəmi 1 il 8 ay yaşayıb. Atası və anası ölübmüş. Düşərgədəki yetimlər evində qalırmış. Bir neçə gün əvvəl böyrək çatışmazlığından dünyasını dəyişib.
Bu qızcığazın 3 yaşı var! O da ata-anasını itirib. Hazırda yetimlər evindədir. Mənbəmizin məlumatına görə, körpə uşaqların çoxu ata-analarının (elə özlərinin də) adlarını bilmədiyindən çox vaxt onları yeni adlar qoyulur. Bəzən isə ümumilikdə, "əl-Azərbaycani” deyə çağırırlar.
Bütün bunları dinləməyə, eşitməyə isə dəmir əsəb lazımdı:
"Mənim gözlərim qorxu ilə doludu, ürəyim inamsızlıqla, mən ağlamağa belə qorxuram! Qulağımda hələ də partlayış səsləri! Bacı-qardaşlarımın fəryadı! Mən acam! Göz yummayın! Bizə kömək edin!!!!
Bu körpənin gözlərinə baxın. Diqqətlə baxın.
Lütfən, heç olmasa, iki dəqiqə gözünüzü o məsum baxışlardan ayırmayın. Ayırandan sonra… Hə, ondan sonra göz yaşı da axıtmayın. Heç bir göz yaşı, heç nə əvəz edə bilməz o baxışları. "Əl-Hol”da, ümidsiz halda kömək gözləyən bu mələyi necə xilas etməli? – bax, dərd budur!
Bu uşaq isə bu yaxınlara qədər Suraxanı rayonundakı orta məktəblərdən birinin şagirdiydi. Həm də əlaçı! O, bir daha o məktəbin həyətinə ayaq basmayacaq. Onun həyatı az əvvəl ellə həmin "Əl-Hol”da qırıldı…
***
Bu cəhənnəm vadisində analar minanı konserv bilib açır, partlayıb ölürlər. Uşaqlar soyuqdan titrəyə-titrəyə canlarını tapşırırlar. Onlar bizim uşaqlardı… Onları xilas etməliyik!
Səbuhi Sədəf, Lent.az